16:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyət hüququ.

"Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət,
uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir."
Ümummilli lider Heydər Əliyev


Təcrübədə tez-tez qarşılaşdığımız əsas məsələlərdən biri də valideynlərin və digər qohumların uşaqlarla ünsiyyət hüququnun pozulmasıdır. Bir sıra hallarda məhkəmə qərarlarının icrası zamanı valideynlərdən birinin ucbatından digər valideynlə və qohumlarla uşaqların ünsiyyət hüququ pozulur.
Bəs bu məsələ qanunvericilikdə necə tənzimlənir? Ümumiyyətlə, qeyd olunan şəxslərin uşaqla ünsiyyət hüququ ilə bağlı nələr nəzərə alınmalıdır?
Qeyd etmək lazımdır ki, qanunvericiliyə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmçinin uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.
Uşaqların cəmiyyətdə və ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Azərbaycan Respublikasının ali hüquqi qüvvəyə malik Konstitusiyasının 17-ci maddəsində də qeyd olunur ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları və məhkəmə tərəfindən həyata keçirilir.
Uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşağın valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ uşağın hərtərəfli tərbiyəsi və formalaşması baxımından olduqca önəmlidir. Atanın və ya ananın uşaqla ünsiyyət hüququndan məhrum edilməsi, eyni zamanda uşağı da onlarla ünsiyyətdə olmaqdan məhrum edir. Ona görə də uşaqların hüquqları ilə bağlı mübahisələrdə ilk diqqət yetirilməli məsələ uşaqların mənafeyi olmalıdır.
Həmçinin uşaqlarla ünsiyyət hüququ ilə bağlı mübahisə həll edilərkən uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına təsir göstərən amillər nəzərə alınmalıdır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün qəyyumluq və himayə orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.
Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün qəyyumluq və himayə orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər.
Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında qəyyumluq və himayə orqanlarının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Bu zaman məhkəmə uşağın mənafeyindən çıxış etməli, uşağın yaşını, onun valideynlərindən hansına, başqa ailə üzvlərinə (bacı, qardaş və s.) daha çox bağlı olmasını, valideynlərin şəxsi keyfiyyətlərini, valideynlərdən hansının uşağa daha çox qayğı göstərdiyini, onlarda zərərli vərdişlərin olmamasını, uşağın tərbiyəsi və inkişafı üçün onlardan hansının daha yaxşı şərait yaratmaq imkanını və digər halları nəzərə almalıdır. Valideynlərdən birinin maddi-məişət şəraitinin üstün olması onun tələbinin təmin olunması üçün yetərli deyil.
Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndində də iştirakçı dövlətlər tərəfindən valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsi, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmaması təsbit edilmişdir.
Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında sosial xidmət müəssisələrindən məlumat almaq hüququna malikdir. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır.
Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və digər hallarda da) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.
Onu da qeyd edək ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrin olub-olmamasından və digər konkret hallardan asılı olaraq təyin edilə bilər.
Uşağın tərbiyə və təhsil alma hüququ o zaman tam gerçəkləşir ki, uşaq təkcə valideynlərinin deyil, həm də başqa qohumlarının qayğısı ilə əhatə olunsun. Elə buna görə də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62-ci maddəsində baba, nənə, qardaş, bacı və digər qohumların uşaqla ünsiyyət hüququna malik olması təsbit olunmuşdur. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə qəyyumluq və himayə orqanları valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) qəyyumluq və himayə orqanlarının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya qəyyumluq və himayə orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayə orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir.
Bütün bu halları nəzərə alaraq hər bir valideyn üzərinə qanunla qoyulmuş vəzifələrin məsuliyyətini dərk etməli və uşaqların qanuni maraq və mənafelərini hər zaman üstün tutmalıdır.
09.02.2023

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).