16:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib.


Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli" ilə bağlı görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq "Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni, vəkil marşı səslənib, konfrans iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.


Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov açaraq qonaqları, iştirakçıları salamlayıb, konfransın işində uğurlar arzulayıb. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov çıxışında Naxçıvanda vəkilliklə bağlı mövcud çatışmazlıqlara, nöqsanlara, problemlərə toxunub, onun həlli yolları ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə gələcək fəaliyyət prinsiplərindən söhbət açıb. Qeyd edib ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin rəhbərliyi ilə bu sahədə aparılan islahatlar, qəbul edilən qanunlar vəkillik peşəsinin inkişafı üçün atılan çox önəmli addımlar idi. Sədr konfransın Azərbaycanın vəkillik tarixi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Naxçıvanda vəkilliyin daha da inkişaf etməsinə, güclənməsinə çalışacaqlarını vurğulayıb. Qeyd olunub ki, bu istiqamətdə bütün lazımi işləri görüləcək. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumları da vəkillik institutunun güclənməsində maraqlıdır, bu sahədə aparılacaq islahatlara dəstək göstərdikləri aydın görünür. Təbii ki, bu hal çox müsbət qiymətləndirilməlidir.


Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimova xatirə hədiyyələri təqdim edib.


Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov çıxış edərək bildirib ki, dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olub. Sözsüz ki, bu konfrans çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin irsi və titanik fəaliyyəti, eləcə də həyata keçirdiyi çoxşaxəli islahatlar barədə ətraflı məlumat vermək mümkün deyil. Çünki bu ayrıca hərtərəfli elmi tədqiqatın mövzusudur. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalıb. Dahi şəxsiyyətin zəngin irsi bütün dövrlər üçün önəmlidir. Ulu Öndər Heydər Əliyevin əvəz olunmaz əməyi nəticəsində formalaşmış hüquqi islahatlar həyata keçirilib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hüquqi islahatlar müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edir. Ölkəmizin hərtərəfli inkişaf etməsi, insan hüquq və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaradıb.


Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini Əsgər Novruzov çıxışında qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulub, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlanılıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi islahatların aparılmasına zəmin yaradıb, demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini Konstitusiyada tapıb. Bu inkişafın əsas istiqamətlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılması məqsədi ilə həyata keçirilən məhkəmə-hüquq sisteminin islahatı olub. Bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, vahid hüquq sisteminin tərkib hissəsi kimi vəkillik institutunun da inkişafına, bu sahəyə dövlət qayğısına və dəstəyinə təkan rolu oynayıb.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva deyib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü xalqımız tərəfindən böyük ehtiram hissi ilə qeyd edilir. Ulu Öndər Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik aktları qəbul olunub, fərman və sərəncamlar imzalanıb. Beləliklə, 1995-2003-cü illər ərzində ümummilli lider Heydər Əliyev tərəfindən ümumilikdə 3104 məhkuma şamil edilməklə 32 əfv fərman və sərəncamı imzalanıb. Eyni zamanda Ulu Öndər Heydər Əliyev Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi bir ənənəyə çevirmiş və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunub və nəticədə həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşublar. Ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman institutunun yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət və vətəndaş münasibətlərdə yeni bir başlanğıcın əsasını qoyub. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatları Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da davam etdirilib. Ölkə başçısı cənab İlham Əliyev isə bu irsi qoruyub saxlayıb, ölkədə sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına nail olub.


Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini Sənan Paşayev bildirib ki, cinayət mühakimə icraatında dövlət ittihamını həyata keçirən təsisat olaraq cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi istiqamətində, habelə hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsində müdafiə institutu ilə səmərəli və işgüzar münasibətlərin inkişaf etdirilməsi zəruri məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları muxtar respublikada fəaliyyət göstərən hüquq müdafiəçiləri ilə birlikdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi naminə hər bir şəxsin tutulduğu, həbsə alındığı və cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən səmərəli istifadə etmək hüquqlarının təmin olunmasında bütün zəruri addımlar atılacaqdır. Hər kəs peşəkar vəkillərin formalaşmasında rol oynamalıdır. Prokurorluq orqanları muxtar respublikada vəkillik sahəsində həyata keçiriləcək islahatlara dəstək məqsədilə səmərəli münasibətləri davam etdirəcək. Bu istiqamətdə görüşlər olacaq, qarşılıqlı münasibətlər ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda aparılan islahatlara da öz müsbət töhfəsini verəcək.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün keçirilən konfransın praktiki hissəsi bizim üçün çox önəmli oldu. Dünən imzalanan memorandum gələcəkdə problemlərin aradan qaldırılmasında və yeni təkliflərin verilməsində vacib addımdı. Bu dəstək bizim inkişafımızı da sürətləndirəcək. Martın 9-da Naxçıvan Dövlət Universitetində təqdim olunan simulyasiya və digər proseslər praktiki əsas üçün önəm kəsb edir. Çox şadıq ki, bu gün Ulu Öndər kimi bir şəxsiyyəti yad edirik. Ulu Öndər hüquqşünaslığın qarşısında duran maneələri vaxtilə aradan qaldırıb. Dahi şəxsiyyət sovet dönəmində kadr hazırlığına böyük dəstək göstərib, müasir kadr hazırlığı görkəmli dövlət xadiminin diqqət və qayğısı ilə formalaşıb. Hüquqşunas yetişdirən müəssisələrdən biri kimi, vəkillik fəaliyyətinin təbliğində Naxçıvan Dövlət Universiteti olaraq üzərimizə düşən məsuliyyəti dərk edərək keyfiyyətli təhsilvermə baxımından ən son çağırışlara cavab verməyə çalışırıq. İnanırıq ki, birgə əməkdaşlıq proqramı gələcəkdə çox yaxşı nəticələr verəcək.
Sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 5 illik fəaliyyəti barədə hesabat filmi nümayiş olunub, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini vəzifəsini müvəqqəti icra edən Behbud Səfərov və Naxçıvan Mediasiya Təşkilatının direktoru Yusif Həsənovun çıxışları dinlənilib.
"Müstəqil Azərbaycan vəkilliyinin banisi Heydər Əliyev" mövzusunda elmi-praktik konfransa Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov yekun vuraraq tədbirin təşkilində əməyi keçənlərə, dəstək göstərən təşkilatlara təşəkkürünü bildirib, Ulu Öndərin adı ilə bağlı olan konfransın əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib, keçirilən görüşlərin təhlil olunacağını, nöqsanların aradan qaldırılması, inkişafın təmin olunması istiqamətində müvafiq işlərin görüləcəyini vurğulayıb.
"Şərq qapısı"
10.03.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).