15:58 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ümummilli Lider Heydər Əliyev insan hüquqlarının təmin olunduğu demokratik Azərbaycan dövlətinin banisidir.


Ulu Öndər Heydər ƏLİYEV: Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
Azərbaycanın müasir tarixinin 35 ili Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti ilə bilavasitə bağlı olmuş və həmin illər ərzində ölkəmiz demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük uğurlar qazanmışdır.
Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin inkişafı istiqamətində həyata keçirilmiş mütərəqqi islahatlar məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə, müasirAzərbaycanın bugünkü sosial-iqtisadi inkişafında və milli dövlətçiliyimizin möhkəmlənməsində, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində kompleks islahatların həyata keçirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan tarixində ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş kompleks islahatlar nəticəsində iqtisadiyyatda struktur dəyişiklikləri dərinləşmiş, bütün istiqamətlərdə ardıcıl aparılan kompleks işlər ölkənin sosial-iqtisadi inkişafına, o cümlədən əhalinin sosial rifah halının yaxşılaşmasına güclü təkan vermişdir.
Ümummilli Lider tərəfindən yaradılmış siyasi və iqtisadi baza Azərbaycanın gələcək inkişaf strategiyasının əsasını təşkil etməklə yanaşı, insan hüquq və azadlıqlarının daha səmərəli təmininə geniş imkanlar yaratmış, onların müdafiəsini və daha da genişləndirilməsini dövlət siyasətinin prioritetinə çevirmişdir. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qanunun aliliyinin təmin olunmasını, insan hüquqları və azadlıqlarının müdafiəsini strateji prioritet kimi müəyyənləşdirən Ulu Öndər demişdir: "İnsan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir. Azərbaycanda insan hüquqlarının qorunması, insan hüquqlarının təmin edilməsi həmişə diqqət mərkəzində olmuşdur".
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra humanizm ənənələrinin təməli qoyulmuş, əfvetmə və amnistiya institutları təşəkkül tapmış, ölüm cəzasının tətbiqinə moratorium qoyulmuşdur. İnsan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar sırasında ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər olmuşdur.
Beləliklə, 1993-cü ildən respublikamızda ölüm cəzasının tətbiqi üzərində veto qoyulmuş, 22 yanvar 1998-ci il tarixdə isə xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında" bəyanat verərək ölüm hökmünün ləğv olunduğunu bildirmiş və bununla bağlı 3 fevral 1998-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında müraciət etmişdir. "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". 10 fevral 1998-ci il tarixdə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Şərqdə ilk dəfə məhz ölkəmizdə ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks-səda doğurmuşdur.
Yaşamaq, şəxsi toxunulmazlıq və azadlıq hüquqlarının təmin edilməsi baxımından ölkəmizdə dəfələrlə tətbiq olunmuş əfv və amnistiya aktları xüsusi əhəmiyyət kəsb edir. Əfvetmə institutunun formalaşması istiqamətində də real addımlar atmaqla ölkəmizdə cəzanın humanistliyi və adekvatlığını, tərbiyəvi əhəmiyyətini daim önə çəkən Ümummilli Lider tərəfindən 1995-2003-cü illər ərzində, ümumilikdə, üç mindən artıq məhkuma şamil edilməklə 32 əfv Fərmanı və Sərəncam imzalanmışdır.
Eyni zamanda Ulu Öndər Azərbaycanda amnistiya aktlarının qəbulunu da mütərəqqi bir ənənəyə çevirmiş və onun təşəbbüsü ilə 7 amnistiya aktı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən artıq insana şamil olunmuş və nəticədə, həbsdən azad edilmiş insanlar ailələrinə və cəmiyyətə qovuşmuşlar.
Məlumdur ki, sosial, iqtisadi və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün deyildir. Buna görə də Ulu Öndər ölkəmizdə hüquqi dövlət quruculuğuna məhz müasir standartlara cavab verən hüquqi bazanın yaradılmasından başlamışdır. Hüquqi islahatların təməli isə öz əksini məhz görkəmli dövlət xadiminin rəhbərliyi ilə hazırlanmış 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqilAzərbaycan Respublikasının ilk milli Konstitusiyasında tapmışdır.
Dünya təcrübəsində insan hüquq və azadlıqları, onun şərəf və ləyaqətinin qorunması ən ali dəyər kimi ön plana çəkilir və məhz bu səbəbdəndir ki, Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Konstitusiyanın üçdəbir hissəsini bu sahədəki mövcud beynəlxalq-hüquq normalarına əsaslanan müddəalar təşkil etməkdədir. Əsas Qanunumuzda insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq bütün hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edilmiş, onun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasına insan hüquqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan vermişdir. Belə ki, Konstitusiyanın həyatiliyini təmin etmək üçün onun müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verən Ümummilli Liderin təşəbbüsü ilə 2002-ci ilin avqust ayında Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilmişdir.
Qısa müddət ərzində Ulu Öndər tərəfindən insan hüquq və azadlıqlarının təmini məqsədilə bir sıra mühüm tədbirlər reallaşdırılmış, müvafiq olaraq qanunvericilik aktları qəbul olunmuş, fərman və sərəncamlar imzalanmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, 21 fevral 1996-cı il tarixdə imzalanan Sərəncama uyğun olaraq ölkəmizdə Hüquqi İslahat Komissiyası yaradılmış, həyata keçirilməsi planlaşdırılan hüquqi islahatlar sürətləndirilmişdir.
Əsas Qanunun ardınca qəbul edilən qanunvericilik aktları Azərbaycan Respublikasının siyasi və iqtisadi həyatının hüquqi əsasda qurulması, hüquqi islahatların həyata keçirilməsi üçün mühüm addım olmaqla insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi daim ön plana çıxarmışdır.
Ümummilli Lider yalnız qanunvericilik aktlarının qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi diqqətlə yanaşmış və məhz Onun təşəbbüsü ilə 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır.
Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsisahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət proqramları, strategiyaları, Milli fəaliyyət planları və proqramları böyük rola malikdir.
Bu sahədə Milli fəaliyyət planlarının konsepsiyası hələ 1993-cü ildə Vyanada keçirilmiş İnsan Hüquqları üzrə Dünya Konfransının yekun tövsiyələrində verilmişdir. Konfransda insan hüquqları sahəsində Milli Fəaliyyət Planlarının konsepsiyası ilə bağlı iştirakçı dövlətlərə verilmiş yekun tövsiyələrdə insan hüquqlarının müdafiəsini və təşviqini daha da təkmilləşdirə biləcək addımları müəyyənləşdirən belə bir strateji əhəmiyyətli sənədin hazırlanmasının nəzərdən keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərman imzalanmış və daha sonra həmin ilin 18 iyun tarixində ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olmuş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilmişdir. İnsan hüquq və azadlıqlarının təmin olunmasında ən mühüm məsələləri özündə birləşdirən bu ikisənəd məhz insan hüquqları üzrə ölkəmizdə səlahiyyətli müvəkkil təsisatının yaradılmasını nəzərdə tuturdu.
Ümummilli Lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci il 28 dekabr tarixdə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edilməsi, Ombudsman təsisatının yaradılması və fəaliyyətə başlaması üçün maddi və hüquqi baza hazırlanmış, 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk Ombudsmanı seçilmişdir.
Ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman institutunun yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət və vətəndaş münasibətlərində yeni bir başlanğıcın əsasını qoymuşdur.
Bu gün Azərbaycanda fəaliyyət göstərən Ombudsman təsisatı cəmiyyətdə hüquq düşüncəsinin, hüquqi şüurun, hüquq mədəniyyətinin və vətəndaş cəmiyyətinin davamlı inkişafı prosesinin sürətləndirilməsinə öz töhfəsini verməkdə davam edir.
Məlumdur ki, Konstitusiya qanunları qanunvericilik sisteminin əsasını təşkil edən, dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik ali qanunu olan Konstitusiyanın ayrılmaz hissəsidir. Bu baxımdan Ombudsman haqqında qanunun konstitusiya statuslu olması dövlətin bu təsisatın fəaliyyətinə, ümumilikdə, isə insan hüquqlarının müdafiəsi işinə verdiyi böyük önəmin göstəricisi olaraq yüksək qiymətləndirilir.
Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş hüquqi islahatların bir istiqaməti də seçki hüququnun daha effektiv təmin edilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasında seçki sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi, seçki sisteminin təkmilləşdirilməsi və seçki hüquqlarının təmin edilməsi məqsədilə 27 may 2003-cü il tarixdə Avropa standartlarının tələblərinə uyğun və Avropa Şurasının Venesiya Komissiyasının iştirakı ilə hazırlanan yeni Seçki Məcəlləsi qəbul edilmişdir. Həmin vaxtdan etibarən ölkəmizdə prezident, parlament və bələdiyyə seçkiləri bu məcəllə əsasında keçirilir.
Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində də ardıcıl tədbirlər həyata keçirilmişdir. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən respublikamız insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılmışdır.
Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlətsiyasətinin həyata keçirilməsində mühüm addım olmuş, bu fərmanla mətbuat üzərində senzura aradan qaldırılmışdır.
Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi, ölkəmizdə konstitusion qaydaların möhkəmləndirilməsi və hüquq siyasətinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasətini və Onun strateji inkişaf konsepsiyasını hərtərəfli reallaşdıranAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlısosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 18 iyun 1998-ci il tarixdə Azərbaycan Respublikasında ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyun 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında" Sərəncama əsasən hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu isə müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür.
Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi ilə bağlı islahatlar ardıcıl şəkildə davam etdirilmişdir.
Ölkə başçısının "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2 noyabr 2006-cı il tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Muxtar respublikada insan hüquqlarının müdafiəsi ilə bağlı hüquq institutlarının inkişafı tarixində ən mühüm tədbirlərdən biri də Müvəkkil təsisatının yaradılması olmuşdur.
Qeyd etmək lazımdır ki, Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikası və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında son onilliklərdə formalaşmış qurumdur. Mövcud qanunvericiliyə və praktikaya uyğun olaraq Müvəkkilin fəaliyyəti əsas insan hüquq və azadlıqlarının müdafiəsini və bərpasını təmin edən digər dövlət orqanlarının fəaliyyətini məhdudlaşdırmır və əvəz etmir. O yalnız bu sahədə bu qurumların fəaliyyətinin təkmilləşdirilməsinə, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyi ilə bağlı çatışmazlıq və bu problemlərin aradan qaldırılmasına xidmət etməklə yanaşı, dövlət qurumları tərəfindən əsas insan hüquq və azadlıqlarının realizə edilməsində mühüm təsir vasitəsidir.
Göründüyü kimi Azərbaycanda, eləcə də ounun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daim diqqət yetirilir, yeni idarəçilik mexanizmi formalaşdırılır. Ölkə Prezidenti tərəfindən həyata keçirilən bu kimi tədbirlər məhz insan hüquq və azadlıqlarının səmərəli təmininə xidmət edir.
Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq-müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik bazası daha da təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.
Məlumdur ki, Azərbaycanın bir dövlət olaraq qlobalsiyasi məkanda layiqli yer tutması, özünəməxsus dinamik inkişaf örnəyi sərgiləməsi, hüquqi və demokratik dövlət quruculuğu sahəsində böyük uğurlar əldə etməsi Ümummilli Liderin strateji kursunun əməli nəticələridir.
Azərbaycanın müstəqilliyi, xalqımızın xoşbəxtliyi, onun maddi-mədəni rifahının yaxşılaşması, müzəffər ordu quruculuğu, dövlətimizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsi, birsözlə, həyatımızın əksərsahələrində əldə olunan nailiyyətlər dahi liderimiz Heydər Əliyev tərəfindən müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi istiqamətində təməli qoyulmuş quruculuq fəaliyyətinin və Onun həmişəyaşar ideyalarının təcəssümü və nəticəsi olmaqla, Azərbaycan tarixinin ən parlaq səhifələrindəndir və gələcək nəsillər üçün zəngin örnək, ən dəyərli sərvətdir.
Müstəqil Azərbaycan dövlətinin qurulması, milli-mənəvi dəyərlərimizin dünya miqyasında təbliği, üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması Ulu Öndər Heydər Əliyev irsi olaraq xalqımıza miras qalmış, ölkə başçısı cənab İlham Əliyev isə bu irsi qoruyub saxlamış, ölkədə sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olmasına nail olmuşdur. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ölkəmizin firavan gələcəyi naminə əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq və Onun əziz xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.

Günay RZAYEVA
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

19.06.2023















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).