20:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2007-ci il

 

Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
2007-ci ildə fəaliyyəti haqqında illik

M Ə R U Z Ə

Dünya birliyinin bərabərhüquqlu üzvü və beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxildir.
         
Ümummilli Liderimiz H.Əliyevin rəhbərliyi altında 1995-ci il noyabrın 12-də ümumxalq səsvermə yolu ilə qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir.
          
Konstitusiyamızda təsbit edilmiş insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində müxtəlif dövrlərdə konkret inkişaf mərhələsinə müvafiq mühüm islahatlar həyata keçirilmiş, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilən insan hüquq və azadlıqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
         
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızın yeni inkişaf mərhələsində insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların müasir dövrün tələblərinə uyğun davam etdirilməsi məqsədi ilə 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında  insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nında 30-dan çox dövlət orqanının qarşısında konkret öhdəlik və vəzifələr müəyyən edilmiş,  Azərbaycan Respublikasında normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, dövlət orqanlarının fəaliyyətini insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində  konkret istiqamətlər müəyyənləşdirilmişdir.
          
Milli Fəaliyyət Planında insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilməkdədir.
          
Müvəkkilin 2007-ci il üçün Məruzəsi daxil olan ərizə və şikayətlərin, onlara baxılmasının nəticələri, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, dövlət orqanları ilə əməkdaşlıqla bağlı görülən işlər əsasında tərtib edilmişdir.
           
Məruzənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, eyni zamanda bu sahədə əhalinin müxtəlif kateqoriyaları arasında həyata keçirilmiş tədbirlər, dövlət orqanları, ictimaiyyətlə Müvəkkil təsisatı arasında mövcud əməkdaşlıq haqqında məlumatların verilməsindən ibarətdir.
           
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış, rəsmi məlumatlardan istifadə edilmişdir.
          
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  haqqında"  Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkil əsasən öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, əhalinin müxtəlif təbəqələri arasında hüquq və azadlıqların pozulmasının qarşısının alınması məqsədilə, maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, ictimaiyyətlə, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, o cümlədən, dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
           
Müvəkkilin elmi-analitiki fəaliyyəti isə əsas etibarı ilə baş verən insan hüquq və azadlıqlarının pozulması hallarını təhlil etmək, insan hüquqlarının təmin edilməsi baxımından aktual problemlərin həlli üzrə təkliflərin verilməsi, insan hüquqlarının təbliğinə və elmi məqalələrin, çap vasitələrinin hazırlanmasına yönəlmişdir. Həmçinin şəxsi hüquqların qüvvədə olan normativ aktlarla pozulduğu hallarda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sorğu ilə müraciət edilməsi, hüquq pozuntusunun yaranmasına səbəb olan halların aradan qaldırılmasına dair aid dövlət orqanlarına tövsiyələrin verilməsi də bu fəaliyyəti əhatə edir.
          
İnsan hüquq və azadlıqlarının müdafiəsini, pozulmuş insan hüquqlarının və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq müdafiə vasitələrini tamamlayan, öz fəaliyyətini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipi əsasında qurmuş, Müvəkkil səlahiyyətləri çərçivəsində vətəndaşlardan daxil olan müraciətləri araşdırmaqla müvafiq tədbirlər görmüşdür.
           
2007-ci ildə Müvəkkilin ünvanına 126 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 114-nü şikayətlər, 12-ni isə ərizələr təşkil etmişdir.
          
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir il müddətinin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının  getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 40 ərizə və şikayətə baxılmasından imtina edilmişdir.
          
86 müraciət baxılmaq üçün icraata qəbul edilmişdir. Bu müraciətlərin  34-ü təmin, 4-ü isə qismən təmin edilmiş, 37 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir. 
           
Ərizələrlə bağlı 11-dən artıq hüquqi məsləhət verilmişdir. Daxil olmuş müraciətlərin baxılması zamanı muxtar respublikanın aid təşkilatlarına müvafiq sorğular verilmişdir.
          
Müasir dövrdə insanın hüquq və azadlıqları, onların təmini və səmərəli şəkildə müdafiəsi həmçinin dövlət tərəfindən qanunvericilikdə təsbiti hər bir dövlətin və cəmiyyətin inkişafının mühüm faktorudur.
          
Hüquqi dövlət quruculuğunun mühüm atributlarından sayılan Ombudsman təsisatının Naxçıvan Muxtar Respublikasında da yaradılması insan hüquqlarının daha effektiv və səmərəli təmin edilməsinə xidmət edir.
           
Təbiətinə görə dövlətlə vətəndaş arasında vasitəçilik missiyası daşıyan  Ombudsman institutu sivil cəmiyyətlərdə yaradılmış məhkəmədən kənar hüquq müdafiə mexanizmi olmaqla yanaşı insan hüquqlarının müdafiəsi və təbliği sahəsində geniş fəaliyyət göstərir.
          
Müvəkkilin həyata keçirdiyi fəaliyyət istiqamətlərindən biri də insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətidir.
           
Respublikamızda hüquqi dövlət quruculuğu və insan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlarda hüquqi maarifləndirmənin rolu xüsusi ilə qeyd edilməlidir.
           
Müasir dövrdə əhalinin hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən amillərdir.
          
Lakin bir çox hallarda insan hüquqlarının pozulması bilavasitə bu sahədə məlumatsızlıqdan irəli gəlir. Şübhəsiz ki, öz hüquqlarını və vəzifələrini bilməyən şəxsin hərəkətləri hüquq pozuntusu hallarının, eyni zamanda müxtəlif növ məsuliyyətin yaranmasına şərait yaradır.
          
İnsan hüquqlarının təbliği, əhalinin müxtəlif təbəqələrinin hüquqi biliklərinin artırılması, bununla da baş verə biləcək hüquq pozuntusunun vaxtında qarşısının alınması məqsədilə Müvəkkil əhalinin müxtəlif təbəqələri arasında dövlət qurumlarının, ictimaiyyətin, informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminar müşavirələr keçirmişdir.
          
Keçirilən tədbirlərdə insan hüquqları ilə yanaşı, Ombudsman təsisatı onun cəmiyyətdə rolu, səlahiyyətləri haqqında geniş məlumat verilmişdir.
          
Beynəlxalq hüquqi aktlar və milli qanunvericilikdə təsbit olunmuş insan hüquqları və azadlıqlarının təbliği və hüquqi biliklərin yayılması məqsədilə Müvəkkil tərəfindən əhalinin müxtəlif təbəqələrinə ünvanlanmış hüquqi maarifləndirmə tədbirləri ilə yanaşı, insan hüquqlarına dair maarifləndirici vəsaitlər də hazırlanmışdır.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi Müvəkkilin fəaliyyətinin  ən mühüm sahələrindən biridir.

Ölkə həyatının bütün sahələrində olduğu kimi ordu quruculuğunda da bir sıra mühüm nailiyyətlər əldə edilmişdir.
          
Qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrin maddi-texniki bazası xeyli gücləndirilmiş, texniki təchizat yaxşılaşmış, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi və müdafiə potensialının inkişaf etdirilməsi məqsədilə bir sıra islahatlar aparılmış, hərbi təhsil sahəsində beynəlxalq əlaqələrimiz genişləndirilmiş, ordunun güclü kadr potensialı ilə komplektləşdirilməsi, hərbi qulluqçuların vətənpərvərlik ruhunun artırılması sahəsində, hərbi qulluqçuların sosial məişət şəraitinin, habelə mənzil şəraiti və onlara göstərilən tibbi-sanatoriya xidmətlərinin yaxşılaşdırılması və digər istiqamətlərdə müvafiq tədbirlər görülmüşdür. 
           
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi məqsədilə fəaliyyətimizin ilk ilindən hərbi hissələrdə insan hüquqları, vətənpərvərlik, zabit və əsgərlərin mənəvi, əxlaqi, etik davranış qaydaları, nizamnamədən kənar münasibətlər, orduda insan hüquqları mövzusunda Naxçıvan Qarnizonu ilə birlikdə hazırlanmış tədbirlər planına müvafiq olaraq tərəfimizdən Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrdə mütəmadi olaraq seminar-müşavirələrin keçirilməsi işi davam etdirilməkdədir. 
            
Bununla yanaşı hərbi hissələrdə keçirilən tədbirlərdə Müvəkkil hərbi qulluqçuların qulluq şəraiti, sağlamlıq vəziyyəti, qidalanması ilə maraqlanmış, yataq istirahət yerləri, onlara göstərilən tibbi yardımla tanış olmuşdur.
          
Naxçıvan Qarnizonunun Hauptvaxtında hərbi intizamın pozulmasına görə intizam qaydasında həbs edilmiş hərbi qulluqçuların, hərbi xidmət əleyhinə cinayət törətmiş məhkumların saxlanma şəraiti Müvəkkilin daim diqqət mərkəzində olmuşdur.
          
Bununla yanaşı hərbi hissələrdə keçirilən tədbirlərə gənc əsgərlərin valideynləri cəlb edilmişdir. Tərəfimizdən bu təcrübənin tətbiq edilməsi valideynlərin hərbi hissələrdə hərbi qulluqçular üçün yaradılmış qulluq şəraiti ilə bilavasitə özlərinin tanış olması nəticəsində əsgərlər arasında nizam-intizamın və döyüş əhval-ruhiyyəsinin daha da yüksəlməsinə kömək etmək məqsədi daşıyır. Digər tərəfdən isə bu ordu quruculuğunda cəmiyyətin daha fəal iştirakının təmin edilməsinə xidmət edir.
         
Müvəkkil hərbi qulluqçular və onların ailə üzvlərindən daxil olan müraciətləri əsasında Naxçıvan Qarnizonu ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi  yönündə işlərini davam etdirir. 
           
Məhbusların, cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarının müdafiəsi və bununla bağlı hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Müvəkkilin daim diqqət mərkəzində olmuşdur. 
          
Müvəkkil və onun aparatı əməkdaşları müntəzəm olaraq Naxçıvan Muxtar Respublikası Kəngərli rayon ərazisində yerləşən cəzaçəkmə müəssisələri və Müvəqqəti saxlanma təcridxanasında olmuş, onların saxlanma şəraiti ilə tanış olmuş, onların saxlanılmasının qanuniliyini yoxlamışdır. 
            
İnkişaf etmiş demokratik ölkələrin cəza siyasətində həyata keçirilən bütün tədbirlərin əsas məqsədi islah etmə prosesinin səmərəliliyini artırmaqdan ibarətdir.
          
O cümlədən, Azərbaycan Respublikası penitensiar sistemdə insan hüquqlarının müdafiəsi sahəsində BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyasına, "İşgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında" Avropa Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, bu sahədə müvafiq dövlətdaxili qanunvericilik aktları qəbul edilmiş, ölkəmizdə aparılan demokratik hüquqi islahatların tərkib hissəsi kimi penitensiar  sistemdə də geniş islahatlar həyata keçirilmişdir. 
           
Bu islahatlar Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmişdir.
          
Qeyd etmək lazımdır ki, penitensiar sistemin təkmilləşdirilməsi sırasında məhkumların faydalı əməyə cəlb edilməsi, bu sahədə psixoloji xidmətin formalaşdırılması, məhkumların islah edilməsində ictimai təşkilatların iştirakı mühüm əhəmiyyət kəsb edir. Məhkumların ictimai əməyə cəlb olunması, onların əmək hüquqlarının təmin edilməsi ilə yanaşı eyni zamanda sosial, iqtisadi və tərbiyəvi əhəmiyyət daşıyır.
           
Bununla bağlı qeyd etmək lazımdır ki, penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması, məhkumların saxlanma şəraitinin daha da yaxşılaşdırılması, onların cəza müddətində ailə üzvlərinə daha yaxın yerləşdirilməsi və bununla da məhkumların islah olunması, onlara təyin olunan cəzanın effektivliyinin daha da artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Kəngərli rayon ərazisində Qarışıq tipli cəzaçəkmə müəssisəsi inşa edilir.
           
Ərazisində qadın, kişi, yetkinlik yaşına çatmayanlar üçün islah əmək müəssisəsi, həbsxana, istintaq təcridxanası və digər aid binaları əhatə edən Qarışıq tipli cəzaçəkmə müəssisəsi əhalinin müxtəlif kateqoriyalarından olan məhkumların hüquqlarının daha səmərəli müdafiə olunması ilə yanaşı, onların islah və tərbiyə olunması istiqamətində muxtar respublikamızda  həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi qiymətləndirilməlidir.
          
Bununla yanaşı, məhkumların ailə və digər məsələləri ilə bağlı Müvəkkilə ünvanlanan müraciətləri qanunvericilik qaydasında araşdırılmışdır.
          
Müvəkkil Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan müvəqqəti saxlama təcridxanasında da mütəmadi olmuşdur.
          
Müvəkkil müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərlə görüşmüş, onların saxlanılmasının qanuniliyini təsdiq edən sənədləri ilə tanış olmuşdur. 
         
Müvəkkil və onun aparatı əməkdaşları tərəfindən Müvəqqəti saxlama təcridxanası şəxsi heyətinin peşəkarlığının artırılması məqsədilə, maarifləndirmə tədbirlərinin təşkili, eyni zamanda  burada saxlanılan şəxslər üçün hüquqi maarifləndirmənin həyata keçirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əməkdaşlığını davam etdirməkdədir. 

Müvəkkilin fəaliyyətinin mühüm sahələrindən birini onun beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsi təşkil edir.

Artıq beynəlxalq hüquq qaydalarına çevrilən insan hüquq və azadlıqlarına dair meyarlar dünya Ombudsmanlarının fəaliyyətlərində tətbiq edildiyinə görə, bu təsisat mövcud sahədə müasir təsəvvürləri, düşüncələri və qabaqcıl təcrübəni, bir ölkədən digər ölkəyə daşıyan və bu mənada dövlətlər, xalqlar arasında beynəlxalq əlaqələri daim inkişaf etdirən orqana çevrilmişdir. 
           
Naxçıvan Muxtar Respublikasında Ombudsman  təsisatı yarandığı ilk gündən etibarən beynəlxalq təşkilatların Azərbaycan üzrə ofislərinin diqqət mərkəzində olmuşdur.
         
Müvəkkil bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və insan hüquqlarına dair problemlərin müzakirəsi və bununla bağlı həyata keçirilən  maarifləndirmə işinin daha da təkmilləşdirilməsi ilə yanaşı, muxtar respublikamızda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən təcrübənin təbliği məqsədilə beynəlxalq qurumların Azərbaycan ofisləri ilə əməkdaşlığı istiqamətində işlərini davam etdirir.
          
Avropa Şurasının  Baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi, ATƏT-in Bakı ofisinin insan hüquqları və hüququn aliliyi departamentinin səlahiyyətli nümayəndələri ilə Müvəkkil arasında görüşlər zamanı Naxçıvan Muxtar Respublikasında Ombudsman təsisatının yaradılması, fəaliyyəti, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi üzrə həyata keçirilən digər tədbirlər müzakirə edilmişdir. 
           
Naxçıvan Muxtar Respublikasında olan beynəlxalq təşkilatların nümayəndələri tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman)  təsisatının yaradılması və fəaliyyət göstərməsi demokratiyanın bəhrəsi kimi dəyərləndirilmişdir.
          
Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər, Naxçıvan Muxtar Respublikası ilə tanışlıq və gələcək qarşılıqlı əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinə dair təkliflərin müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.
          
Müvəkkil BirləşmişMillətlər Təşkilatı Baş Məclisinin "Uşaqlar üçün yararlı dünya" Qətnaməsinin beş illiyinə həsr edilmiş Azərbaycan Respublikası hökuməti, UNİCEF, Avropa İttifaqı və Avropa Şurasının tərəfindən təşkil edilmiş Milli Konfransa, "İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində dünya Ombudsmanlarının imkanlarının inkişaf etdirilməsinə dair" Ombudsmanların V Bakı Beynəlxalq Konfransına, Avropa Şurası insan hüquqları və hüquqi məsələləri üzrə ümumi Direktorluğu, Avropa Şurasının Azərbaycan ofisi tərəfindən təşkil edilmiş "Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinin təkmilləşdirilməsinə dair" konfrans və bir sıra digər tədbirlərə dəvət almışdır.

Öz əhəmiyyətinə görə informasiya və ictimaiyyətlə əlaqələr Müvəkkilin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Müvəkkil təsisatı yarandığı ilk gündən onun məqsədi, məramları, fəaliyyət istiqamətləri haqqında məlumatların əhaliyə çatdırılması üçün informasiya qurumları ilə artıq təsisatımız arasında sıx əməkdaşlıq formalaşdırılmışdır.
          
Müvəkkilin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri hesab edilən hüquqi maarifləndirmə işinin əhaliyə çatdırılmasında informasiya vasitələrinin rolu əvəzedilməzdir.
           
Müvəkkilin Muxtar respublikamızda əhalinin müxtəlif təbəqələri arasında aparılan maarifləndirici tədbirləri, Müvəkkil aparatında keçirilən görüşlər, Müvəkkilin fəaliyyəti ilə bağlı digər məsələlər müntəzəm olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
          
Müvəkkil ötən dövr ərzində insan hüquq və azadlıqlarının daha səmərəli təmin və müdafiə edilməsi  məqsədilə qəbul edilmiş dövlət proqramları və  "Milli Fəaliyyət Planı"nın həyata keçirilməsində öz fəaliyyətini dövlət qurumları ilə səmərəli və sıx əlaqədə qurmuşdur.
          
Təsisatın qısa bir müddət ərzində insan hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi təcrübə onu deməyə əsas verir ki, insan hüquqlarının müdafiəsində əməkdaşlığın və əlaqəli fəaliyyətin rolu böyükdür.
          
Müvəkkil ötən il ərzində insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması, həmçinin şikayətlərin daha çevik araşdırılması məqsədi ilə dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
          
Müvəkkil vətəndaşlar  tərəfindən daxil olmuş müraciətləri təhlil edilməklə ortaya çıxan bəzi problemlərin effektiv həll edilməsi məqsədi ilə müvafiq qurumlara  təklif və tövsiyələrini vermişdir.
          
Müvəkkil tərəfindən Naxçıvan Muxtar Respublikasının aid qurumlarına konkret məsələlərlə bağlı verilən təklif və tövsiyələr həmin qurumların bu problemlərə diqqətini cəlb etmək, insan hüquqlarının pozulmasının qarşısını almaq, bu hüquqları daha etibarlı təmin etmək, pozulduğu halda isə qanun çərçivəsində təmin etmək məqsədi daşıyır.
           
İnsan və vətəndaş hüquq və azadlıqlarının ardıcıl olaraq təmin edilməsi və müdafiəsi bütövlükdə ictimai münasibətlərin inkişafına böyük şərait yaradır.
           
Demokratik hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında  həyata keçirilən iri miqyaslı islahatlar insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə şərait yaratmış, bu hüquqların davamlı inkişafına təkan vermişdir. 
            
Bu gün dərin inam və iftixar hissi ilə qeyd etməliyəm ki, insan hüquqlarının müdafiəsi kimi ülvi və müqəddəs bir vəzifə daşıyan Müvəkkil və onun aparatı qanunla müəyyən edilmiş bütün imkanlardan və muxtar respublikamızda yaradılan şəraitdən istifadə etməklə demokratik islahatlar və hüquqi dövlət quruculuğu yolunda respublikamızda mövcud olan digər hüquq müdafiə mexanizmləri ilə yanaşı insan hüquqlarının qorunması istiqamətində öz fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).