11:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Günay Rzayeva "Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.


Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə "Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dahi şəxsiyyət Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Naxçıvan Muxtar Respublikası ədliyyə naziri Daşqın Rəhimov, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Süleyman Neymətov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənov, Naxçıvan Mediasiya Təşkilatının sədri Yusif Həsənov və digər şəxslərin çıxışları dinlənilib.


Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin milli müstəqilliyin qazanılması, qanunçuluğun bərpası, demokratik-hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması sahəsindəki misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına əsasən, bu il anadan olmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd edilən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının həm də hüquqi dövlətdə yaşamaq arzusunu reallaşdırmış fenomenal şəxsiyyətdir. Ümummilli Lider müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan etmiş, bu məqsədlə islahatların hüquqi bazasının yaradılması istiqamətində fəaliyyət göstərmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış edərək bildirib ki, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların əsası Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında qoyulmuşdur. Həmçinin, Ümummilli Liderin Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar sırasında yaşamaq hüququnun təmini, əfvetmə institutunun formalaşması istiqamətində atılan real addımlar, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması dövlət və vətəndaş münasibətlərində yeni başlanğıcın əasını qoymuşdur.
Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

29.04.2023














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).