15:53 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2008-ci il

 

Naxçıvan Muxtar Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
2008-ci ildə fəaliyyəti haqqında illik

M Ə R U Z Ə

Əsası ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və bu yolda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları insan hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olmuşdur. 
           
Demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılmasını özünün inkişaf yolu kimi bəyan edən Azərbaycan Respublikası, 2008-ci il oktyabrın 15-də keçirilən azad, demokratik  Prezident seçkiləri ilə bütün dövlətlərə, dünya ictimaiyyətinə ölkəmizin ümumbəşəri dəyərlərə, demokratik ənənələrə sadiq olduğunu və bu yolda inamla addımladığını bir daha sübut etdi.
          
İnsan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi ilə bağlı aparılan demokratik hüquqi islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar  Respublikasında da uğurla davam etdirilir.
          
Muxtar Respublikada hər bir dövlət qurumunun, vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyəti üçün müvafiq şərait yaradılmış, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədi ilə hüquq institutlarının fəaliyyəti təkmilləşdirilmişdir.
          
Müvəkkilin 2008-ci il üçün Məruzəsi daxil olan ərizə və şikayətlərin, onlara baxılmasının nəticələri, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilməsi əsasında  tərtib edilmişdir. 
           
Məruzənin əsas məqsədi Naxçıvan Muxtar  Respublikasında Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, insan hüquqlarının müdafiəsi və bu hüquqların  pozulmasının qarşısının alınması, eyni zamanda bu sahədə əhalinin müxtəlif kateqoriyaları arasında həyata keçirilmiş tədbirlər, dövlət orqanları, ictimaiyyətlə Müvəkkil təsisatı arasında mövcud əməkdaşlıq haqqında məlumatların verilməsindən ibarətdir. 
          
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan istifadə edilmişdir.
          
"Naxçıvan Muxtar  Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanunda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkil ötən ildə də öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, elmi-analitik fəaliyyətin həyata keçirilməsi, əhalinin müxtəlif təbəqələri arasında hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən, maarifləndirici vəsaitlərin hazırlanması, ictimaiyyətlə, informasiya vasitələri ilə, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, o cümlədən dövlət orqanları və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığı istiqamətində həyata keçirmişdir.
          
2008-ci ildə Müvəkkilin ünvanına 71 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 63-nü şikayətlər, 8-ni isə ərizələr təşkil etmiş, bunlardan 68-nə isə nəticə verilmişdir.  
          
"Naxçıvan Muxtar  Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanununa müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 14 ərizə və şikayətə baxılmasından imtina edilmişdir.
          
54 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, bunlardan 20-si təmin, 3-ü isə qismən təmin edilmiş, 28 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir. 
           
Daxil olan müraciətlərə baxılması zamanı vətəndaşlara  çoxsaylı  hüquqi  məsləhətlər, muxtar respublikanın aid idarə, müəssisə və digər təşkilatlarına müvafiq sorğular verilmişdir.

Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini hüquqi maarifləndirmə təşkil edir.

Müvəkkil bu sahədə fəaliyyətini hüquq maarifləndirici tədbirlərin keçirilməsi və müxtəlif maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində qurmuşdur. Bununla yanaşı vətəndaşların müraciətlərinə verilən cavab məktubları da mühüm maarifləndirici vasitə kimi çıxış edir. Belə ki, müraciətlərində tələblərinin əsaslı və ya əsassız olması, eyni zamanda öz hüquqlarını müdafiə edə biləcəyi mexanizmlər barədə verilən  tövsiyyələr vətəndaşların hüquq və vəzifələrinə dair maarifləndirilməsi məqsədini daşıyır. 
          
Dövlətin və cəmiyyətin inkişafının mühüm faktoru olan insan hüquq və azadlıqlarına diqqət və marağı daim artırmaq, bu hüquqların qorunmasında cəmiyyətin hər bir üzvünün fəaliyyətini daha da aktivləşdirmək məqsədilə respublikamızda mütəmadi olaraq bu istiqamətdə  müvafiq tədbirlər həyata keçirilmişdir.
         
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  18 iyun 2007-ci il tarixli sərəncamı ilə ölkəmizdə  ilk dəfə olaraq  təsis edilmiş "İnsan Hüquqları günü" Naxçıvan Muxtar  Respublikasında Müvəkkil təsisatının, muxtar respublikanın digər hüquq-mühafizə qurumlarının, müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda qeyd edilmişdir.
          
Ötən il Prezident seçkiləri ili kimi ölkəmizin ictimai siyasi həyatında böyük əhəmiyyət daşımışdır.  

Azərbaycan Respublikası Konstitusiyasında hər bir vətəndaşın dövlət və yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüquqi təsbit olunmuşdur.

2008-ci il 5 sentyabr tarixində  Naxçıvan Muxtar  Respublikası Ali Məclisində Muxtar Respublika ərazisində seçkilərə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə keçirilən müşavirədə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi, vətəndaşların konstitusion seçki hüququnun təmin edilməsi üçün aid dövlət qurumlarına müvafiq tapşırıqlar verilmişdir.
          
Respublikamızda keçirilən Prezident seçkiləri ərəfəsində hazırlıq işlərinin, habelə seçki hüququnun təmin edilməsi vəziyyətinin monitorinqinə Müvəkkil xüsusi diqqət yetirmiş, seçkilərə hazırlıq vəziyyətinin öyrənilməsi və maarifləndirmə məqsədilə Mərkəzi seçki Komissiyası ilə birgə müvafiq tədbirlər keçirmiş, vətəndaşların seçki hüququ, səsvermə qaydalarını təmin edən normativ  hüquqi aktlara əsasən Müvəkkil aparatı tərəfindən  hazırlanmış "Sizin seçki hüququnuz", "Səsvermə qaydaları" adlı bukletlər istifadə üçün Mərkəzi Seçki Komissiyasına verilmişdir.
          
Müvəkkil 2008-ci il oktyabrın 15-də Naxçıvan Muxtar  Respublikasında keçirilən Prezident seçkilərinin gedişi, əhalinin fəallığı, müşahidəçilər üçün zəruri şəraitin yaradılması ilə maraqlanmış, bir sıra seçki məntəqələrində olaraq seçki prosesini bilavasitə izləmişdir.
          
Konstitusiyada təsbit edilmiş seçki hüququndan istifadə edərək vətəndaşlar muxtar respublikada keçirilən Prezident  seçkilərində fəal iştirak etmişdir.
          
Seçki günü Müvəkkil Şərur, Sədərək, Şahbuz, Kəngərli, Culfa, Babək rayonları ərazisindəki bir sıra seçki məntəqələrində səsvermə prosesini bilavasitə izləyərək, seçicilərin, məntəqə seçki komissiyaları üzvlərinin, yerli və beynəlxalq müşahidəçilərin seçkilərin gedişi barədə rəyini öyrənmişdir. 
          
Bununla yanaşı seçki günü Müvəkkil muxtar respublikanın Kəngərli rayonu ərazisində yerləşən Qarışıqrejimli Cəzaçəkmə müəssisəsində, Sədərək, Ordubad, Culfa, Şahbuz, Şərur, Kəngərli rayon ərazisindəki hərbi hissələrdə seçkilərin gedişini müşahidə etmişdir.
          
Beynəlxalq qurumların müşahidə missiyalarına, yerli müşahidəçilərə, kütləvi informasiya vasitələri, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinə seçki prosesini izləmək üçün seçki məntəqələrində hər cür şəraitin yaradılması, o cümlədən seçkilərin demokratik əsaslarla şəffaf və ədalətli keçirilməsi, muxtar respublikada vətəndaşların seçki hüququnun  təmin edilməsi istiqamətində görülən işlərin bariz nümunəsidir. 

Müvəkkilin fəaliyyətinin digər bir sahəsini hərbi qulluqçuların hüquqlarının müdafiəsi təşkil edir.

Fəaliyyətimizin ilk günlərindən hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinin təşkil edilməsi Müvəkkilin daim diqqətində olmuş, orduda insan hüquqları mövzusunda müvafiq tədbirlərin keçirilməsi işi davam etdirilmişdir.
          
Naxçıvan Muxtar  Respublikası Ali Məclisi, Naxçıvan Muxtar  Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar  Respublikası Mərkəzi Seçki Komissiyasının məsul şəxslərinin iştirakı ilə hərbi xidmət dövründə seçki hüququ və onun təminatına dair Naxçıvan Qarnizonu Zabitlər evində keçirilən seminar-müşavirə müxtəlif kateqoriyalı hərbi qulluqçuların çox geniş auditoriyasını əhatə etmişdir.
          
Müşavirədə hərbi qulluqçuların seçki hüququ, seçki qanunvericiliyinə edilən əlavə və dəyişikliklər, seçki hüququnun təminatı, seçki hüququnun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyətin növləri barədə çox geniş məlumat verilmiş və seçki hüququna dair hazırlanmış vəsaitlər istifadə üçün hərbi qulluqçulara verilmişdir. 
           
ATƏT-in Seçkiləri Müşahidə Missiyasının Naxçıvan Muxtar  Respublikasında olan uzun müddətli müşahidəçiləri də tədbirdə iştirak etmişdir.
           Məhkumların, cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarının müdafiəsi və bunla bağlı hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Müvəkkilin daim diqqət mərkəzində olmuşdur.
           
Müvəkkil və onun aparatı əməkdaşları müntəzəm olaraq Naxçıvan Muxtar  Respublikası Kəngərli rayon ərazisində olan Qarışıqrejimli Cəzaçəkmə Müəssisəsi və DİN-in Müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, məhkumların, cinayət məsuliyyətə cəlb edilmiş şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmişdir.
          
Beynəlxalq standartlara uyğun inşa edilən ərazisində qadın, kişi, yetkinlik yaşına çatmayanlar üçün islah əmək müəssisəsi, həbsxana, istintaq təcridxanası və digər inzibati binaları əhatə edən cəzaçəkmə müəssisəsində məhkumların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiə olunmasına şərait yaradılmışdır. 
          
Məhkumların sağlamlıq hüququnun təmin edilməsi məqsədilə müəssisə ərazisində lazımı tibbi avadanlıqlarla təchiz edilmiş, özündə ambulator və stasionar müalicəni əhatə edən tibbi xidmət təşkil edilmişdir.
          
Bununla yanaşı məhkumların hüquqlarının müdafiəsi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
         
Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar  Respublikası Ali Məhkəməsinin, Mərkəzi Seçki Komissiyasının məsul şəxslərinin iştirakı ilə cəzaçəkmə dövründə seçki hüququ və onun təminatı barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə təşkil edilmiş seminar müşavirədə öz iradəsini sərbəst, azad ifadə etməsi üçün məhkumlara seçki hüququ, seçki qanunvericiliyi, səsvermə qaydaları, seçki hüququnun pozulmasına görə məsuliyyət növləri barədə geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
          
Qeyd etmək lazımdır ki, ATƏT-in Seçkilərin Müşahidə Missiyasının Naxçıvan Muxtar  Respublikasında olan uzunmüddətli müşahidəçiləri də bu tədbirdə iştirak etmiş, cəzaçəkmə müəssisəsində məhkumlar üçün yaradılan şəraiti çox yüksək qiymətləndirmişlər.
          
Tədbirdə Müvəkkil aparatında hazırlanmış "Müvəkkilə müraciət etmək qaydaları", "Sizin seçki hüququnuz", "Səsvermə qaydaları", "Məhkumların hüquq və vəzifələri", "Şübhəli şəxsin hüquq və vəzifələri", "Təqsirləndirilən şəxsin hüquqları" adlı maarifləndirici bukletlər istifadə üçün Qarışıqrejimli Cəzaçəkmə Müəssisəsinə təhvil verilmişdir.

Müvəkkilin fəaliyyətinin mühüm sahələrindən birini onun beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələri  təşkil edir.

Müvəkkil beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, digər ölkələrin Müvəkkil təsisatları ilə insan hüquqları, bu sahədə həyata keçirilən maarifləndirmə işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
          
Müvəkkil BMT-nin Uşaq fondu (UNİCEF), ATƏT, Avropa Şurası, Amerika Hüquqşünaslar Asossasiyasının, (ABA-CEELİ) nümayəndələri ilə faydalı görüşlər keçirmiş və bu görüşlərdə  ölkəmizdə aparılan hüquqi islahatların Naxçıvan Muxtar  Respublikasında ardıcıl davam etdirilməsi, konstitusion səviyyədə yaradılmış Müvəkkil təsisatı, onun fəaliyyəti barədə ətraflı məlumat verilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
          
BMT-nin Uşaq fondunun (UNİCEF) Bakı ofisi ilə əməkdaşlığımız daha da inkişaf etmiş və bu qurumun dəvəti ilə uşaq hüquqlarının müdafiəsi sahəsində təcrübələrin daha da təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq ekspertlərin, qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi ixtisaslaşmış təlimlərdə aparatın əməkdaşları iştirak etmişdir.
          
ATƏT-in seçkiləri müşahidə missiyasının üzvləri, Naxçıvan Muxtar  Respublikasında olan uzunmüddətli müşahidəçilər ilə keçirilən görüşlərdə Müvəkkil Muxtar Respublikada yaradılmış azad seçki mühiti, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün görülən  işlər barədə məlumat vermişdir.
          
Müvəkkil Rusiya Federasiyası Sverdlovsk vilayətində keçirilən "Miqrantlar, əməkçi miqrantlar, qaçqınlar, statusu olmayan şəxslərin hüquqlarının müdafiəsi" və Ukrayna Respublikasında keçirilən "İnsan hüquq və azadlıqlarının müasir problemləri"-nə həsr olunmuş,  beynəlxalq təşkilatların, beynəlxalq Ombudsman institutlarının, milli Ombudsman təsisatlarının təmsil olunduğu  beynəlxalq konfrans və digər tədbirlərdəda iştirak etmişdir.
         
Tədbir iştirakçılarına Muxtar Respublikanın konstitusion statusu, ölkəmizin siyasi sistemindəki rolu, muxtar dövlətin qanunvericilik sistemi, idarəetmə strukturu, muxtariyyətin spesifik əlamətləri, muxtariyyətin mərkəzi hakimiyyətlə münasibətlərinin hüquqi formatı,  muxtar respublikada kompleks şəkildə həyata keçirilən demokratik, hüquqi islahatlar barədə geniş məlumat verilmişdir.

İnformasiya və ictimaiyyətlə əlaqələr öz əhəmiyyətinə görə Müvəkkilin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Müvəkkilin fəaliyyəti haqqında məlumatların əhaliyə çatdırılması üçün informasiya qurumları ilə səmərəli əməkdaşlıq formalaşdırılmışdır.
          
Muxtar Respublikada əhalinin müxtəlif təbəqələri arasında aparılan maarifləndirici tədbirlər, beynəlxalq təcrübə mübadiləsi  ilə bağlı məlumatlar müntəzəm olaraq yerli informasiya vasitələrində işıqlandırılmışdır. 
           
Müvəkkil ötən il ərzində insan hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması, həmçinin şikayətlərin çevik araşdırılması məqsədi ilə dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
         
Müvəkkilə ünvanlanmış müraciətlərin araşdırılması zamanı müəyyən problemlərin yaranmasına səbəb olan halların aradan qaldırılması üçün Müvəkkil tərəfindən müvafiq dövlət qurumlarına  təklif və tövsiyyələr verilmişdir.
          
Pozulmuş insan hüquqlarının bərpası ilə əlaqədar Müvəkkil tərəfindən dövlət və yerli özünüidarə orqanlarına verilən təklif və tövsiyyələr problemin aradan qaldırılması, oxşar halların təkrarlanmaması ilə yanaşı, bu qurumların fəaliyyətində  qanunçuluğun daha da möhkəmləndirilməsi vasitəsi kimi çıxış edir.
          
Öz fəaliyyətini şəffaflıq, qanunçuluq, ədalət, və qərəzsizlik kimi prinsiplər əsasında quran Müvəkkil öz andına sadiq qalaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar  Respublikasının Konstitusiyaları və qanunlarında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş bütün imkanlardan istifadə edərək üzərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəkdir.














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).