5:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2013-cü il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Hörmətli Sədr!
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2013-cü ildə də davam etdirmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi, iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə inzibati binada təmir və yenidənqurma işləri aparılmış, yaradılan yeni iş otaqları müasir avadanlıqlarla təhciz edilmişdir.
Həyata keçirilən tədbirlər Müvəkkil təsisatının fəaliyyətinin, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işinin daha səmərəli təşkilinə xidmət etmişdir.
İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun inkişafına göstərilən yüksək diqqət və qayğıya görə hörmətli Sədrimizə öz minnətdarlığımızı bildiririk.
Müvəkkilin 2013-cü il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, Preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif sosial qrupları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
2013-cü ildə həyata keçirilmiş tədbirlər aşağıdakı istiqamətləri əhatə etmişdir:
1. Daxil olan müraciətlərin araşdırılması
2013-cü ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 27-ni şikayətlər, 43-nü isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilmişdir.
23 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 7-si təmin edilmişdir.
16 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
2. Hüquqi maarifləndirmə sahəsində görülmüş tədbirlər
2013-cü ildə də Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası, o cümlədən insan hüquq və azadlıqlarının təbliği və hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən müxtəlif sosial qruplara ünvanlanan, insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada icrası cari ildə də davam etdirilmişdir.
Belə ki, 2013-cü ildə də Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası işinin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə muxtar respublikanın müvafiq dövlət qurumları, məhkəmə, hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə müvafiq konfrans keçirilmiş və görülən işlər müzakirə edilmişdir.
2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar ulu öndərin insan hüquq və azadlıqlarının təmin edilməsi və onların müdafiə olunması sahəsində əvəzsiz fəaliyyətinin daha da dərindən öyrənilməsi məqsədilə muxtar respublikada "Heydər Əliyev və insan hüquqları" mövzusunda yazı müsabiqəsi keçirilmiş, qaliblər mükafatlandırılmışdır.
2013-cü il oktyabrın 9-da Azərbaycan Respublikasında keçirilən Prezident seçkiləri ölkəmizin, həmçinin muxar respublikamızın ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşımışdır.
Muxtar respublikada seçki ərəfəsində hazırlıq işlərinə, habelə seçki hüququnun təmin edilməsinə xüsusi diqqət yetirilmiş, seçkilərə hazırlıq vəziyyətinin öyrənilməsi və seçicilərin maarifləndirilməsi məqsədilə müvafiq qurumlarla birgə tədbirlər keçirilmişdir.
Qeyd etmək lazımdır ki, seçki günü, həmçinin seçkilərə hazırlıq dövrü də daxil olmaqla, vətəndaşlar, yerli və beynəlxalq müşahidəçilər tərəfindən seçki hüququnun pozulması ilə bağlı təsisata hər hansı müraciət daxil olmamışdır.
Hər il olduğu kimi insan hüquqları sahəsində əlamətdar günlər "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü", "10 dekabr Beynəlxalq insan hüquqları günü" muxtar respublikanın aidiyyəti dövlət qurumlarının iştirakı ilə qeyd edilmiş və müvafiq konfranslar keçirilmişdir.
Ümumilikdə, 2013-cü il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 84 tədbir keçirilmiş, o cümlədən hüquqi maarifləndirici vəsaitlər hazırlanaraq aidiyyatı qurumlara təqdim edilmişdir.
3. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə Müvəkkilin daim diqqət mərkəzində olmuş, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi 2013-cü ildə də davam etdirilmişdir.
Naxçıvan Qarnizonu ilə birgə hazırlanmış tədbirlər planına müvafiq olaraq muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə maarifləndirici tədbirlər keçirilmiş, insan hüquqlarına dair hüquqi vəsaitlər təqdim edilmişdir.
Həmçinin aidiyyəti qurumlarla birgə Naxçıvan Qarnizonu və Naxçıvan Sərhəd Diviziyasında hərbi qulluqçuların seçki hüququna dair keçirilən seminarlarda hərbi qulluqçulara hərbi xidmət dövründə seçki hüququ və onun təminatları, habelə səsvermə qaydaları barədə geniş məlumat verilmişdir.
Bununla yanaşı, hərbi qulluqçular və onların ailə üzvlərinin Müvəkkilə ünvanlanan müraciətlərinin müvafiq qaydada araşdırılması da davam etdirilmişdir.
4. Məhkumların hüquqlarının müdafiəsi
2013-cü ildə Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində olmuş, məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmişdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan humanist cəza siyasətinə əsaslanan tədbirlərin muxtar respublikada da uğurla və mütəmadi davam etdirilməsi məhkumların hüquqlarının müdafiəsinə xidmət etmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar qəbul edilmiş 7 may 2013-cü il tarixli Amnistiya aktı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin tabeliyindəki cəzaçəkmə müəssisələrində olan 5 məhkuma da şamil edilmişdir. Belə ki, amnistiya aktına əsasən, 3 məhkum cəza çəkməkdən azad edilmiş, 2 məhkumun cəza müddəti azaldılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 5 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 4 məh¬kum barəsində cəzaçəkmə növünün dəyişdirilməsi tətbiq edilmişdir.
Ümumilikdə, 2013-cü il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 14 məhkum barəsində belə humanist tədbirlər tətbiq edilmişdir.
Bununla yanaşı, Ədliyyə Nazirliyi ilə birgə hazırlanmış tədbirlər planına əsasən il ərzində maarifləndirici tədbirlər də mütəmadi davam etdirilmiş, həmçinin aidiyyatı qurumlarla birgə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumların seçki hüququna dair keçirilən seminarda azadlıqdan məhrum edilmiş şəxslərə cəzaçəkmə dövründə seçki hüququ və onun təminatları, habelə səsvermə qaydaları barədə geniş məlumat verilmişdir.
5. Preventiv mexanizm funksiyasının icrası
2013-cü ildə Müvəkkil Preventiv mexanizm fəaliyyətini əsasən müvafiq başçəkmələrin və maarifləndirici tədbirlərin həyata keçirilməsi, həmçinin bu sahədə müvafiq vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Ötən ildə Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid ümumilikdə 26 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 79 başçəkmə həyata keçirilmişdir.
Bu və ya digər müəssisəyə başçəkmə zamanı saxlanma şəraiti, işçi heyətinin rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti, habelə məhkumlara tətbiq olunan islah etmə vasitələri, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir.
Qeyd edilməlidir ki, Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, asudə vaxtının təşkil edilməsi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmış, verilən tövsiyyələrin icrası üzrə tədbirlər görülmüşdür.
Bununla yanaşı, 2013-cü ildə Preventiv mexanizmin fəaliyyəti ilə əlaqədar azadlıqdan məhrumetmə yerlərində maarifləndirmə işi də həyata keçirilmişdir.
6. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin təşkili
Ötən il ərzində də Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Müvəkkil aparatında 2013-cü ildə ATƏT-in seçkiləri müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri, o cümlədən Avropa Birliyi ölkələrinin Azərbaycan Respublikasında akkreditasiya olunmuş nümayəndələrindən ibarət heyət ilə görüşlər keçirilmiş, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlər, habelə seçki hüququnun ardıcıl təmin edilməsi istiqamətində görülən işlər, Müvəkkil təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə tədbirlərinin təşkili və keçirilməsi, təcrübə mübadiləsi və bu sahədə maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
7. İnformasiya və ictimaiyyətlə əlaqələrin təşkili
Müvəkkil bu sahədə fəaliyyətini "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi və informasiya sahibi olan dövlət qurumları, yerli özünüidarəetmə orqanları, habelə muxtar respublikanın kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi istiqamətində davam etdirmişdir.
Ötən ildə də muxtar respublikada insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, habelə Müvəkkilin bu sahədə fəaliyyəti ilə bağlı məlumatlar müntəzəm olaraq kütləvi informasiya vasitələrində, həmçinin Müvəkkilin rəsmi internet səhifəsində işıqlandırılmışdır.
Bununla yanaşı informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkilin rəsmi internet səhifəsinin informasiya bazası daha da təkmilləşdirilmiş, informasiyaların mütəmadi yenilənməsi, həmçinin elektron müraciət səhifəsinin fəaliyyəti və ona texniki nəzarətin həyata keçirilməsi təmin edilmişdir.
2013-cü ildə Müvəkkil təsisatı insan hüquqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
Hörmətli Sədr!
Sizin təşəbbüsünüz əsasında Naxçıvan Muxtar Respublikasında müstəqil bir qurum kimi yaradılan və fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil təsisatı bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).