16:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Naxçıvanda "Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE2)" layihəsi çərçivəsində təlimlərə start verilib.


İyunun 12-də Naxçıvanda səfərdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib. Həmin gün Səbinə Əliyeva Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatında olub, Aparat tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən fəaliyyətlə tanış olub, müvafiq sahələr üzrə tövsiyələr verib.
İyunun 13-də Naxçıvan Palace Hoteldə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE2)" layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun-İnsan Hüquqları Gününə həsr olunmuş "Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmləri" mövzusunda tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək müstəqil Azərbaycanın qurucusu, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin məhkəmə-hüquq sisteminin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə xidmət edən mütərəqqi islahatların həyata keçirilməsi sahəsində rolundan danışıb, insan hüquqları amilini öz əməli fəaliyyətində daim əsas meyar kimi rəhbər tutan Ümummilli Liderin bu sahədə qəbul etdiyi Fərman və Sərəncamlar haqqında məlumat verib. Qeyd edilib ki, Ulu Öndərin təşəbbüsü ilə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" 2001-ci il 28 dekabr tarixli Konstitusiya Qanunu qəbul olunub. Ulu Öndər tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib və Prezident cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, sözügedən Dövlət Proqramının təsdiq olunduğu 18 iyun tarixi Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilib. Həmin əlamətdar gün ölkəmizdə geniş qeyd olunur və bununla əlaqədar Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il may ayının 18-dən iyunun 18-ə kimi ölkədə "İnsan Hüquqları Aylığı" elan edilir.
Qeyd edilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən əzəli torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilməsi regionda ədalətli sülhün təmin edilməsinə, keçmiş məcburi köçkün soydaşlarımızın tarixi yurdlarına qayıdışına zəmin yaratmaqla yanaşı, bütün sahələrdə olduğu kimi miqrasiya və yerdəyişmə üzrə də zəruri imkanların əldə edilməsinə geniş yol açıb. Nəticə etibarı ilə gələcəkdə həmin ərazilərdə də yerdəyişmə üzrə müxtəlif layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın yeni müstəvidə inkişafı istiqamətində möhkəm bünövrə yaranıb.
Vurğulanıb ki, Ombudsman Aparatının Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirdiyi işlər davamlı xarakter daşıyır. Xidmətin əməkdaşlarının insan hüquqları sahəsində peşə, tədqiqat və təhlil bacarıqlarının artırılması məqsədilə müntəzəm qaydada birgə tədbirlər, canlı və video - konfranslar formatında görüşlər təşkil edilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ombudsmanı miqrantların hüquqlarının effektiv qorunması üçün ikitərəfli və çoxtərəfli əsaslarla mümkün beynəlxalq alətlərdən səmərəli şəkildə istifadə edərək beynəlxalq öhdəliklərə uyğun bir sıra proqram və layihələrdə iştirak edir. Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz Azərbaycan Ombudsmanının sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biridir. Hazırda ölkəmizdə icrası davam etdirilən "Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE 2)" layihəsi də öz uğurlu nəticələrini verməkdədir. Birgə əməkdaşlıqda həyata keçiriləcək bu layihələr öz növbəsində miqrasiya idarəçiliyinin təkmilləşdirilməsinə də öz müsbət təsirini göstərəcəkdir.
Səbinə Əliyeva mövcud əməkdaşlıq əlaqələrin daha da təkmilləşdirilməsi baxımından təşkil edilən tədbirin faydalı olacağını diqqətə çatdırıb, iki günlük təlimin işinə uğurlar arzulayıb.


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Anar Xudiyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış ediblər. Çıxışlarda miqrantların hüquqlarının təmini, onların cəmiyyətə davamlı inteqrasiyası, qanuni miqrasiyanın təşviqi sahəsində atılan əhəmiyyətli addımlardan, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin fəaliyyətindən, "Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE)" layihəsinin Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında yerdəyişmə üzrə tərəfdaşlığın həyata keçirilməsində oynadığı mühüm roldan danışılıb, muxtar respublikada insan hüquqlarının etibarlı müdafiəsi, miqrantların hüquq və azadlıqlarının qorunması və təminatı sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.
Sonra təlimlərə start verilib. Azərbaycanın və Yunanıstanın Ombudsman Təsisatlarının əməkdaşları Turan Cahangirova, Aynur Həmidova, Yiannis Boutselis müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, iyunun 14-də tədbirin bağlanış mərasimi keçiriləcək və iştirakçılara sertifikatlar təqdim ediləcək.

13.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).