9:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçularına qarşı işgəncə və qeyri-insani rəftar beynəlxalq cinayətdir.


Uzun illərdən bəri qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürən, işğalçılığı dövlət siyasətinin əsas prioritetinə çevirən, Azərbaycan xalqına qarşı silsilə soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələr törədən Ermənistan nümayişkaranə şəkildə beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn normalarını kobud formada pozur. Bunun bariz nümunəsi isə erməni tərəfinin əsir və girov götürülmüş şəxslərlə davranışıdır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanı bütün dünyada qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanıdan 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbənin bu münaqişəni başa çatdırmasına baxmayaraq, Ermənistan tərəfindən əsir götürülmüş hərbi qulluqçulara qarşı işgəncə və qeyri-insani rəftar beynəlxalq cinayətdir.
Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən sərhəd ərazisində istiqaməti itirərək Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusunun mediada yayımlanan video və fotolarında beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərə məruz qalması aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir.
Bu fakt Ermənistanın beynəlxalq hüquqa sayğısızlığının nümunəsi, hərbi əsirlər və girov götürülmüş şəxslərlə qəddar və qeyri-insanı davranışıdır.
"Beynəlxalq humanitar hüququn təməlini təşkil edən və 7 iyun 1993-cü ildə Ermənistanın da qoşulduğu "Hərbi əsirlərlə rəftar haqqında" III Cenevrə konvensiyasının qeyd edilən şəxslərlə dəqiq hüquqi davranış qaydalarını müəyyən etməsinə baxmayaraq, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdırlar.
Baxmayaraq ki, III Cenevrə konvensiyasının 13-cü maddəsi hərbi əsirlərin ölümünə səbəb olan və ya sağlamlığı üçün ciddi təhlükə yaradan hərəkətləri və ya hərəkətsizliyi birmənalı olaraq qadağan edir, erməni tərəfi isə əsir və girovlara qeyri-insani münasibət bəsləyərək, onları işgəncələrə məruz qoyur. Bu cür hərəkətlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu olaraq, müharibə cinayətləri kimi qiymətləndirilir və həm dövlətdaxili müstəvidə, həm də beynəlxalq səviyyədə cinayət məsuliyyətinə səbəb olur.
Erməni tərəfinin hərbi əsirlər və girovlarla davranışı Cenevrə konvensiyalarına 8 iyun 1977-ci il tarixli I saylı Əlavə Protokolun 43-cü maddəsində nəzərdə tutulmuş bütün kateqoriya müharibə cinayətlərini özündə cəmləşdirir. Təəssüf ki, hətta beynəlxalq cinayətlərə görə məsuliyyətin həyata keçirilməsində belə qlobal səviyyədə ikili standartlar hökm sürür və bunun nəticəsində Azərbaycan ərazisində soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş canilərin bəziləri hələ ki məsuliyyətdən boyun qaçırmağa müvəffəq olur. Ancaq beynəlxalq qanunları pozan cinayətkar erməni millətçiləri unutmasın ki, bir gün onlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər. Ermənistan-Azərbaycan münaqişəsinin gedişində beynəlxalq humanitar hüquq normalarını və prinsiplərini pozan ermənilərin layiq olduqları cəzalara məhkum edilmələri üçün bütün tədbirlər görüləcəkdir.
Ermənistanın məkrli siyasəti haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi: "Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar olsun ki, bu, onlar üçün dərs olmadı... Qeyd etdiyim kimi, onlar öz cəzalarını alıblar və alacaqlar" fikri Azərbaycan xalqının iradəsini və ölkəmizin qətiyyətli mövqeyini göstərməkdədir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası əsir düşmüş hərbi qulluqçular və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq normaları və milli qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirləri həyata keçirir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yaradılan Dövlət Komissiyası qeyd edilən şəxslərin Vətənə qaytarılması, əsirlikdə saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi, beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Ermənistanın qeyri-insani hərəkətlərinə dünya birliyinin, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətinin cəlb edilməsi istiqamətində bütün lazımi tədbirləri görür.

14.04.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).