22:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.



Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Psixi Xəstəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Təhminə Ələkbərova, Samir Tarverdiyev, Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov və Dispanserin işçi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Səbuhi İbrahimov açaraq tibb işçilərinin hüquqi maarifləndirilməsində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə həyata keçirilmiş tədbirlərin rolundan danışıb.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Təhminə Ələkbərova "Şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması və bu sahədə milli qanunvericiliyin tələbləri" mövzusunda çıxış edərək psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunmasının Azərbaycan Respublikasının əsas prioritetlərindən biri olduğunu qeyd edib.
Vurğulanıb ki, psixi pozuntu vəziyyətində olan şəxslərin psixiatriya yardımı almaq hüququ birbaşa olaraq "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanun ölkəmizdə psixiatriya yardımının göstərilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
"Qanunvericiliyə əsasən psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxs həkim-psixiatr komissiyasının rəyi və ya hospitallaşdırma müddətinin uzadılmasından imtina edilməsi barədə məhkəmə qətnaməsi əsasında psixiatriya stasionarından çıxarılır" deyə çıxış edən Ombudsmanın əməkdaşı bildirib ki, psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
14.12.2022














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).