7:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



2022-ci il

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə
məruzəsi
 
Ölkəmizdə insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsi, vətəndaşların hüquq institutlarına inamının artırılması, onların müraciət etmək imkanlarının asanlaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında ardıcıl şəkildə davam etdirilir, əhalinin müxtəlif sosial qruplarının hüquq bərabərliyinin davamlı təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.
Müvəkkil təsisatı 2022-ci ildə fəaliyyətini insan hüquqlarının daha etibarlı müdafiəsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması, preventiv mexanizm funksiyalarının icrası, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibləri tərəfindən yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, beynəlxalq təcrübə mübadiləsi, hüquqi maarifləndirmə, bu sahədə dövlət və yerli özünüidarəetmə orqanları, media subyektləri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın davamlı inkişaf etdirilməsi istiqamətində quraraq uğurla davam etdirmişdir.
I. Daxil olan müraciətlərin araşdırılması:
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ünvanına 2022-ci ildə yazılı (o cümlədən elektron) və şifahi formada 99 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 64-nü şikayətlər, 35-ni isə ərizələr təşkil etmişdir.
2022-ci il ərzində Müvəkkil tərəfindən baxılmış 64 şikayətdən sosial təminat hüququ, yəni şəhid ailəsinin mənzillə təmin olunmaması, ünvanlı dovlət sosial yardımının verilməməsi, əlilliyə gorə əmək pensiyasının verilməməsi və bərpa olunmaması, sığorta odənişinin odənilməməsi və sair, mülkiyyət hüququ, yəni evin sənədləşdirilməsinə maneə olunması, mənzilin ozəlləşdirilməsinin qarşısının alınması, zəbt olunmuş torpaq sahəsinin azad olunmaması və sair, əmək hüququ, yəni işinə bərpa olunmaması, münasib işlə təmin olunması ilə bağlı muraciətinə baxılmaması, işə qəbulla bağlı dovlət orqanı tərəfindən sənədlərin qəbul edilməməsi və sair, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ, yəni məhkəmə qərarlarının icra olunmaması, məhkəmə tərəfindən iddia ərizəsinin surətinin təqdim edilməməsi, saxlanılan şəxslə görüş hüququnun təmin edilməməsi, məhkumun vətəndaşı olduğu olkəyə ekstradisiya olunmaması və sair, şərəf və ləyaqətin müdafiəsi hüququ, yəni ailəsinin təhqirə məruz qalması, saxlanılan şəxsin ləyaqətini alçaldan rəftara məruz qalması, iş yerində təhqirə məruz qalması, müraciət etmək hüququ, yəni övladının sağlamlığının yoxlanılmaması; torpaq sahəsindən dəmir elektrik dirəyinin çıxarılmaması; ailə kəndli təsərrufatcısı kimi qeydiyyata alınması və digər tələblərlə bağlı edilən muraciətlərə baxılmaması, azadlıq hüququ, yəni dovlət orqanı tərəfindən azadlıq hüququna təhdidin yaranması, vətəndaşlıq hüququ, yəni şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsinə maneələrin yaradılması, təhsil hüququ, yəni övladının təhsil hüququnun pozulması, azad sahibkarlıq hüququ, yəni mağazasının qanunsuz bağlanması, ailə kəndli təsərrufatcısı kimi qeydiyyata alınmaması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, yəni tibb muəssisəsində sağlamlığına dəymiş zərərin odənilməməsi, işdən çıxarılma ilə əlaqədar dəymiş ziyanın odənilməməsi, ailə hüququ, yəni övladı ilə unsiyyət qura bilməməsi, nikah hüququ, yəni nikahın pozulmasının qarşısının alınması ilə əlaqədar olmuşdur. Daxil olmuş şikayətlərin hüquqi kateqoriyasına görə ən çoxunu, yəni 36 faizini sosial təminat hüququ ilə bağlı şikayətlər təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, şikayətin anonim olması, şikayətdə üçüncü şəxs qismində müraciət edənin etibarnaməsinin olmaması, ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən 1 il müddətinə verilməməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 21 şikayətə baxılmasından imtina edilmişdir. Baxılmaq üçün icraata qəbul edilmiş 43 müraciətdən 7-si 2023-cü ilə qalıq qalmışdır. Müvəkkil tərəfindən baxılan işlərdən 19 faizində hüquq pozuntusu aradan qaldırılmışdır ki, bu da Müvəkkil fəaliyyəti dövründə ötən illər üzrə ən yüksək göstəricidir. Baxılan şikayətlərin 29-da isə hüquq pozuntusu aşkar edilməmişdir.
Müvəkkil tərəfindən 35 ərizə baxılmaq üçün icraata qəbul edilmiş, 33 ərizə üzrə müraciət edənlərə hüquqi məsləhətlər verilmiş, 1 ərizə aidiyyəti üzrə göndərilmiş, 1 ərizə üzrə isə icraat davam etmişdir.
Muxtar respublikanın aidiyyəti dövlət orqanlarına vətəndaşların etdiyi müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında baxılmaması və yazılı cavab verilməməsi barədə şikayətçilər tərəfindən Müvəkkilə ünvanlanmış müraciətlər qanunamüvafiq araşdırılmış, hərəkət və ya hərəkətsizliyi nəticəsində vətəndaşların hüquqlarını pozan dövlət orqanlarına müvafiq tədbirlərin görülməsi ilə bağlı müvafiq sorğular ünvanlanmış, hüquq pozuntuları aradan qaldırılaraq vətəndaşların hüquqları təmin edilmişdir.
Şikayətçi A. Müvəkkilə müraciət edərək şəhid atası olduğunu, ev tikmək üçün aldığı torpaq sahəsində yerləşən yararsız və istifadə olunmayan dəmir elektrik dirəyinin götürülməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına etdiyi müraciətinin nəticəsiz qaldığını bildirərək ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şikayətlə bağlı müvafiq dövlət orqanlarına müraciətdən sonra yararsız və istifadə olunmayan dəmir elektrik dirəyi torpaq sahəsindən götürülərək müraciət təmin edilmişdir.
Şikayətçi B. Müvəkkilə müraciət edərək ailə kəndli təsərrüfatçısı kimi qeydiyyata alınması ilə bağlı dövlət orqanına etdiyi yazılı müraciətinə cavab verilmədiyini bildirərək ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şikayətlə bağlı Müvəkkil tərəfindən aidiyyəti dövlət orqanına müraciət olunduqdan sonra hüququ pozulmuş vətəndaşa yazılı cavab verilərək müraciəti təmin edilmişdir.
Müvəkkilin 2022-ci il ərzində baxdığı müraciətlərin təmin edilmə vəziyyəti 2021-ci illə müqayisədə 1.75 dəfə artmışdır.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmış, müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
II. Müvəkkilin preventiv mexanizm funksiyasının icrası:
Muxtar respublikada "İşgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizm funksiyalarının həyata keçirilməsi istiqamətində Müvəkkil və onun Preventiv qrupu tərəfindən 2022-ci ildə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin və sənədləşmənin monitorinqi məqsədilə başçəkmələr həyata keçirilmişdir.
Əvvəllər başçəkmə sənədlərinə yalnız başçəkmənin həyata keçirilməsinə dair protokol aid idisə, 2022-ci ildən etibarən sənədlər zənginləşdirilmiş, iş materiallarına başçəkmənin yekununa dair protokol, başçəkmənin həyata keçirilməsinə dair fotoşəkillər, fərdi söhbətlərin aparılması üçün sorğu anketləri və müvafiq müəssisələrdən əldə edilən sənədlərin surətləri daxil edilmişdir.
2022-ci ildə Müvəkkil və onun Preventiv qrupu tərəfindən preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə 32 müəssisədəmütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 131 plan üzrə, 33 plandankənar olmaqla, ümumilikdə, 164 başçəkmə həyata keçirilmiş, 434 nəfər şəxslə ümumi, 159 nəfər şəxslə isə fərdi və konfidensial şəraitdə söhbət aparılmış, başçəkmələr zamanı daxil olmuş 5 şikayətə baxılmışdır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 36, Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə 92, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 9, Təhsil Nazirliyinin müəssisələrinə 7, Səhiyyə Nazirliyinin müəssisələrinə 9, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 6 və Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin müəssisəsinə 5 başçəkmə həyata keçirilmişdir. Bu isə ötən illərlə müqayisədə həyata keçirilən başçəkmələrin sayına görə ən yüksək göstəricidir.
Həmçinin Preventiv mexanizmin rəhbəri kimi Müvəkkil Şahbuz şəhərində yerləşən Ahıllar Evində olmuş, orada olan şəxslərlə fərdi və konfidensial söhbət aparmış, müəssisə rəhbəri və əməkdaşlarına hüquqi məsləhətlər və tövsiyələr vermişdir.
Başçəkmələr zamanı Müvəkkilin icraatına yazılı və şifahi formada müraciətlər daxil olmuş, müraciət edənlərə operativ şəkildə hüquqları izah olunmuş, araşdırma tələb edən müraciətlər baxılmaq üçün icraata qəbul olunmuş, qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar aparılmış və nəticəsi barədə müraciət edənlərə yazılı məlumatlar verilmişdir.
Bu və ya digər müəssisələrə başçəkmələr zamanı saxlanma şəraiti, işçi heyətin rəftarı, qida rasionu, qidanın keyfiyyəti, tibbi xidmətin vəziyyəti, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılmış, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, onlarla ümumi və fərdi söhbətlər aparılaraq hüquq və vəzifələri izah edilmişdir.
Həyata keçirilmiş başçəkmələr zamanı bəzi müəssisələrdə saxlanma şəraitinin beynəlxalq və milli qanunvericiliyin tələblərinə uyğun olmadığı, bu sahədə bir sıra nöqsan və çatışmazlıqların olduğu müəyyən edilmiş, qanunvericiliyin tələblərinə əməl olunmaqla bu nöqsanların aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarına təklif və tövsiyələr verilmişdir.
Başçəkmələr zamanı işıqlandırma, havalandırma, sanitariya şəraiti, masa və oturacaqlar, fərdi çarpayı və yataq ləvazimatları ilə təchizat məsələləri, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində verilmiş təklif və tövsiyələrin icrası vəziyyəti araşdırılmışdır.
2022-ci il ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Müvəqqəti Saxlama Yerinə, polis idarə, şöbə və bölmələrinə həyata keçirilmiş başçəkmələr zamanı kameralarda sanitariya-gigiyena qaydalarına əməl olunmamasının cəzanın ləyaqətli şəkildə çəkilməsinə maneə olduğu, bəzi müəssisələrin müvəqqəti saxlama yerlərində şəraitin uzunmüddətli saxlanılma (24 saatdan artıq) üçün əlverişli olmadığı, həmçinin bəzi polis şöbələrində "Görüş otağı"nın olmadığı müşahidə edilmiş və qeyd olunan halların aradan qaldırılması müəssisə rəhbərliyinə tövsiyə olunmuşdur.
Verilmiş tövsiyələrdən sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur, Ordubad rayon polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərində təmir və yenidənqurma işlərinin davam etdirildiyi, Kəngərli və Sədərək rayon polis şöbələrində "Görüş otağı"nın yaradıldığı, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsində müvəqqəti saxlama kamerasında olan dəmir seyf qapı həm kameranın içərisini müşahidə etmək, həm də havalandırmaq üçün kəsilərək dəmir barmaqlıqları olan dördbucaq şəkilli gözlüklə təchiz olunduğu, "Görüş otağı"nın yaradıldığı və zəruri avadanlıqlarla təchiz olunduğu müəyyən olunmuşdur.
2022-ci il ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta internat məktəbinə həyata keçirilmiş başçəkmələr zamanı məktəbdə tərbiyə olunan uşaqların və yeniyetmələrin geyim, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, dərslik, tədris ləvazimatları və digər zəruri avadanlıqlarla təmin olunması məsələləri araşdırılmış və uşaqların qanunvericiliyin tələblərinə uyğun geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunmadığı müşahidə olunmuş, aidiyyəti dövlət orqanına qeyd olunan halın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi tövsiyə olunmuşdur.
2022-ci il ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrə həyata keçirilmiş başçəkmələr zamanı bəzi müəssisələrin saxlama kameralarında sanitariya-gigiyena qaydalarına əməl olunmamasının cəzanın ləyaqətli şəkildə çəkilməsinə maneə olduğu, saxlanılan şəxslərə və məhkumlara göstərilən tibbi və psixoloji yardımla bağlı çatışmazlıqların olduğu müşahidə edilmiş, müəssisə rəhbərliyinə müvafiq tədbirlərin görülməsi, xüsusilə həkim sayının artırılması, ixtisaslaşmış psixoloqların cəlb edilməsi tövsiyə olunmuşdur.
III. Həssas qrupların hüquqlarının təmini işinin təşkili:
2022-ci ildə əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə veteranlarının, əlillərin, qadınların, uşaqların, ahılların, məhkum və saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi diqqətdə saxlanılmışdır.
Müvəkkilin icraatında əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi ilə bağlı 19 müraciət olmuş, müraciətlər qanunamüvafiq araşdırılmış, 11 faiz müraciətdə hüquqlar bərpa olunaraq pozuntu aradan qaldırılmış, digər müraciətlərdə isə hüquq pozuntusu aşkar edilməmişdir.
Qeyd etmək lazımdır ki, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpası məqsədilə Müvəkkil və onun Preventiv qrupu tərəfindən cəzaçəkmə müəssisələrində mütəmadi olaraq hüquqi maarifləndirmə tədbirləri və başçəkmələr həyata keçirilmiş, onların saxlanma şəraiti və onlarla rəftar məsələləri araşdırılmışdır.
Şikayətçi C. Müvəkkilə müraciət edərək, İstintaq Təcridxanasında saxlanılan oğlu ilə görüş hüququnun təmin olunması üçün dövlət orqanına müraciət etdiyini, lakin müraciətinin nəticəsiz qaldığını bildirərək ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şikayət dərhal araşdırılmış, Müvəkkilin müdaxiləsindən sonra şikayətçinin oğlu ilə görüş hüququ təmin edilmişdir.
2022-ci ildə Müvəkkil tərəfindən əhalinin həssas kateqoriyasının hüquqlarının müdafiəsinə fərdi yanaşılmış, onların hüquqları ilə bağlı Müvəkkilə ünvanlanmış müraciətlər araşdırılmış və bu istiqamətdə müvafiq tədbirlər görülmüş, onların hüquqi maarifləndirilməsi ilə bağlı mediada hüquqi təbliğat işi həyata keçirilmiş, hüquqların təmin edilməsi vəziyyətinin monitorinqi aparılmış, başçəkmələr zamanı onlar fərdi qaydada qəbul edilərək müraciətləri dinlənilmiş, hüquqi məsləhətlər verilmiş və müvafiq köməklik göstərilmişdir.
IV. Dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq, hüquqi maarifləndirmə işinin təşkili:
2022-ci ildə Müvəkkil təsisatı tərəfindən əhalinin müxtəlif kateqoriyalarının hüquqi maarifləndirilməsinə xüsusi diqqət göstərilmiş, Müvəkkilin təşkilatçılığı və dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən media nümayəndələrinin iştirakı ilə insan hüquqlarının müxtəlif istiqamətlərinə dair maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Müvəkkil tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, ümumilikdə, 69 müəssisədə 88 plan üzrə, 15 plandankənar olmaqla, 103 tədbir (tədbir, görüş, bilik yarışı, aksiya və sair) həyata keçirilmiş və bu tədbirlərdə 2198 nəfər iştirak etmişdir.
Belə ki, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının müəssisələrində 22, Daxili İşlər Nazirliyinin müəssisələrində 20, Ədliyyə Nazirliyinin müəssisələrində 18, Səhiyyə Nazirliyinin müəssisələrində 14, Əlahiddə Ümumqoşun Ordunun müəssisələrində 14, Təhsil Nazirliyinin müəssisələrində 3, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrində 2, Naxçıvan Şəhər Gənclər Mərkəzində 2, Naxçıvan Regional Miqrasiya Baş İdarəsində 1, Müvəkkil aparatında 1 tədbir həyata keçirilmişdir.
2022-ci ildə hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində olmuş, Əlahiddə Ümumqoşun Ordu və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış Tədbirlər Planına uyğun olaraq muxtar respublika ərazisindəki hərbi hissə və birləşmələrdə müxtəlif tədbirlər keçirilmişdir. Müvəkkil tərəfindən muxtar respublikadakı hərbi hissə və birləşmələrdə aparılmış monitorinqlər zamanı şəxsi heyətin yaşayış şəraiti, ərzaq və əşya təminatının vəziyyəti, asudə vaxtın səmərəli keçirilməsi və digər məsələlər araşdırılmışdır. Bundan başqa, 2022-ci ildə Preventiv qrup Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki postlarında olmuş, ərzaq anbarlarına və hərbi sirr təşkil etməyən digər obyektlərə baxış keçirmiş, şəxsi heyətlə fərdi və ümumi söhbətlər aparmışdır.
2022-ci il ərzində uşaq hüquqlarının müdafiəsi ilə bağlı Müvəkkilə ünvanlanmış müraciətlər araşdırılmış, uşaq hüquqlarının təmini vəziyyəti, saxlanma müəssisələrində rəftar və şərait öyrənilmiş, bu istiqamətdə Müvəkkil təsisatı tərəfindən müəssisələrin əməkdaşları arasında hüquqi maarifləndirici söhbətlər aparılmış, 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü və 20 Noyabr Ümumdünya Uşaqlar Günü münasibətilə müxtəlif tədbirlər və interaktiv dərs keçilmiş, radio verilişləri hazırlanmış, kütləvi informasiya vasitələrində müxtəlif hüquqi maarifləndirici yazılar və məqalələr işıqlandırılmışdır.
Hesabat dövründə müharibə veteranları və şəhid ailələrinin hüquqlarının müdafiəsi Müvəkkil tərəfindən diqqət mərkəzində saxlanılmış, onlar tərəfindən ünvanlanan müraciətlər araşdırılmış, hüquqlarının təmini və daha səmərəli müdafiəsi məqsədilə Müvəkkil aparatında "Şəhid ailələrinin və müharibə veteranlarının hüquqlarının müdafiəsi üzrə baş məsləhətçi" ştatı yaradılmış, bu istiqamətdə müxtəlif tədbirlər və görüşlər həyata keçirilmişdir. Belə ki, Zəfər Günü ilə əlaqədar Müvəkkil və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikada şəhid ailələri və müharibə veteranlarının hüquqlarının qorunması ilə məşğul olan dövlət orqanlarının vəzifəli şəxslərinin və qeyri-hökumət təşkilatının nümayəndəsinin iştirakı ilə Müvəkkil təsisatında diskussiya və hesabat xarakterli dəyirmi masa keçirilmişdir.
2022-ci ildə Müvəkkil məhkumların hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyətini davam etdirmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə Tədbirlər Planına uyğun olaraq cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlər keçirilmiş, məhkumlar və müəssisə əməkdaşları arasında məhkumların hüquqlarının daha səmərəli müdafiəsinin təmin olunması, qanunlara hörmət ruhunun aşılanması üzrə maarif ləndirici söhbətlər aparılmış, hüquq və vəzifələri izah olunmuşdur.
Əlavə olaraq qeyd etmək lazımdır ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və sağlamlıq hüququnun müdafiəsi ilə bağlı Müvəkkil və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təsdiq etdiyi Tədbirlər Planına uyğun mütəmadi olaraq səhiyyə müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilmişdir. Bunun davamı olaraq Müvəkkil və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Gigiyena və Epidemiologiya Mərkəzində "Əhalinin sağlamlığının qorunmasının hüquqi aspektləri" mövzusunda tədbir keçirilmişdir.
2022-ci il ərzində Müvəkkil tərəfindən milli və beynəlxalq əhəmiyyətli günlərin qeyd olunması ilə əlaqədar 13 tədbir keçirilmişdir.
10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Müvəkkil və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Mediasiya Təşkilatının iştirakı ilə muxtar respublika sakinləri üçün ödənişsiz hüquqi yardım aksiyası həyata keçirilmiş, aksiya zamanı 45 sakinə müvafiq hüquqi yardım göstərilmişdir.
Həmçinin Müvəkkilin təşəbbüsü ilə "Məhkəmə qərarlarının icrası" adlı buklet hazırlanaraq əhaliyə paylanılmışdır.
V. İnformasiya hüququnun təmini:
Müvəkkilin təşkilatçılığı ilə informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi məqsədilə Babək və Sədərək rayon icra hakimiyyətlərində, "N" saylı sərhəd zastavasında, Kəngərli Rayon Polis Şöbəsində, Şərur Rayon Polis İdarəsində tədbirlər keçirilmiş, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə əlaqədar daxil olan müraciətlərə baxılması və cavablandırılması barədə iştirakçılara məlumat verilmişdir.
Ümumilikdə, informasiya sahəsində hüquq və azadlıqların təmin edilməsi məqsədilə keçirilmiş tədbirlərdə 221 nəfər iştirak etmişdir.
Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək hüququna malikdir. 2022-ci il ərzində Müvəkkilin ünvanına informasiya əldə etmək hüququnun pozulmasına dair şikayət daxil olmadığından protokol tərtib edilməmişdir.
VI. Beynəlxalq əməkdaşlıq:
Hesabat dövründə Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi, elmi-analitik, informasiya və metodiki məsələlər üzrə öz fəaliyyətini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə əlaqələndirmiş, "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı şəhərində keçirilmiş Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Konfransında, həmçinin Ağdam və Tərtər şəhərlərinə səfərlərdə iştirak etmişdir.
VII. Müvəkkilin media sahəsində fəaliyyəti:
2022-ci ildə Müvəkkil tərəfindən informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, mediada insan hüquqlarının təbliği və hüquqi maarifləndirmə ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsinin informasiya yükü daha da artırılmış, Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin işıqlandırılması, informasiyaların mütəmadi olaraq yenilənməsi, elektron kitabxana bazasının davamlı zənginləşdirilməsi və elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Müvəkkil ilə media subyektləri arasında mövcud əlaqələr daha da genişləndirilmiş, təsisatın fəaliyyəti ilə bağlı mediada 270, Müvəkkilin rəsmi internet və "Facebook" səhifəsində 406, ümumilikdə isə 676 informasiya materialı işıqlandırılmışdır.
 
TƏKLİFLƏR
 
Müvəkkil insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunması və etibarlı müdafiəsi məqsədilə Daxili İşlər Nazirliyinin rayon-şəhər polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərinin bərpa-təmir işlərinin aparılaraq müasir standartlara uyğun yenidən qurulmasını;
- cəzaçəkmə müəssisəsinin müvafiq ixtisaslı həkimlərlə təmin edilməsini, peşəkar və ixtisaslaşmış psixoloqların cəlb edilməsini və psixoloji işin gücləndirilməsini;
- məhkumların ailə üzvləri və yaxınları ilə ünsiyyətinin təşkil edilməsinin onların islah prosesinə müsbət təsir edən amil olduğunu nəzərə alaraq məhkum edilmiş şəxslərin, müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququ ilə yanaşı, videogörüş keçirmək hüququna şəraitin yaradılmasını;
- dövlət müəssisələrində yaşayan uşaqların, ahılların asudə vaxtlarının səmərəli təşkili istiqamətində təbirlərin genişləndirilməsini;
- çətin həyat şəraitində olan, o cümlədən məişət zorakılığından zərərçəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə təmin edilməsi məqsədilə yardım mərkəzlərinin, sığınacaq evlərinin, psixoloji dəstək mərkəzlərinin yaradılmasını;
- informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarında informasiya məsələləri üzrə xidmətlərin göstərilməsi məqsədilə vəzifəli şəxslərin müəyyən edilməsini, o cümlədən rəsmi internet səhifələrində "informasiya sorğusu" bölməsinin yaradılmasını;
- insan hüquqlarının müdafiəsinin daha səmərəli və operativ təmin edilməsi məqsədilə Müvəkkil təsisatında "Çağrı mərkəzi" xidmətinin təşkil edilməsini təklif edir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).