14:11 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

10 Dekabr Ümumdünya İnsan Hüquqları Günüdür.

10 dekabr 1948-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul etmişdir. Həmin tarixdən etibarən hər il dekabrın 10-u bütün dünyada "İnsan Hüquqları Günü" kimi qeyd olunur.



Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Ona görə də insan hüquq və azadlıqların təminatı hər bir dövlətin ali məqsədini təşkil etməklə, beynəlxalq aləmdə onun demokratik inkişaf səviyyəsini, eyni zamanda millətlərin sivil xarakterini müəyyən edir.
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı islahatlar, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklər müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev 15 iyun 1993-cü il tarixdə hakimiyyətə qayıdışındān sonra ölkəmizdə qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri olduğunu elan etmiş, bu ali məqsədin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ümumbəşəri dəyərlər, demokratik ənənələr əsasında həyata keçirilmiş hüquq islahatları Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə və səmərəli müdafiəsinə yönəlmiş müasir hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qanunun aliliyinin təmin olunmasını, insan hüquqları və azadlıqlarının müdafiəsini strateji prioritet kimi müəyyənləşdirən ulu öndər demişdir: "İnsān hüquq və āzādlıqlārının müdāfiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan azadlıqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur".
12 noyabr 1995-ci il tarixdə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olunması ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermişdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının bəyan olunma dərəcəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası 1948-ci il tarixli "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi", 1950-ci il tarixli "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası, 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Pakt, 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt, həmçinin onun 1966-cı il tarixli Fakültativ Protokolu və insan hüquqları sahəsində qəbul olunmuş digər beynəlxalq sənədlər də daxil olmaqla, beynəlxalq hüquq standartlarının bütün tələblərinə cavab verir.
Konstitusiyanın qəbulundan sonra cəmiyyətin bütün sahələrini əhatə edən köklü dəyişikliklər prosesi çərçivəsində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş çox mühüm qanunlar və normativ hüquqi aktlar qəbul edilmişdir. İctimai münasibətlərin inkişaf tempi, cəmiyyətin dinamik tərəqqisi ilə bağlı olaraq dövlət idarəetmə sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə real şərait yaratmışdır.
Şərqdə ilk dəfə olaraq, ölüm cəzasının Azərbaycanda ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini, demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyini təsdiqləyərək ulu öndərimizin bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 22 fevral 1998-ci il tarixli Fərman ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətini və konsepsiyasını dəqiq müəyyənləşdirməklə insan hüquqlarının davamlı inkişafını təmin etmişdir. Müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görən ümummilli liderin 18 iyun 1998-ci il tarixli Sərəncam ilə təsdiq edilmiş və insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" ölkəmizdə qanunvericilik və institusional islahatlara təkan vermiş, insan hüquqlarının müdafiəsi sahəsində hüquqi mexanizmlər təkmilləşdirilmişdir.
1996-2000-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulan Azərbaycan Respublikası 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və demokratik ənənələrə, ədalətə, insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, ölkəmizdə konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətini və onun strateji inkişaf konsepsiyasını hərtərəfli reallaşdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.
Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət etmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkə başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası çərçivəsində Azərbaycan Respubliksının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində tədbirlərin davamlılığı təmin edilmişdir.
"Hər bir ölkə yalnız sabitlik, təhlükəsizlik və sülh şəraitində çətinlikləri aradan qaldıra və inkişaf edə bilər. Azərbaycanın nümunəsi bir daha bunu əyani şəkildə təsdiq edir", - deyən ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. Ölkə başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımışdır.
Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır. Bütün bunlara baxmayaraq, işğalçı Ermənistan cəzasızlıq şəraitində daha da irəli gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyir, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atırdı. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəş açmış, nəticədə mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli Ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da tarixi qələbə qazanmış, bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur.
Sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərinə sadiq olan Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə, həm də öz doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarının hüquq və azadlıqlarının kütləvi surətdə pozulmasının qarşısını alaraq onların konstitusion hüquqlarının-yaşamaq, o cümlədən təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq, mülkiyyət və digər fundamental hüquq və azadlıqlarının bərpası üçün real zəmin yaratmışdır.
Muxtar respublikada sosial-iqtisadi və demoqrafik inkişafa uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsi məqsədilə ölkə başçımız İlham Əliyev tərəfindən 2 noyabr 2006-cı il tarixdə "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" Fərman imzalanmışdır. Fərmanın qəbulundan ötən dövr ərzində muxtar respublikamızda insan hüquqlarının müdafiəsi mexanizmlərinin fəaliyyət dairəsi daha da genişlənmiş, məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikamızda hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsi təmin edilmiş, vətəndaşların hüquq institutlarına inamı artırılmış, onların müraciət etmək imkanları asanlaşdırılmışdır.
Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur. Belə ki, 2006-cı ildə insan hüquqlarının müdafiəsi üzrə orqanlar sistemində yeni və müstəqil məhkəmədənkənar alternativ hüquq müdafiə vasitəsi olan Müvəkkil təsisatı yaradılmışdır. Ötən dövrdə təsisatın fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılmış, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra dəyişikliklər edilmişdir. Həyata keçirilən bu tədbirlər muxtar respublikada insan hüquqlarının müdafiəsi istiqamətində mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsini, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsini təmin etmişdir.
Muxtar respublikada Müvəkkil təsisatı bu gün fəaliyyətini preventiv mexanizm funksiyalarının icrası, insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması, beynəlxalq təcrübə mübadiləsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində quraraq davam etdirir.
Muxtar respublikada ölkə Konstitusiyasında təsbit edilən fundamental hüquq və azadlıqlar, həmçinin əhalinin müxtəlif sosial qruplarının hüquqlarının daha səmərəli təmin olunması və müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının-qadınların, gənclərin, ahıl vətəndaşların, müharibə veteranlarının, şəhid ailələrinin və məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması və həyat səviyyəsinin yüksəldilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr yeni iş yerlərinin açılması ilə yanaşı, sosial cəhətdən həssas əhali qruplarının məşğulluqda iştirak payını da yüksəltmiş, onlar özünüməşğulluq proqramlarına cəlb olunmuşdur. Bu tədbirlərin davamlı xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın mühüm əhəmiyyəti vardır. Dövlət Proqramının məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsi, əmək bazarında real vəziyyətin təhlil edilməsi və tələbata uyğun kadr hazırlığının aparılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsidir. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası və həyata keçirilən mühüm layihələr muxtar respublikanın yeni sosial-iqtisadi inkişafına uyğun olaraq əhalinin, xüsusən də gənclərin və qadınların məşğulluğunun artırılmasına, onların maddi-rifah halının daha da yüksəldilməsinə, aztəminatlı təbəqənin aktiv əməyə cəlb edilməsinə və özünüməşğulluğun təmin edilməsinə əlverişli zəmin yaradır.
Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqlara qayğı məqsədyönlü və humanist siyasətin tərkib hissəsidir. Həssas qrupa aid olan uşaqların hüquqlarının təmin olunması və reabilitasiyasına mühüm sosial vəzifə olaraq yanaşılan muxtar diyarımızda sağlam mühitin formalaşdırılması onların cəmiyyətə inteqrasiyası və sosial statuslarının bərpa olunması baxımından olduqca əhəmiyyətlidir. Ötən dövrdə muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası, məşğulluq imkanlarının və peşə hazırlığının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, onlara göstərilən sosial, tibbi və defaktoloji xidmətlərin, inklüziv təhsilin keyfiyyətinin daha da artırılması istiqamətində qəbul edilmiş dövlət proqramlarının icrasına uyğun olaraq həyata keçirilən tədbirlər məhdud fiziki imkanlı uşaqların özlərini cəmiyyətdən təcrid etməsinin qarşısını almış və onların hərtərəfli inkişafında mühüm rol oynamışdır. Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı"nın məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsilə və cəmiyyətə inteqrasiyası, inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant təhsil proqramlarının təkmilləşdirilməsi və onların sosial reabilitasiyasının təmin olunmasıdır. Dövlət Proqramının icrası çərçivəsində ümumtəhsil müəssisələrində fiziki imkanları məhdud uşaqların inklüziv tədrisə cəlbi və məktəb mühitinə uyğunlaşması məqsədilə onların tədrisdə iştirakına şərait yaradılmış, öz potensiallarından hərtərəfli istifadə etmək üçün bacarıq, imkan və maraqları nəzərə alınmaq¬la peşə kurslarına, innovativ dərnəklərə cəlb olunmuşlar. Həyata keçirilən tədbirlərin kompleks xarakter alması isə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyasını daha da sürətləndirir.
Ahıl vətəndaşların sosial vəziyyətlərinin yaxşılaşdırılması muxtar respublikada daim diqqət mərkəzində saxlanılan sahələrdəndir. Muxtar diyarımızın sosial-iqtisadi inkişafının təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlılığını təmin etmişdir. Hazırda ahıl vətəndaşlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, müxtəlif növ xidmətlərin göstərilməsi, sağlamlıqlarının qorunması və tibbi reabilitasiyası həyata keçirilir, muxtar respublikada ahıl vətəndaşların sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində davamlı inkişafı təmin edilir.
Muxtar respublikada müharibə əlillərinin, veteranların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının daha da yaxşılaşdırılması sahəsində genişmiqyaslı və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və hərtərəfli dövlət qayğısı göstərilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları yüksək səviyyədə həyata keçirilir. Cəmiyyətimizin bu həssas kateqoriyadan olan insanları müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə onlar mənzil və avtomobillərlə təmin olunurlar. Həyata keçirilən bu tədbirlər Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz ifadəsidir.
Ümummilli liderin irsinin, ənənələrinin qorunub yaşadıldığı muxtar respublikamızda həyata keçirilən dövlət qadın siyasəti qadınların hüquqlarının etibarlı müdafiəsini təmin etməklə cəmiyyətdə mövqelərini daha da möhkəmləndirir, qadınlar ictimai-siyasi və sosial-mədəni həyatda fəallıqları ilə seçilirlər. Muxtar respublikada qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması, kredit resurslarından, bazar və müxtəlif imkanlardan istifadəsi, qadınların iqtisadi təşəbbüskarlığının artması, mikro, kiçik və orta biznesdə geniş təmsil olunması, məşğulluğun təmin edilməsi, öz gəlirləri ilə ailə büdcəsinə dəstək olması və onların müvafiq peşə kurslarına cəlb olunması üçün geniş dövlət dəstəyi göstərilir, fərdi qabiliyyətləri və maraqlarına uyğun fəaliyyət mühiti yaradılır, istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışları, müxtəlif yaradıcılıq müsabiqələri təşkil edilir. Həyata keçirilən kompleks tədbirlər qadın sahibkarlığın inkişafını, qadınların öz potensiallarının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artırır, onların qabiliyyət və bacarıqlarının aşkar edilməsində, asudə vaxtlarının səmərəli təşkilində, rifah halının yüksəldilməsində, milli dəyərlərin təbliğində mühüm əhəmiyyət kəsb etməklə həm də gələcək fəaliyyət üçün böyük stimul verir.
Bu gün Naxçıvan Muxtar Respublikasında gənclərə yüksək diqqət və qayğı göstərilir, məqsədyönlü şəkildə davam etdirilən dövlət gənclər siyasəti diyarımızda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakını günün reallığına çevirir. Mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayan gəncliyə və gənclərə etimad artıq öz təsdiqini tapmaqdadır. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, intellektual səviyyəsi və dünyagörüşünün artırılması məqsədilə müəyyənləşdirilmiş düzgün iş strategiyasının yerinə yetirilməsi nəticəsində hər bir muxtar respublika gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, irimiqyaslı layihələrin icrasında, idarəetmədə, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri kimi gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi, sosial-iqtisadi problemlərinin həlli, xüsusilə də mənzil şəraitinin yaxşılaşdırılması bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. Görülən işlər qədim diyarımızın milli dəyərlər, vətənpərvərlik ruhunda, zəngin ənənələr üzərində yetişib formalaşan, müasir dünyagörüşünə və fərqli potensiala malik gənclərinə dövlətin göstərdiyi diqqət və qayğısının bariz ifadəsidir.
Muxtar respublikada azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, əmək hüquqlarının təmin edilməsi, cəmiyyətə adaptasiyası və müxtəlif peşə vərdişlərinə yiyələnməsi daim diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin nəzdindəki yaradıcılıq və istehsalat sahələrində məhkumlar müxtəlif peşələr üzrə kurslara cəlb edilir, onların əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilir, azadlığa buraxıldıqdan sonra sosial adaptasiyası və özünüməşğulluğun təmin edilməsinə geniş imkanlar yaradılır. Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların barəsində humanist cəza siyasətinə əsaslanan tədbirlərin uğurla davam etdirilməsi onların islah edilmə prosesinin sürətlənməsini, normal sosial faydalı həyata adaptasiya olunmasını və bu sosial qrupdan olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.
Ötən dövrdə muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi uğurla davam etdirilmişdir. Belə ki, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində innovativ metodların tətbiqi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı bütün zəruri tədbirlərin reallaşdırılması təmin olunmuş, miqrantların qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısı alınmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrantların Saxlanılması Mərkəzində saxlanılan miqrantların hüquqlarının qorunması muxtar respublikada miqrasiya sahəsində dövlət siyasətinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinin bariz nümunəsidir.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində innovativ yeniliklərin geniş tətbiqi, informasiya-kommunikasiya texnologiyalarından düzgün və təhlükəsiz istifadə, dövlət orqanlarının internet informasiya ehtiyatlarının formalaşdırılması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulması, jurnalist peşəkarlığının yüksəldilməsi, azad mətbuatın fəaliyyət göstərməsi, keyfiyyətli və sürətli internetə çıxış imkanlarının yaradılması, söz və fikir azadlığının təmin olunması insan hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən kompleks tədbirlər informasiyaların daha operativ əldə edilməsi ilə yanaşı, muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və müasir inkişafı haqqında təbliğat işinin aparılmasına da şərait yaradır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının qətiyyət və uğurla reallaşdırıldığı muxtar respublikamızın yüksələn iqtisadi inkişafı, hər bir sosial qrupa ünvanlanmış sosial-iqtisadi layihələrin ardıcıl və uğurla həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, etibarlı müdafiəsinə və davamlı inkişafına öz töhfəsini verməkdədir. Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında müstəqil hüquq müdafiə mexanizmi kimi fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən insan hüquq və azadlıqlarının etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
10.12.2022













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).