2:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında

Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
 
Maddə 1. Vərəmlə mübarizə tədbirləri və onların həyata keçirilmə prinsipləri
Azərbaycan Respublikasında vərəmlə mübarizə tədbirləri (sanitariya-sağlamlıq və əksepidemik tədbirlər, müayinə, diaqnostika, müalicə, profilaktika və reabilitasiya) bu Qanunla və digər müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.
Vərəmlə mübarizə tədbirləri bütün vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün pulsuz, bərabər əsaslarla, qanunçuluğa, humanistliyə, insan və vətəndaş hüquqlarına əməl olunmaqla aparılır.
Azərbaycan Respublikasında vərəm əleyhinə tibb müəssisəsinə tibbi yardım üçün müraciət edən əcnəbilərin müayinə və müalicəsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
 
Maddə 2. Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının digər qanunvericilik aktları vərəmlə mübarizə sahəsində vətəndaşların bu Qanunda nəzərdə tutulan hüquqlarını məhdudlaşdıra bilməz.
 
Maddə 3. Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir.
 
II fəsil
VƏRƏM ƏLEYHİNƏ DÖVLƏT TƏMİNATLI YARDIMIN VƏ SOSİAL MÜDAFİƏNİN NÖVLƏRİ
 
Maddə 4. Vərəm əleyhinə dövlət təminatlı yardım tədbirləri
Vərəm əleyhinə yardım:
vərəm əleyhinə ambulator, stasionar və sanator yardımı göstərən müəssisələrin yaradılması;
vərəm əleyhinə stasionar müəssisələrdə və sanatoriyalarda vərəm xəstəliyindən müalicə olunan uşaqların ümumi təhsilinin təşkili;
vərəm əleyhinə dispanserlərdə əmək terapiyasının təşkili;
vərəm xəstəliyinə tutulmuş şəxslərin (xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində olan işçilərin , əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların) işlə təmin olunması üçün yüngül iş şəraiti olan müəssisələrin yaradılması;
dövlət müəssisə, idarə və təşkilatlarında vərəm xəstəliyinə tutulmuş əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün mütləq iş yeri kvotalarının müəyyən edilməsi; 
sosial əlaqələrini itirmiş və vərəmin yoluxucu xroniki formalarına tutulmuş şəxsləri tam dövlət təminatında saxlamaq üçün xüsusi tibb müəssisələrinin (internat-xəstəxanaların və s.) yaradılması;
vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Dövlət vərəm əleyhinə yardım məqsədi ilə aşağıdakılara təminat verir:
Azərbaycan Respublikası ərazisində "Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram"ın qəbul edilməsinə və həyata keçirilməsinə;
vərəm əleyhinə təxirəsalınmaz yardıma;
vərəmlə əlaqədar ekspertizaların aparılmasına;
sosial-məişət yardımına, o cümlədən birinci növbədə vərəmin yoluxucu formasına tutulmuş xəstələrə təcrid olunmuş yaşayış sahəsinin verilməsinə, vərəmdən və onun nəticələrindən əziyyət çəkən şəxslərin işlə təmin olunmasına;
vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına;
cəzacəkmə müəssisələrində cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə;
(Çıxarılıb) 
vərəmlə xəstələnmiş şəxslərə tibbi yardım göstərilərkən onların sağlamlığına dəymiş zərərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə.
 
Maddə 5. Vərəm əleyhinə yardım göstərən hüquqi və fiziki şəxslər
Vərəm əleyhinə yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq əsasında fəaliyyət göstərən həkim-ftiziatrlar və bu növ yardım üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq alan ixtisaslaşdırılmış dövlət, bələdiyyə və özəl tibb müəssisələri tərəfindən göstərilir.
Mülkiyyət formasından asılı olmayaraq, vərəm əleyhinə bütün tibb müəssisələrində xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
 
Maddə 6. Vərəm əleyhinə yardımın növləri və onun göstərilməsi qaydaları
Vərəm əleyhinə yardımın növləri tibb müəssisəsinin nizamnaməsində və ya qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıqda göstərilir. Bu barədə xəstəyə məlumat verilməlidir.
Vərəm əleyhinə ambulatoriya-poliklinika, yardımı, profilaktik və əksepidemik yardım tədbirləri, stasionar və ambulator müalicə, eləcə də reabilitasiya tədbirləri (o cümlədən sanatoriya şəraitində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
 
Maddə 7. Vərəm əleyhinə ambulatoriya yardımının növləri
Vərəm əleyhinə ambulatoriya yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müalicə-diaqnostika yardımı və dispanser nəzarəti formasında həyata keçirilir.
Vərəm xəstəliyinə tutulmuş şəxsə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi, yetkinlik yaşına çatmamış şəxslərə isə valideynlərinin və ya qanuni nümayəndələrinin müraciəti əsasında həkim-ftiziatr tərəfindən göstərilir.
Vərəm xəstəliyinə tutulmuş şəxsin dispanser müşahidəsi onun razılığından asılı olmayaraq aparılır və sahə həkim-ftiziatrı tərəfindən vərəm prosesinin vəziyyətinə müntəzəm nəzarəti, həmin şəxsə lazımi tibbi və sosial yardımı əhatə edir.
Məcburi dispanser müşahidəsi vərəmlə yüksək xəstələnmə riski olan şəxslərə də şamil edilir.
 
Maddə 8. Vərəm əleyhinə stasionar yardımı
Vərəm xəstəliyinə tutulmuş və vərəm çöplərinin ifrazedicisi olan xəstələr məcburi hospitalizasiya olunur.
Vərəmlə xəstələnməyə şübhəli şəxslərin və ətrafdakılar üçün təhlükə törətməyən vərəmli xəstələrin hospitalizasiyası tibbi göstərişlər əsasında həyata keçirilir.
Hospitalizasiyanın vacibliyi aşağıdakılarla müəyyənləşdirilir:
xəstənin həyatı və ətrafdakılar üçün bilavasitə təhlükə yarandıqda;
ümumi vəziyyətinin ağırlaşması nəticəsində xəstənin sağlamlığı xeyli pisləşdikdə;
şəxs xəstəliyin ağırlığı ilə əlaqədar əsas həyati tələbatlarını müstəqil yerinə yetirə bilmədikdə.
Ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan vərəmli xəstələr hospitalizasiyadan imtina etdikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məcburi hospitalizasiya olunurlar.
Cəzaçəkmə müəssisələrində cəza çəkən və bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstə məhkumlar digər məhkumlardan ayrı saxlanılır.
Cəzaçəkmə müəssisələrindən azad edilmiş və ya hərbi xidmətdən tərxis olunmuş vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti ilə 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar.
 
Maddə 9. Həkim-ftiziatrların, vərəm əleyhinə yardım göstərən digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları
Vərəm əleyhinə tibb müəssisələrində işlyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər üçün təminat və imtiyazlar qanunvericiliklə müəyyən edilir.
Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin əlavə əmək haqları və icbari sığortası qanunvericiliklə müəyyən olunur. Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrlar, digər mütəxəssislər və işçilər xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutularlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
 
III fəsil
VƏRƏM ƏLEYHİNƏ TƏDBİRLƏRİN TƏŞKİLİ, HÜQUQİ TƏNZİMLƏNMƏSİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ
 
Maddə 10. Vərəm əleyhinə tədbirlərin təşkilli
Azərbaycan Respublikasında vərəm əleyhinə tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir.
Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələri üçün vərəm əleyhinə tədbirlərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarları məcburidir.
Vərəm əleyhinə yardımın təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən uzunmüddətli kompleks proqramlar əsasında təmin edilir.
Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
 
Maddə 11. Vərəmlə mübarizə sahəsində qeydiyyat və uçot
Vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanlarına dərhal məlumat verilməlidir.
Patoloji-anatomik yarma zamanı şəxsin sağlığında vərəm xəstəliyinə tutulması müəyyən olunarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilməlidir.
 
Maddə 12. Vərəm əleyhinə tədbirlərin maliyyələşdirilməsi
Vərəm əleyhinə tibb müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi dövlət və yerli büdcələrin vəsaitləri, icbari tibbi sığorta vəsaitləri və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.
 
IV fəsil
ƏHALİNİN VƏRƏMDƏN MÜHAFİZƏSİ. VƏRƏM XƏSTƏLİYİNƏ TUTULMUŞ ŞƏXSLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
 
Maddə 13. Əhalinin vərəmdən mühafizəsi
Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin işləməsi qadağan olunan peşə və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu peşə və vəzifələr üzrə işə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə ətrafdakıları yoluxdurmaq təhlükəsi olan şəxslər müəyyən olunmuş ardıcıllıqla, məcburi rentgen-flyüoroqrafiya müayinəsindən keçirilirlər.
Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır.
Yataqxanalarda və çoxsaylı sakinləri olan mənzillərdə yaşayanlar vərəmlə xəstələndikdə dərhal hospitalizasiya olunmalıdırlar.
Bir il müddətində aparılan müalicə nəticəsində vərəm çöplərinin ifraz edilməsinin qarşısı alınmayan xəstələr fərdi yaşayış sahəsi ilə təmin edilirlər.
Vərəm mikrobakteriyaları ifrazedicisi kimi növbədənkənar və ya ilk növbədə mənzil almış şəxslərin qazanc məqsədi ilə mənzillərini satmalarına, kirayəyə vermələrinə, başqa məqsədlərlə istifadə etmələrinə və ya daha pis şəraitli mənzillərə dəyişdirmələrinə yol verilmir.
Daimi yaşayış yeri olmayan, ətrafdakılar üçün təhlükə törədən vərəm xəstəliyinə tutulmuş şəxslər üçün xüsusi xəstəxana-internat təşkil olunur və xəstələrin bu müəssisələrə göndərilməsi və qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 14. Vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquqları

 

Vərəm xəstəliyinə tutulmuş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.
Vərəm xəstəliyinə tutulmuş şəxslər onlara vərəm əleyhinə yardım göstərilərkən, aşağıdakı hüquqlara malikdirlər:
vərəm əleyhinə yardım sahəsində hüquqları, habelə xəstəliyin xarakteri, tətbiq edilən müalicə metodları haqqında ətraflı məlumat almaq;
tibbi göstərişlər əsasında ambulator, stasionar və sanatoriya-kurort şəraitində tam həcmdə tibbi yardım almaq;
vərəmlə ilk dəfə xəstələnmiş və ya vərəmin residivi olan şəxslərin əmək qabiliyyətini itirildiyi gündən başlayaraq, tibbi-sosial və epidemioloji göstərişlər nəzərə alınmaqla 12 ayadək müddətdə əmək qabiliyyətinin itirilməsi barədə vərəqə almaq.
Əmək qabiliyyətini vərəm xəstəliyi ilə əlaqədar itirdikdə, iş stajından asılı olmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq müavinət əmək haqlarının 100 faizi həcmində ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə vərəqənin müddətinin nəzərdə tutulduğundan artıq müddətə uzadılması və ya əmək qabiliyyətinin tam itirilməsinin müəyyənləşdirilməsi məsələləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir.
Vərəm xəstəliyinə tutulmuş işləməyən şəxslərə müalicə müddətində müavinət verilir. Müavinətin ödənilməsi "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla yalnız nağdsız qaydada həyata keçirilir. Müavinətin verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Vərəmlə xəstələnmə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin iş yerləri və tutduqları vəzifələr 12 ay müddətində saxlanılır.
Vərəm xəstəliyinə tutulmuş şəxslərin stasionar və sanatoriya müalicəsi zamanı sərf olunan yol xərcləri dövlət və yerli büdcələrin vəsaitləri hesabına ödənilir.
Xəstəyə vərəm əleyhinə tibb müəssisəsinə yerləşdirilməsinin səbəbi, məqsədi və stasionarın daxili qaydaları barədə məlumat verilməlidir.
Vərəm əleyhinə tibb müəssisəsində müayinə və müalicə olunan xəstə 16 yaşına çatmayıbsa, stasionar müalicə şəraitində qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil almaq hüququna malikdir.

 


 
Maddə 15. Vərəm xəstəliyinə tutulmuş şəxslərin vəzifələri
Vərəm xəstəliyinə tutulmuş şəxslər:
sahə həkim-ftiziatrının müəyyən etdiyi bütün müalicə-sağlamlaşdırıcı tədbirlərə və bu qrup xəstələr üçün müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə əməl etməli;
həkimin çağırışı əsasında ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsinə gəlməli;
daimi yaşayış yerini dəyişdikdə 10 gün müddətində ərazi üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyatdan keçməlidirlər.
 
V fəsil
YEKUN MÜDDƏALARI
 
Maddə 16. Vərəm əleyhinə yardımın göstərilməsi ilə əlaqədar şikayətin verilməsi qaydası 
Vərəm əleyhinə yardım göstərilərkən vətəndaşların hüquq və maraqlarını məhdudlaşdıran hərəkətlərdən (xəstəlik vərəqəsi müddətinin düzgün təyin olunmaması, ambulator müalicə zamanı pulsuz dərman preparatlarının verilməməsi, xəstəyə stasionar və sanatoriya yardımının göstərilməsindən və müalicə ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsindən imtina edilməsi və s.) şikayətlərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada baxılır.
 
Maddə 17. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
 
Maddə 18. Beynəlxalq əməkdaşlıq
Vərəmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
 
Azərbaycan Respublikasının Prezidenti    HEYDƏR ӘLİYEV
Bakı şəhəri, 2 may 2000-ci il
875-IQ
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736)
2.24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 6, maddə 328)
3.23 dekabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 30 dekabr 2005-ci il)
4.13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 602)
5.5 aprel 2016-cı il tarixli 195-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 1 may 2016-cı il, 93)
6. 13 iyun 2017-ci il tarixli 724-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 27 iyul 2017-ci il, 160)
7.  1 fevral 2018-ci il tarixli 979-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 23 mart 2018-ci il, 64) 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).