11:49 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2009-cu il

                                      Naxçıvan Muxtar Respublikasının İnsan
                                  Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)
                                            2009-cu ildə fəaliyyəti haqqında illik

M Ə R U Z Ə

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatı, vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir.
           
Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq demokratik dəyərlərə və beynəlxalq standartlara əsaslanan davamlı sosial, iqtisadi və köklü hüquq islahatları, yeni hüquq sisteminin bərqərar olunması üçün real şərait yaratmış, qanunun aliliyinin təmin edilməsi üçün normativ hüquqi baza formalaşdırılmış, vətəndaş cəmiyyəti təsisatları genişləndirilmişdir.
          
18 mart 2009-cu ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsi, demokratiyanın daha da genişləndirilməsi, dövlətin sosialyönümlüyünün artırılması, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.
           
İnsan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi ilə bağlı aparılan demokratik islahatlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilmiş, hər bir dövlət qurumunun və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyəti üçün  müvafiq şərait yaradılmışdır.
            Müvəkkilin 2009-cu il üçün məruzəsi daxil olan ərizə və şikayətlərin onlara baxılmasının nəticələri, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.
            
Məruzənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, insan hüquqlarının müdafiəsi və bu hüquqların pozulmasının qarşısının alınması, eyni zamanda bu sahədə əhalinin müxtəlif kateqoriyaları arasında həyata keçirilmiş tədbirlər, dövlət orqanları, ictimaiyyətlə müvəkkil təsisatı arasında mövcud əməkdaşlıq haqqında məlumatların verilməsindən ibarətdir.
           
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan istifadə edilmişdir.
         
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkil 2009-cu ildə də əsasən öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, elmi-analitik fəaliyyətin həyata keçirilməsi, əhalinin müxtəlif təbəqələri arasında hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə, maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən, maarifləndirici vəsaitlərin hazırlanması, ictimaiyyətlə, informasiya vasitələri ilə, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, o cümlədən dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
          
2009-cu ildə Müvəkkilin ünvanına 51 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 48-ni şikayətlər, 3-nü isə ərizələr təşkil etmiş, bunlardan 47-nə baxılaraq nəticə verilmişdir.
         
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 3 ərizə və şikayətə baxılmasından imtina edilmişdir.
           
44 müraciət baxılmaq üçün icraata qəbul edilmişdir. Bu müraciətlərin 14-ü təmin, 1-i isə qismən təmin edilmişdir.
           
28 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
           
1 şikayət icraata qəbul edilmiş, icraat zamanı Müvəkkilin səlahiyyətinə aid olmayan hallar aşkar edildiyi üçün müvafiq səlahiyyətli dövlət orqanına göndərilmişdir. Müraciətlərlə bağlı vətəndaşlara çox saylı hüquqi məsləhətlər verilmişdir.
           
Daxil olan müraciətlərə baxılması zamanı muxtar respublikanın aid idarə, müəssisə, təşkilatlarına və yerli özünüidarəetmə qurumlarına müvafiq sorğular verilmişdir.
           
İnsanların hüquqi düşüncə və hüquq mədəniyyətinin inkişaf etdirilməsində, demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesində mühüm amil olan hüquqi maarifləndirmə, insan hüquq və azadlıqlarının təbliği, respublikamızın konkret inkişaf mərhələsində həyata keçirilən hüquqi islahatları tənzimləyən hər bir dövlət proqramında mühüm vəzifələrdən biri kimi təsbit edilmişdir.

          Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmə işinin təşkil edilməsidir.

          Vəhdət təşkil edən hüquq və vəzifələrin, habelə məsuliyyətin  dərk edilməsi və birgə tətbiqi cəmiyyətin ahəngdar inkişafını təmin edir. Əgər insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi və pozulmuş hüquqların bərpası dövlətin ali vəzifəsidirsə, bu hüquqlardan doğan vəzifələrə əməl etmək vətəndaşların borcudur.
         
Çox təəssüflə qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarını və vəzifələrini, habelə onların hüdudlarını bilməməsi, bəzən isə öz vəzifələrinə məsuliyyətsiz yanaşması digər vətəndaşların hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnir.
          
Qeyd etmək lazımdır ki, insan hüquqlarının səmərəli təmin olunması və müdafiəsində hüquqi maarifləndirmə böyük önəm daşıyır.
         
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2009-cu ilin "Uşaq ili" elan edilməsi və bu sərəncamın icrasını muxtar respublikada təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2009-cu il tarixli Tədbirlər Planının təsdiq edilməsinə dair sərəncamı uşaqlara daha bir diqqət və qayğı nümunəsi olmaqla yanaşı respublikamızda uşaq hüquqlarının  müdafiəsi və bu sahədə maarifləndirmə baxımından xüsusi əhəmiyyət kəsb edir.
         
Uşaq hüquqları və bu sahədə maarifləndirmənin həyata keçirilməsi məqsədilə muxtar respublikanın aid dövlət qurumlarının, ictimaiyyətin və informasiya vasitələri nümayəndələrinin iştirakı ilə müvafiq tədbirlər keçirilmiş, o cümlədən Müvəkkil aparatı tərəfindən "Azərbaycan Respublikasının uşaq hüquqlarına dair iştirakçısı olduğu beynəlxalq müqavilələr" adlı nəşr hazırlanaraq istifadəyə verilmişdir. 
         
Bununla yanaşı 23 dekabr 2009-cu ildə ölkəmizdə, o cümlədən muxtar respublikada keçirilən növbəti bələdiyyə seçkiləri ərəfəsində "Bələdiyyələrə dair Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sənədlər" adlı nəşr hazırlanaraq istifadəyə verilmişdir. 
          
Azərbaycan Respublikası Konstitusiyasında hər bir vətəndaşın dövlət, yerli özünüidarə orqanlarına seçmək və seçilmək hüququ, o cümlədən xalqın öz suveren hüququnun bilavasitə həyata keçirilməsi vasitəsi olan referendumda-ümumxalq səsverməsində iştirak hüququ təsbit olunmuşdur.
          
Konstitusiyamızın daha da təkmilləşdirilməsi, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının dairəsinin genişləndirilməsi məqsədilə 18 mart 2009-cu il tarixdə keçirilən referendum ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb etmişdir.
          
Muxtar Respublikamızda keçirilən ümumxalq səsverməsi ərəfəsində hazırlıq işlərinin, habelə seçki hüququnun təmin edilməsi vəziyyətinin monitorinqinə Müvəkkil xüsusi diqqət yetirmiş, ümumxalq səsverməsinə hazırlıq vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə ölkə konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərin mahiyyətinin vətəndaşlara izah edilməsi istiqamətində müvafiq qurumlarla birgə tədbirlər keçirmiş, vətəndaşların seçki hüququ, səsvermə qaydalarını təmin edən normativ hüquqi aktlara əsasən Müvəkkil aparatı tərəfindən "Referendum-ümumxalq səsverməsi" adlı bukletlər hazırlanaraq istifadəyə verilmişdir.
           
Müvəkkil Naxçıvan Muxtar Respublikasında keçirilən ümumxalq səsverməsinin-referendumun gedişi, əhalinin fəallığı, seçki hüququnun təmin edilməsi, müşahidəçilər üçün zəruri şəraitin yaradılması ilə maraqlanmış, səsvermə günü Şərur, Sədərək, Şahbuz, Kəngərli, Culfa, Babək rayonları ərazisindəki bir sıra seçki məntəqələrində səsvermə prosesini bilavasitə izləyərək, seçicilərin, məntəqə seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, səsvermənin gedişi barədə rəyini öyrənmişdir.
           
Bununla yanaşı Müvəkkil və aparatı əməkdaşları səsvermə günü Kəngərli rayon ərazisində yerləşən Qarışıqrejimli cəzaçəkmə müəssisəsində, Sədərək, Ordubad, Culfa, Şahbuz, Şərur, Kəngərli rayon ərazisindəki hərbi hissələrdə səsvermənin gedişini müşahidə etmişdir.
           
Muxtar respublikada referendum qabağı seçicilərin maarifləndirilməsi, ölkə konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə geniş izahat işlərinin aparılması ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşların konstitusion seçki hüququnun azad və sərbəst həyata keçirilməsini, eyni zamanda səsvermədə seçicilərin fəal iştirakını təmin etmişdir.    

Müvəkkilin fəaliyyətinin digər bir sahəsi hərbi qulluqçuların hüquqlarının müdafiəsidir.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə maarifləndirmə işinin təşkil edilməsi fəaliyyətimizin ilk günlərindən Müvəkkilin daim diqqət mərkəzində olmuş, orduda insan hüquqları, vətənpərvərlik, zabit və əsgərlərin mənəvi, əxlaqi, etik davranış qaydaları, nizamnamədən kənar münasibətlər mövzusunda müvafiq tədbirlərin həyata keçirilməsi işi davam etdirilmişdir. 
           
Hərbi hissələrdə keçirilən tədbirlərdə Müvəkkil mütəmadi olaraq hərbi qulluqçuların qulluq şəraiti ilə maraqlanmışdır.
           
Bununla yanaşı Müvəkkil aparatı tərəfindən insan hüquqlarına dair  maarifləndirici vəsaitlər hazırlanaraq istifadə üçün hərbi hissələrə verilmişdir. Müvəkkil ötən ildə də hərbi qulluqçular və onların hüquqlarının müdafiəsi ilə bağlı digər dövlət qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərini davam etdirmişdir.

Məhkumların cinayət prosesinə cəlb edilmiş şəxslərin hüquqlarının müdafiəsi və bununla bağlı hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi Müvəkkilin daim diqqət mərkəzində olmuşdur.

Penitensiar sistemdə insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası 02 dekabr 2008-ci il tarixdə BMT-nin "İşgəncələrə və digər qəddar qeyri-insani yaxud ləyaqət alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyasının Fakultətiv protokoluna qoşulmuş və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Fərmanına əsasən Fakultətiv protokolun icrasını təmin etmək məqsədilə milli preventiv mexanizmi müəyyənləşdirilmişdir.
          
Qeyd etmək lazımdır ki, ölkəmizdə penitensiar sistemdə aparılan islahatlar cəzaların icrasını tənzimləyən qanunvericilik bazasının daha da təkmilləşdirilməsi, məhkumlar üçün müvafiq cəzaçəkmə şəraitinin yaradılması və cəzanı icra edən müəssisələrin işçi heyətinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində davam etdirilmişdir.
           
Müvəkkil və onun aparatı əməkdaşları müntəzəm olaraq Naxçıvan Muxtar Respublikası Kəngərli rayon ərazisində yerləşən Qarışıqrejimli cəzaçəkmə müəssisəsi və Daxili İşlər Nazirliyinin tabeliyində olan Müvəqqəti saxlama təcridxanasında olmuş, məhkumların, məsuliyyətə cəlb edilmiş şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmişdir. 
           
Bununla yanaşı ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə məhkumların hüquqlarının müdafiəsi məqsədilə Qarışıqrejimli cəzaçəkmə müəssisəsində hüquq-maarifləndirici tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi davam etdirilmişdir.
            
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Mərkəzi Seçki Komissiyasının məsul şəxslərin iştirakı ilə cəzaçəkmə müəssisəsində keçirilən seminar-müşavirədə məhkumlara öz iradəsini sərbəst, azad ifadə etməsi üçün seçki hüququ, ümumxalq səsverməsi, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər,onların mahiyyəti, seçki hüququnun təmin edilməsi, səsvermə qaydaları, seçki hüququnun pozulmasına görə məsuliyyət növləri barədə geniş məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. 
             
Tədbirdə Müvəkkil aparatında hazırlanmış "Referendum-Ümumxalq səsverməsi" adlı buklet məhkumların istifadəsi üçün Qarışıqrejimli cəzaçəkmə müəssisəsinə verilmişdir. 

Müvəkkilin fəaliyyətinin mühüm sahələrindən birini də onun beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsi təşkil edir.

Artıq beynəlxalq hüquq qaydalarına çevrilən insan hüquq və azadlıqlarına dair meyarlar dünya ombudsmanlarının fəaliyyətlərində tətbiq edildiyinə görə bu təsisat mövcud sahədə müasir təsəvvürləri, düşüncələri və qabaqcıl təcrübəni bir ölkədən digər ölkəyə daşıyan və bu mənada dövlətlər, xalqlar arasında beynəlxalq əlaqələri daim inkişaf etdirən orqana çevrilmişdir.
          
Ötən il ərzində Müvəkkil beynəlxalq təcrübə mübadiləsi sahəsində əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaranmasına xüsusi önəm vermişdir. Müvəkkil beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri və digər ölkələrin Müvəkkil təsisatları ilə insan hüquqları, bu sahədə həyata keçirilən maarifləndirmə işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
          
Müvəkkil Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin, Avropa Birliyinin, o cümlədən Avropa Şurasının monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi və nümayəndə heyətini, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi və digər beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirmiş və bu zaman ölkəmizdə aparılan hüquqi islahatlar, bu islahatların Naxçıvan Muxtar Respublikasında ardıcıl davam etdirilməsi, Müvəkkil  təsisatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti  barədə ətraflı məlumat vermiş, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

İnformasiya və ictimaiyyətlə əlaqələr öz əhəmiyyətinə görə Müvəkkilin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.

Müvəkkil təsisatı yarandığı ilk gündən onun məqsədi, fəaliyyət istiqamətləri haqqında məlumatların əhaliyə çatdırılması üçün informasiya qurumları ilə sıx əməkdaşlıq formalaşdırılmış, muxtar respublikada əhalinin müxtəlif təbəqələri arasında aparılan maarifləndirici tədbirlər, müvəkkil aparatında keçirilən görüşlər və Müvəkkilin fəaliyyəti ilə bağlı məlumatlar müntəzəm olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. 
          
İnsan hüquqlarının müdafiəsində daha effektiv nəticə əldə etmək üçün mövcud hüquq müdafiə mexanizmləri arasında qarşılıqlı və əlaqəli fəaliyyətin böyük əhəmiyyət daşıdığını nəzərə alaraq, Müvəkkil ötən ildə də dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirmiş, müraciətlərin araşdırılması ilə əlaqədar aid dövlət qurumlarına müvafiq təklif və tövsiyyələr verilmişdir.
           
Demokratik hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən islahatlar insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə etibarlı şərait yaratmış və bu hüquqların davamlı inkişafına təkan vermişdir.
           
Muxtar respublikamızda yaradılan şəraitdən və qanunla müəyyən edilmiş bütün imkanlardan istifadə edərək Müvəkkil və onun aparatı bundan sonra da üzərinə düşən vəzifələrinin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).