3:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2011-ci il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2011-ci ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Hörmətli Sədr!
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili muxtar respublikada bu qurumun fəaliyyəti üçün yaradılmış şəraitdən istifadə edərək vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2011-ci ildə də davam etdirmişdir.
Müvəkkilin 2011-ci il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, əhalinin müxtəlif kateqoriyaları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzənin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, eyni zamanda bu sahədə əhalinin müxtəlif sosial qrupları arasında həyata keçirilmiş tədbirlər, Müvəkkil təsisatı ilə dövlət orqanları, ictimaiyyət arasında mövcud əməkdaşlıq haqqında məlumatların verilməsindən ibarətdir.
Məruzənin hazırlanmasında, həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkil 2011-ci ildə də əsasən öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, elmi analitik fəaliyyətinin həyata keçirilməsi, əhalinin müxtəlif təbəqələri arasında əsas insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən maarifləndirici vəsaitlərin hazırlanması, ictimaiyyətlə, informasiya vasitələri və dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam etdirmişdir.
Qeyd olunan istiqamətlər üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat vermək istəyirəm.
1. Daxil olan müraciətlərin araşdırılması barədə
2011-ci ildə Müvəkkil aparatına 68 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 37-ni şikayətlər, 31-ni isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar, sübutların olmaması səbəbindən 11 şikayətə baxılmasından imtina edilmişdir.
26 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 6-sı təmin edilmişdir.
20 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə müvafiq hüquqi məsləhətlər verilmişdir.
2. Hüquqi maarifləndirmə sahəsində görülmüş tədbirlər
Müasir dövrdə əhalinin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, vətəndaş cəmiyyətinin davamlı inkişafının əsas amillərindəndir.
Vəhdət təşkil edən hüquq və vəzifələrin, habelə məsuliyyətin dərk edilməsi və birgə tətbiqi cəmiyyətin ahəngdar inkişafını təmin edir. Əgər insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsi və pozulmuş hüquqların bərpası dövlətin ali vəzifəsidirsə, bu hüquqlardan doğan vəzifələrə əməl etmək vətəndaşların borcudur.
Çox təəssüflə qeyd edilməlidir ki, bir çox hallarda vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarını və vəzifələrini, habelə onların hüdudlarını bilməməsi, bəzən isə öz vəzifələrinə məsuliyyətsiz yanaşması digər vətəndaşlarla yanaşı öz hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnir.
Daxil olan müraciətlərin araşdırılması onu göstərir ki, insan hüquqlarının pozulması bilavasitə bu sahədə məlumatsızlıqdan irəli gəlir. Şübhəsiz ki, öz hüquqlarını və vəzifələrini bilməyən şəxsin hərəkətləri, hüquq pozuntusu hallarının eyni zamanda müxtəlif növ məsuliyyətin yaranmasına şərait yaradır.
2011-ci ildə də Müvəkkil insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması və bərpası, o cümlədən insan hüquq və azadlıqlarının təbliği və hüquqi maarifləndirmə sahəsində fəaliyyətini müvafiq tədbirlərin keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Bununla yanaşı vətəndaşların müraciətlərinə verilən cavab məktubları da mühüm maarifləndirici vasitə kimi çıxış edir. Belə ki, müraciətlərində tələblərinin əsaslı və ya əsassız olması, eyni zamanda öz hüquqlarını müdafiə edə biləcəyi mexanizmlər barədə verilən tövsiyələr vətəndaşları hüquq və vəzifələrinə dair maarifləndirmə məqsədi daşıyır.
2011-ci ildə də əhalinin müxtəlif sosial qruplarına ünvanlanan tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, həmçinin Müvəkkil aparatında "Azərbaycan Respublikasının əlillərin hüquqlarına dair qoşulduğu beynəlxalq sənədlər" və "Əlillərin sosial müdafiəsinin beynəlxalq və milli qanunvericilikdə təsbiti" adlı nəşrlər hazırlanaraq istifadəyə verilmişdir.
Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında İnsan Hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında 28 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən seçki hüququ üzrə Naxçıvan Muxtar Respublikasında da seçki komissiyaları üzvləri üçün aid qurumlarla birgə ixtisaslaşmış kurslar keçirilmişdir.
3. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və təbliği Müvəkkilin daim diqqət mərkəzində olmuş, orduda insan hüquqları, vətənpərvərlik, zabit və əsgərlərin mənəvi, əxlaqi, etik davranış qaydaları nizamnamədən kənar münasibətlər, həmçinin qanunçuluq və hüquq qaydalarının daha da möhkəmləndirilməsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi 2011-ci ildə də ardıcıl davam etdirilmişdir.
Bu istiqamətdə səylərimizin birləşdirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Naxçıvan Qarnizonu ilə birgə muxtar respublika ərazisindəki birləşmə, hərbi hissələrdə aid dövlət qurumlarının iştirakı ilə ardıcıl olaraq müvafiq tədbirlər keçirilmişdir.
Ordu quruculuğunda cəmiyyətin də daha fəal iştirakını təmin etmək, həmçinin əsgərlər arasında intizamı və döyüş əhval-ruhiyyəsini daha da artırmaq məqsədilə hərbi hissələrdə keçirilən tədbirlərə gənc əsgərlərin valideynlərinin cəlb edilməsi təcrübəsindən də istifadə olunmuşdur.
Bununla yanaşı hərbi qulluqçular və onların ailə üzvlərindən Müvəkkilə ünvanlanan müraciətlərin müvafiq qaydada araşdırılması işi də davam etdirilir.
4. Məhkumların, cinayət prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının müdafiəsi və bununla bağlı hüquqi maarifləndirmə tədbirləri barədə
Ölkəmizdə aparılan hüquqi islahatların tərkib hissəsi kimi penitensiar sistemdə də müvafiq tədbirlər həyata keçirilmiş, cəza icra qanunvericiliyi daha da təkmilləşdirilmişdir.
Qanunvericilikdən azadlığın məhdudlaşdırılması cəza növünün çıxarılması və həmin cəza növünə məhkum edilmiş şəxslərin cəzalarının daha yüngül cəzalarla - cərimə və islah işləri ilə əvəz edilməsi prosesi Naxçıvan Muxtar Respublikasında da başa çatdırılmışdır.
Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələri və istintaq təcridxanasında, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama təcridxanasında olmuş, məhkumların, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmiş və çoxsaylı monitorinqlər aparmışlar.
2011-ci ildə də Ədliyyə Nazirliyi ilə birgə məhkumların hüquqlarının müdafiəsi məqsədilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində ardıcıl olaraq hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Bununla yanaşı, məhkumların ailə və digər problemləri ilə bağlı Müvəkkilə ünvanlanan müraciətlərinin müvafiq qaydada araşdırılması işi də ardıcıl davam etdirilir.
5. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin təşkili barədə
Müvəkkil beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri və digər ölkələrin Müvəkkil təsisatları ilə insan hüquqları, bu sahədə həyata keçirilən maarifləndirmə işinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
2011-ci il ərzində Müvəkkil Aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaranması diqqət mərkəzində saxlanılmışdır.
Müvəkkil 2011-ci ildə ATƏT-in Bakı ofisinin rəhbəri və digər beynəlxalq qurumların nümayəndələri ilə bir sıra görüşlər keçirmiş, muxtar respublikanın konstitusion statusu, ölkəmizin siyasi sistemindəki rolu, muxtar dövlətin qanunvericilik sistemi, ölkəmizdə aparılan hüquqi islahatların muxtar respublikamızda ardıcıl davam etdirilməsi, bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən Müvəkkil təsisatı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti barədə ətraflı məlumat vermiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
6. İnformasiya və ictimaiyyətlə əlaqələrin təşkili barədə
Müvəkkil təsisatı yarandığı ilk gündən kütləvi informasiya vasitələri və ictimaiyyətlə səmərəli əməkdaşlıq qurulmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı məlumatlar müntəzəm olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Bununla yanaşı, ötən il istifadəyə verilmiş Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi internet səhifəsinin informasiya bazası daha da təkmilləşdirilmişdir.
İnsan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Müvəkkil 2011-ci ildə də dövlət və yerli özünüidarəetmə orqanları ilə birgə əməkdaşlığını davam etdirmiş və müraciətlərin araşdırılması zamanı dövlət və yerli özünüidarəetmə orqanlarına öz təklif və tövsiyələrini vermişdir.
Muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək, Müvəkkil bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).