18:13 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2006-cı il

 

Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
2006-cı ildə fəaliyyəti haqqında illik

M Ə R U Z Ə

1991-ci il oktyabr ayının 18-də yenidən öz müstəqilliyini elan edən Azərbaycan Respublikası ümumbəşəri dəyələrə, demokratik ənənələrə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının reallığı, təminatı və müdafiəsi prinsiplərinə sadiq qalaraq vətəndaş cəmiyyəti, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və buna uyğun olaraq insan hüquqları sisteminin yaradılmasını özünün inkişaf yolu kimi bəyan etmişdir.
          
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyasında dövlət quruculuğu tarixində ilk dəfə olaraq insan hüquqlarının təbii xarakter daşıması təsbit edilmişdir.
          
Konstitusiyamızda təsbit edilmiş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədilə ümummilli liderimiz bu sahədə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş  hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında  22 fevral 1998-ci il tarixli fərmanında və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il tarixli sərəncamında nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində mühüm tədbirlər görülmüş, vətəndaşların Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi, əhalinin hüquq institutlarına və keyfiyyətli hüquqi xidmətlərə, hüquq və azadlıqlarının müdafiəsinə olan tələbatının daha səmərəli şəkildə təmin edilməsi sahəsində konkret istiqamətlər müəyyənləşdirilmişdir.
            
İnsan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi ilə bağlı aparılan demokratik islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. 
           
Müvəkkilin məruzəsi aparatın formalaşdırılması, daxil olan ərizə və şikayətlər, onlara baxılmasının nəticələri, əhalinin müxtəlif təbəqələri arasında ünvanlı maarifləndirmə işinin təşkili, informasiya və ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, dövlət orqanları ilə əməkdaşlıqla bağlı görülən işlər əsasında tərtib edilmişdir.
           
Məruzənin hazırlanması zamanı, həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
          
İlk öncə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri aşağıdakı təsnifata uyğun olaraq müəyyən edilmişdir.
           
I. Pozulmuş insan hüquq və azadlıqlarına dair ərizə və şikayətlərin qəbul edilməsi və baxılması nəticələri ilə bağlı fəaliyyət;
          
II. Hüquqi maarifləndirmə, elmi-analitik iş, ictimaiyyətlə əməkdaşlıq, beynəlxalq təcrübə mübadiləsi sahəsindəki fəaliyyət;
          
III. Dövlət orqanları ilə əməkdaşlıq, təklif və tövsiyələr vermək.
          
Müvəkkil Naxçıvan Muxtar Respublikasında yeni yaradılan qurumun-İnsan Hüquqları üzrə Müvəkkil təsisatının bünövrəsinin möhkəmləndirilməsi və bu məqsədlə aparatın işinin formalaşdırılmasına nail olmağa çalışmışdır. Yeni yaradılan qurumun fəaliyyətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Ombudsman təsisatı 2006-cı il oktyabr ayının 30-da dünyanın əksər ölkələrində olduğu kimi əhalinin asanlıqla müraciət edə bilməsi üçün şəhərin mərkəzi prospektində müvafiq yerlə təmin edilmişdir.
          
Müvəkkil və onun aparatının fəaliyyətinin təmin edilməsi üçün ayrılmış otaqlar əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir.
          
Bununla da daxil olmuş ərizələr və qəbulda olan şikayətçilərlə işləmək üçün normal şərait yaradılmış, Müvəkkil və onun aparatının qısa bir zamanda fəaliyyət göstərməsi mümkün olmuşdur. 
           
Bütün bunlar isə Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinə göstərilən qayğının nəticəsidir.
          
Müvəkkil aparatı 3 şöbə və şöbə səlahiyyətli 1 bölmədən ibarət təşkil edilmişdir.
          
İnsan hüquq və azadlıqlarının müdafiəsi məsələləri şöbəsinin əsas funksiyası insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və pozulan hüquq və azadlıqlarının bərpa edilməsi sahəsində Müvəkkilin fəaliyyətinin təmin edilməsindən ibarətdir.
          
Şöbə əhalinin müxtəlif təbəqələrinin, qaçqın və məcburi  köçkünlərin, hərbi qulluqçuların və məhkumların hüquqlarının müdafiəsi, vətəndaşların  siyasi, iqtisadi və sosial hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti həyata keçirir.
         
Hüquqi maarifləndirmə, elmi-analitik iş, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əsas fəaliyyəti isə insan hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq məqsədilə hüquqi maarifləndirmə işini həyata keçirmək, baş verən insan hüquq və azadlıqlarının pozulması hallarını təhlil etmək, informasiya, ictimaiyyətlə əlaqələri, beynəlxalq təcrübə mübadiləsi sahəsindəki fəaliyyətlə bağlı işi təşkil etməkdən ibarətdir.
          
Müvəkkilin elmi-analitik sahədə həyata keçirdiyi fəaliyyət əsas etibarı ilə insan hüquqlarının təmin edilməsi baxımından aktual problemlərin həlli üzrə təkliflərin verilməsinə, insan hüquqlarının təbliğinə və elmi məqalələrin, çap vəsaitlərinin hazırlanmasına yönəldilmişdir. Həmçinin bu fəaliyyət şəxsin hüquqlarının qüvvədə olan normativ hüquqi aktlarla pozulması hallarının aradan qaldırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sorğuların göndərilməsini, insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığa dair perespektiv planların müəyyən edilməsini də əhatə edir.
          
Fəaliyyətimizin qısa dövrü ərzində Müvəkkilin ünvanına 50 müraciət daxil olmuşdur.
          
İnsan doğulduğu andan ona mənsub olan azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının həyata keçirməsi, şərəf və ləyaqətin hüquq normalarına müvafiq olaraq qorunması və təmin edilməsinin səviyyəsi cəmiyyətin demokratikləşdirilməsinin mühüm göstərici olmaqla yanaşı, hüquqi dövlət quruculuğunun da mühüm şərtidir.
          
Muxtar Respublikamızda cəmiyyətin demokratikləşməsi istiqamətində görülən hər bir iş vətəndaşların Konstitusiya ilə təsbit edilmiş  hüquqlarının müdafiəsinə xidmət edir.
          
Müvəkkil vətəndaşlar tərəfindən daxil olan müxtəlif məzmunlu müraciətlərin araşdırılmasını həyata keçirməklə, eyni zamanda vətəndaşları qəbul etməklə onların problemlərinin dairəsi və səviyyəsi ilə daha yaxından tanış olur. Məhz belə problemlərin həlli ilə bağlı mülahizələr, rəylər, təkliflər hüquq pozuntusu faktının daha çevik aradan qaldırılmasına və bununla da cəmiyyətin inkişafına kömək edir.
         
Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın dövlət və yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ təsbit olunmuşdur.
         
Seçkilər demokratiyanın bariz təzahürü olaraq, hər bir dövlətin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Seçkilərin qanunvericiliyə uyğun keçirilməsi, şəffaflıq və bu zaman insanın ən mühüm siyasi hüquqlarından biri olan seçki hüququnun həyata keçirilməsi üçün dövlət tərəfindən yaradılmış şərait demokratiyanın təmin edilməsinin göstəricisidir.
         
Vətəndaşlarımızın seçki hüquqlarını daim diqqət mərkəzində saxlayan Müvəkkil 2006-cı  ilin oktyabr ayının 6-da muxtar respublikamızın rayonlarında keçirilən bələdiyyə seçkilərini müşahidə etmişdir.  Seçki dairələrində olaraq məntəqə seçki komissiyalarından verilmiş məlumatlarla, seçki prosesinin gedişi, əhalinin fəallığı, seçici siyahılarında çatışmamazlıqların olub-olmamasını, müşahidəçilər üçün zəruri şəraitin yaradılması ilə maraqlanmış və ciddi qanun pozuntuları müşahidə etməmişdir.
         
Bütün dövlətlərin Ombudsmanları öz fəaliyyətində geniş hüquqi maarifləndirmə işini təşkil edirlər. Belə maarifləndirmələr cəmiyyətin hər bir üzvünün onun cinsindən, yaşından, milli, etik mənsubiyyətindən, sosial vəziyyətindən, siyasi baxışlarından, dilindən, dinindən asılı olmayaraq öz hüquqlarının öyrənməsinə və onların tətbiq edilməsinə yönəlmişdir.
        
Hər kəsin malik olduğu insan hüquqlarının təmin olunması, vətəndaşlara bu hüquqlar barədə məlumatlar verilməsi və həmçinin bu fəaliyyət dairəsindən heç kəsin təcrid olunmaması konsepsiyasını rəhbər tutan Müvəkkil fəaliyyətə başladığı vaxtdan etibarən əhalinin müxtəlif təbəqələri arasında ünvanlı maarifləndirmə işini təşkil edərək müxtəlif seminar müşavirələr keçirmişdir.

Müvəkkilin fəaliyyət istiqamətinin ən mühüm sahələrindən biri hərbi qulluqçuların hüquqlarının müdafiəsidir.

Bu sahədə hüquqi maarifləndirmə ilə bağlı tədbirlər fəaliyyət göstərdiyimiz qısa müddət ərzində Müvəkkilin daim diqqət mərkəzində olmuş, konfranslar keçirilmişdir.
          
Naxçıvan  Qarnizonun müxtəlif kateqoriyadan olan hərbi qulluqçularının iştirak etdiyi konfransda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) səlahiyyətləri, hərbi qulluqçuların hüquqlarının müdafiəsində, cəmiyyətin demokratik inkişafında  Ombudsman təsisatının rolu haqqında məlumat verilmiş, hərbi qulluqçuların hüquqları ilə bağlı maarifləndirmə məqsədilə hərbi qulluqçuların hüquqlarına dair bir sıra qanunverici aktlar izah edilmişdir.
           
Bundan başqa Müvəkkil Naxçıvan Qarnizonunun Hauptvaxtında olmuş, hərbi intizamın pozulmasına görə intizam qaydasında həbs edilmiş hərbi qulluqçular, hərbi xidmət əleyhinə cinayət törətmiş məhkumlarla görüşmüş, onların  saxlama şəraiti və sənədləri ilə tanış olmuşdur. 
          
Belə görüşlərin nəticəsi olaraq Müvəkkil hərbi hissələrdə  insan hüquqları, vətənpərvərlik, zabit və əsgərlərin mənəvi, əxlaqi, etik davranış qaydaları, nizamnamədən kənar münasibətlər, orduda insan hüquqları mövzusunda Naxçıvan Qarnizonu ilə birlikdə tədbirlər planı hazırlanaraq həyata keçirilməsini təklif etmişdir.
          
Müvəkkil hərbi qulluqçular və onların ailə üzvlərinin ərizə və müraciətlərinin təhlili əsasında, hərbi qulluqçularla bağlı yaranan hər hansı problemin aradan qaldırılması üçün nəzərdə tutulmuş səlahiyyətlər dairəsində Naxçıvan Qarnizonu və digər səlahiyyətli dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi yönündə işlərini davam etdirir.
          
Müvəkkil məhkumlar, cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon ərazisində yerləşən cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama təcridxanasında olmuş, məhkumlar, təqsirləndirilən və şübhə edilən şəxslərlə görüşmüş, onların saxlanılmasının qanuniliyini yoxlamış, saxlanılma şəraiti ilə tanış olmuşdur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Avropa məkanına inteqrasiya edən, Avropa Şurasının üzvü kimi "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" və "İşgəncə və digər qəddar, qeyri insani yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı" Avropa Konvensiyası və digər beynəlxalq müqavilələrə qoşulan  Azərbaycan Respublikasında aparılan demokratik, hüquqi islahatların tərkib hissəsi kimi penitensiar sistemdə də beynəlxalq standartlara cavab verən mühüm islahatlar aparılmışdır.
          
Cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama yerlərində insan hüquq və azadlıqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü və bilavasitə rəhbərliyi altında Kəngərli rayonu ərazisində inşa edilən müvəqqəti saxlama təcridxanasının yeni binası 2005-ci ildən istifadəyə verilmiş, burada saxlanılma şəraiti Avropa standartlarına uyğun şəkildə təmin edilmişdir.
          
2005-ci ildə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin və 2006-cı ilin mart ayında isə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komissiyasının nümayəndələri Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasında olmuş və buradakı şəraitin beynəlxalq standartlara uyğun olmasını qeyd edilmişlər. Nümayəndələr Azərbaycan Respublikasının digər regionlarda da Naxçıvan Muxtar Respublikası ərazisində olan, beynəlxalq standartlara cavab verən müvəqqəti saxlama təcridxanalarının inşa edilməsini tövsiyə etmişlər.
          
Bütün bunlarla yanaşı Müvəkkil müvəqqəti saxlama təcridxanasında mütəmadi keçirdiyi görüşlər nəticəsində Daxili İşlər Nazirliyinin rəhbərliyinə müvəqqəti saxlama təcridxanasında və Daxili İşlər Nazirliyinin tabeliyində olan digər qurumlarda insan hüquq və azadlıqlarının təminatının daha da təkmilləşdirilməsi baxımından şəxsi heyətin peşəkarlığının yoxlanılması, ixtisas artırma və maarifləndirmə tədbirlərinin təşkili, burada saxlanılan şəxslər üçün maarifləndirmə tədbirlərinin birgə təşkil edilməsi barədə təkliflərini vermişdir.
          
Müvəkkil Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan və Kəngərli rayonunda yerləşən cəzaçəkmə müəssisələrində də olmuşdur. Müvəkkil burada məhkumlarla görüşmüş, onların problemləri ilə maraqlanmışdır. Görüş zamanı bəzi məhkumların müraciətləri nəzərə alınmış, qanuna müvafiq qaydada cəzalarının bir hissəsini çəkməsini, islah olunmasını, ailə vəziyyətlərini nəzərə alınmaqla cəzalarının qalan hissəsini çəkməkdən azad edilməsi barədə təkliflə Müvəkkil Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova müraciət olunmuşdur.
          
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin humanistliyi və məsələyə qayğı ilə yanaşması nəticəsində 12 noyabr Konstitusiya günü münasibətilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş 5 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad edilərək öz ailələrinə qayıtmışlar.
          
Məhkumlarla bağlı aparılan tədbirlərin təkmilləşdirilməsi, məhkumların islah olunması, cəzanın effektivliyinin artırılması məqsədilə hazırda Kəngərli rayon ərazisində Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsinin  binası inşa edilir.
          
Bütün bu tədbirlər məhkumların saxlanılma şəraitinin yaxşılaşdırılmasına, cəzaçəkmə müəssisələrində tərbiyəvi işin gücləndirilməsinə, ümumilikdə isə məhkumların hüquqlarının müdafiəsinin daha da səmərəli təşkilinə xidmət edir.

Müvəkkilin fəaliyyətinin mühüm sahələrindən birini onun beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələri təşkil edir.

Naxçıvan Muxtar Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsi təsis edildiyi ilk gündən beynəlxalq qurumların Azərbaycan üzrə ofislərinin diqqət mərkəzində olmuş, Müvəkkil Bakıda və digər şəhərlərdə keçirilən beynəlxalq konfrans, treyninq, seminarlara dəvət olunmuşdur.
           
Belə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqları, bu sahədə həyata keçirilən maarifləndirmə işinin daha da təkmilləşdirilməsi, müxtəlif ölkələrin Ombudsmanları arasında əməkdaşlıq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
           
BMT-nin Uşaq fondunun (UNİSEF) təşəbbüsü ilə Ukraynada keçirilən və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin də dəvət olunduğu konfrans Ombudsmanın təcrübə mübadiləsi baxımından çox önəmli olmuşdur. Belə ki, Avropa Şurası, BMT-nin nümayəndələri  və müxtəlif ölkələrin Ombudsmanlarının iştirak etdiyi konfransda uşaq hüquqlarının dövlət daxili müdafiə mexanizmləri, bu sahədə təcrübələrin öyrənilməsi, yayılması, qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər müzakirə obyekti olmuşdur.
           
Eyni zamanda bu tipli konfransların ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, konfrans iştirakçılarına yalnız insan hüquqlarının təmin edilməsi və müdafiəsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verilmir, bununla yanaşı erməni işğalı altında olan torpaqlarımız, qaçqınlar və məcburi köçkünlər barəsindəki Azərbaycan həqiqətləri onların nəzərinə çatdırılır. O cümlədən belə konfranslar blokada şəraitində olmasına baxmayaraq, geniş quruculuq işləri aparılan, statusu Moskva və Qars müqavilələri ilə tənzimlənən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, onun  tarixi kökləri, mədəni dəyərlərinin tanıdılması baxımından ən mühüm vasitədir.

İnformasiya və ictimaiyyətlə əlaqələr öz əhəmiyyətinə görə Müvəkkilin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Müvəkkilin fəaliyyəti haqqında məlumatların əhaliyə çatdırılması üçün informasiya qurumları ilə səmərəli əməkdaşlıq formalaşdırılmışdır. Belə ki, təsisatın məqsəd və məramları, Müvəkkilin keçirdiyi tədbirlər və onun nəticələri haqqında beynəlxalq təcrübə mübadiləsi ilə bağlı informasiyalar müntəzəm olaraq Muxtar Respublika sakinlərinə çatdırılmışdır.
          
Təsisatın fəaliyyəti, onun səlahiyyətləri ilə bağlı müxtəlif məqalələr "Şərq Qapısı" qəzetində çap olunmuş və Müvəkkilin keçirdiyi görüşlər Naxçıvan Dövlət Teleradiosunda işıqlandırılmışdır. 
           
Hüquqi maarifləndirmənin təbliği və geniş yayılmasında informasiya vasitələrinin rolu və əhəmiyyəti bu qurumlarla təsisatımız arasında daha sıx əməkdaşlığın yaradılmasını zəruri edir.
           
Fəaliyyət dövrü ərzində Müvəkkil vətəndaşlardan daxil olan ərizə və şikayətləri araşdıraraq ortaya çıxan problemlərin həlli ilə bağlı muxtar respublikanın aid təşkilatlarına öz təklif və tövsiyələrini vermişdir. Ümumilikdə isə bu problemlərin həll edilməsi həm Ombudsman təsisatı həm də dövlət orqanlarının bu sahədə birgə fəaliyyət göstərməsindən çox asılıdır. Müvəkkilin hesabat məruzəsinin əsas məqsədi hər hansı bir dövlət orqanının, vəzifəli şəxsinin, məmurun tənqid edilməsi deyil, insanların üzləşdikləri və onları daha çox narahat edən problemlərin önə çəkilməsi, bu problemlərin həlli yollarının axtarılması və müvafiq qurumlarla əməkdaşlıq yolu ilə aşkarlanan nöqsanların aradan qaldırılmasıdır. 
            
Öz fəaliyyətini şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik kimi bəşəri prinsiplər üzərində quran Müvəkkil, öz andına sadiq qalaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları və qanunlarında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş bütün imkanlardan istifadə edərək, üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəkdir.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).