9:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Uşaqlarla ünsiyyət hüququ" mövzusunda tədbir keçirilib.


Fevralın 10-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Uşaqlarla ünsiyyət hüququ" mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşları Asiman Abbasov, Təhminə Ələkbərova, Elməddin Tahirov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının əməkdaşları və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ədliyyə Nazirliyinin şöbə rəisi Emin Kazımov və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verərək bildiriblər ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması istiqamətində yürüdülən dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.


Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Təhminə Ələkbərovanın "Uşaq mənafelərinin qorunmasında ünsiyyət hüququ", Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Rəşad Allahverdiyevin "Uşaqlarla ünsiyyət hüququnun icra vəziyyəti", Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elton Həziyevin "Uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər", Naxçıvan Şəhər İcra Hakimiyyətinin qəyyumluq və himayə orqanının əməkdaşı Səfər Vəliyevin "Uşaqlar üzərində qəyyumluq və himayə: Qəyyumluqda (himayədə) olan uşaqların hüquqları" mövzusunda çıxışları dinlənilib.
Qeyd olunub ki, bu sahəyə dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və qarşısının alınmasıdır.
Diqqətə çatdırılıb ki, uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Valideyn-uşaq münasibətlərinin, eləcə də uşaqla ünsiyyətin qurulmasının uşağın həyatının bütün sahələrinə - psixi sağlamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasına təsir göstərməsi hallarını nəzərə alaraq hər bir valideyn üzərinə qanunla qoyulmuş vəzifələrin məsuliyyətini anlamalı və uşaqların qanuni mənafelərini üstün tutmalıdır.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və valideynləri maraqlandıran suallar cavablandırılıb.
10.02.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).