10:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

İnsan Hüquqları Günü münasibətilə tələbələr arasında bilik yarışı keçirilib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Bu münasibətlə iyunun 18-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Asiman Abbasov açaraq ölkəmizdə həyata keçirilmiş genişmiqyaslı islahatların, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində baş verən köklü dəyişikliklərin müstəqil Azərbaycanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişaf edən diyarına çevrilmiş Naxçıvan Muxtar Respublikasında da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaşların hüquq institutlarına inamının artırılması, onların müraciət etmək imkanlarının asanlaşdırılması ilə mühüm islahatlar həyata keçirilir.
Asiman Abbasov belə tədbirlərin gənclərin hüquqi biliklərinin artırılmasında mühüm rol oynayacağını qeyd edib, onlara bilik yarışmasında uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkəmizin bütün bölgələrində olduğu kimi muxtar respublikamızda da məqsədyönlü şəkildə davam və inkişaf etdirildiyini vurğulayıb.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışmasına start verilib. İki turdan ibarət bilik yarışında tələbələr komanda şəklində Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası konstitusiyalarına dair biliklərini sınayıblar.


İki saata yaxın davam edən bilik yarışında ali təhsil müəssisələrinin tələbələri arasında Naxçıvan Dövlət Universitetinin "Dəmir yumruq" komandası birinci, "Naxçıvan" Universitetinin "Zəfər" komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun "Müəllimlər" komandası isə üçüncü yerə layiq görülüb.
Orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin "Loğman" komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin "Qartal" komandası ikinci, Naxçıvan Musiqi Kollecinin "Kvintet" komandası isə üçüncü yeri tutublar.
Sonda qalib gəlmiş və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəxri fərmanı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomu ilə təltif olunub, onlara hədiyyələr təqdim edilib.

16.06.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).