11:15 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2014-cü il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2014-cü ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Hörmətli Sədr!
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, həmçinin bu hüquqların davamlı inkişafına yönəlmiş tədbirləri 2014-cü ildə də davam etdirmişdir.
Müvəkkil öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurmuşdur.
Müvəkkilin 2014-cü il üçün məruzəsi daxil olan müraciətlərə baxılmasının nəticələri, Preventiv mexanizm funksiyasının icrası, əhalinin müxtəlif sosial qrupları arasında hüquqi maarifləndirmə işinin təşkili, ictimaiyyətlə əlaqələr, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzənin hazırlanmasında həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
2014-cü ildə həyata keçirilmiş tədbirlər aşağıdakı istiqamətləri əhatə etmişdir:
1. Daxil olan müraciətlərin araşdırılması
2014-cü ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 117 müraciət daxil olmuşdur. Bu müraciətlərin 28-ni şikayətlər, 89-nu isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin keçməsi, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 5 şikayətə baxılmasından imtina edilmişdir.
23 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 4-ü təmin edilmişdir.
19 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan bütün müraciətlər cavablandırılmışdır.
2. Hüquqi maarifləndirmə sahəsində görülmüş tədbirlər
2014-cü ildə də Müvəkkil insan hüquq və azadlıqlarının təbliği və hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən müxtəlif sosial qruplara ünvanlanan, insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada icrası ötən illərdə olduğu kimi bu il də diqqətdə saxlanmışdır. Proqramda nəzərdə tutulmuş tədbirlərin təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, habelə görülən işlərin əlaqələndirilməsi məqsədilə muxtar respublikanın müvafiq dövlət qurumları, məhkəmə, hüquq-mühafizə orqanları, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilmiş və görülən işlər müzakirə edilmişdir.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubleyi ilə əlaqədar muxtar respublikanın ümumtəhsil, ali və orta ixtisas təhsil müəssisələrindən 680 şagirdin və 180 tələbənin iştirak etdiyi hüquq olimpiadası keçirilmişdir. Olimpiadanın nəticələri "Naxçıvan Muxtar Respublikasının 90 illik yubleyi"nə həsr olunmuş tədbirdə açıqlanmış, qaliblər mükafatlandırılmışdır.
Həmçinin aidiyyəti qurumlarla birgə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təsisçiləri üçün seminar-müşavirələr keçirilmiş, qeyri-hökumət təşkilatlarının hüquq və vəzifələri, məsuliyyəti və bu qurumların fəaliyyəti ilə bağlı qanunvericiliyin tələbləri barədə geniş məlumat verilmişdir.
İnsan hüquqları sahəsində əlamətdar günlər olan "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü" və "10 dekabr Beynəlxalq insan hüquqları günü" muxtar respublikanın aidiyyəti dövlət qurumları ilə birlikdə qeyd edilmiş, müvafiq konfranslar keçirilmişdir.
Ümumilikdə, 2014-cü il ərzində Müvəkkil təsisatı tərəfindən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müxtəlif sosial qruplara ünvanlanmış 86 tədbir keçirilmiş, o cümlədən hüquqi maarifləndirici vəsaitlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
3. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi və təbliği Müvəkkilin daim diqqət mərkəzində olmuş, orduda insan hüquqları, qanunçuluq və nizamnaməyə uyğun xidmətin təşkili, vətənpərvərlik və vətənə sədaqət mövzularında maarifləndirici tədbirlərin həyata keçirilməsi 2014-cü ildə də ardıcıl davam etdirilmişdir.
Bu istiqamətdə səylərimizin birləşdirilməsi və fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordusu və Naxçıvan Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə müvafiq tədbirlər keçirilmiş, insan hüquqlarına dair vəsaitlər təqdim edilmişdir.
Bununla yanaşı, hərbi qulluqçular və onların ailə üzvlərinin Müvəkkilə ünvanlanan müraciətlərinə müvafiq qaydada baxılmışdır.
4. Məhkumların hüquqlarının müdafiəsi
2014-cü ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrində olmuş, məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 6 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 6 məhkum barəsində cəzanın növünün dəyişdirilməsi tədbiq edilmiş, 1 nəfər isə cəza çəkməkdən azad edilmişdir.
Ümumilikdə, 2014-cü il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 13 məhkum barəsində belə humanist tədbirlər tətbiq edilmişdir.
Bununla yanaşı ötən il ərzində Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər davam etdirilmiş, müəssisənin kitabxanalarına hüquqi vəsaitlər təqdim edilmişdir.
5. Preventiv mexanizm funksiyasının icrası
2014-cü ildə Müvəkkil tərəfindən Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə ümumilikdə 29 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 144 başçəkmə həyata keçirilmişdir.
Bu və ya digər müəssisəyə başçəkmə zamanı saxlanma şəraiti, habelə məhkumlara tətbiq olunan islah etmə vasitələri, işçi heyətinin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir.
Qeyd edilməlidir ki, Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır.
6. Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin təşkili
Müvəkkil beyəlxalq qurumların Azərbaycan üzrə ofisləri və digər ölkələrin Müvəkkil təsisatları ilə insan hüquqları sahəsində həyata keçirilən maarifləndirmə, bu sahədə təcrübə mübadiləsi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirmişdir.
7. İnformasiya və ictimaiyyətlə əlaqələrin təşkili
Müvəkkilin rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, qanunvericilik bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Bununla yanaşı muxtar respublikanın 90 illik yubleyi ilə əlaqədar Müvəkkilin rəsmi internet səhifəsində yeni bölmə yaradılmış, muxtariyyətin hüquqi və tarixi əsasları, 90 illik inkişaf tarixi, həmçinin son 19 ildə muxtar respublikada hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar əks etdirilmişdir.
2014-cü ildə insan hüquqlarının pozulmasının qarşısının alınması, pozulmuş hüquqların bərpası, o cümlədən maarifləndirici tədbirlərin həyata keçirilməsi sahəsində görülən işlərin təhlili göstərir ki, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilən müsbət təcrübə daha da inkişaf etdirilməli və mütəmadi təkmilləşdirilməlidir.
Hörmətli Sədr!
Öz fəaliyyətini şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil təsisatı digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).