17:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2015-ci il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2015-ci ildə fəaliyyəti haqqında illik
M Ə R U Z Ə
 
Hörmətli Sədr!
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə yönəlmiş tədbirləri 2015-ci ildə də davam etdirmişdir.
2015-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 103 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 33-nü şikayətlər, 70-ni isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması səbəbindən 5 şikayətə baxılmasından imtina edilmişdir.
28 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 12-si isə təmin edilmişdir. 16 şikayətə baxılması zamanı hüquq pozuntusu aşkar edilməmişdir.
2015-ci ildə də Müvəkkil insan hüquqlarının təbliği və hüquqi maarifləndirmə sahəsində fəaliyyətini əsasən insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin təbliği və tətbiqi məqsədilə müvafiq orqanların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə konfrans keçirilmiş və görülən işlər müzakirə edilmişdir.
İnformasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və bu sahədə hüquqi maarifləndirmə məqsədilə aid qurumlarla birgə muxtar respublikanın kütləvi informasiya vasitələri üçün seminar-müşavirə keçirilmiş, iştirakçılara kütləvi informasiya vasitələrində hərbi proqram və materialların hazırlanma qaydaları və informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələbləri barədə geniş məlumat verilmişdir.
İnsan hüquqları sahəsində əlamətdar günlər "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü", "12 noyabr Konstitusiya günü", "10 dekabr Beynəlxalq insan hüquqları günü" qeyd edilmiş və müvafiq tədbirlər keçirilmişdir.
Ümumilikdə, 2015-ci il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə 80 tədbir keçirilmiş, o cümlədən hüquqi maarifləndirici vəsaitlər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilmişdir.
2015-ci ildə də hərbi qulluqçuların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə istiqamətində fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordusu və Naxçıvan Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə müvafiq tədbirlər keçirilmiş, insan hüquqlarına dair vəsaitlər təqdim edilmişdir.
2015-ci ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq Ədliyyə Nazirliyinin tabeliyində olan cəzaçəkmə müəssisələrində olmuş, məhkumların hüquqlarının təmin edilməsi üzrə müvafiq maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 7 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 5 məhkum barəsində isə cəzanın növünün dəyişdirilməsi tətbiq edilmişdir. Ümumilikdə, 2015-ci il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 12 məhkum barəsində belə humanist tədbirlər tətbiq edilmişdir.
Müvəkkil Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə ümumilikdə 28 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 111 başçəkmə həyata keçirmiş, Preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1578 nəfər iştirak etmişdir.
Ötən il ərzində Müvəkkil aparatında beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri və xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilmiş, beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır.
Ötən ildə informasiya və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində görülən işlər ardıcıl davam etdirilmişdir.
Müvəkkil təsisatının rəsmi internet səhifəsində informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə müvafiq qurumlar tərəfindən səyyari xidmətlərin göstərilməsi vətəndaşların müraciət etmək imkanlarının daha da asanlaşdırılmasında mühüm rol oynamışdır.
Qeyd edilməlidir ki, son iyirmi ildə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl olaraq həyata keçirilməsi, əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə geniş imkanlar yaratmışdır.
Hörmətli Sədr!
Müvəkkil təsisatı bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).