14:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Hərbi vəzifə və hərbi xidmət haqqında

Hərbi vəzifə və hərbi xidmət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

 

 
Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik
1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir.

Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:
2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir;
2.0.2. hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir;
2.0.3. ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir;
2.0.4. hərbi uçot - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır;
2.0.5. hərbi qeydiyyat - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;
2.0.6. hərbi uçot ixtisası - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün müəyyənləşdirilmiş qeydiyyatıdır;
2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar - ilkin hərbi qeydiyyata alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları;
2.0.8. çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları;
2.0.9. hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;
2.0.10. hərbi vəzifəlilər - ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları;
2.0.11. hərbi vəzifəli olmayanlar - hərbi qeydiyyata götürülməli olmayan və istefaya buraxılmış (keçirilmiş) Azərbaycan Respublikasının vətəndaşları;
2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa).

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət
3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur.
3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
3.3. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.

2-ci fəsil
Vətəndaşların hərbi qeydiyyatı

 

 


Maddə 4. Hərbi qeydiyyatın təşkili
4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar.
4.2. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifələr istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
4.4. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır.
 
Maddə 5. İlkin hərbi qeydiyyata alma komissiyaları
5.1. Vətəndaşların müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı tərkibdə ilkin hərbi qeydiyyata alma komissiyaları yaradılır:
5.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
5.1.2. komissiyanın üzvləri - həkim mütəxəssislər.
5.2. Rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.

Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması
6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.
6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.
6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
6.4.1. doğum haqqında şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.

Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri
7.1. Vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
7.2. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar.
7.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər.

Maddə 8. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri

8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər.
8.2. Müvafiq icra hakimiyyəti orqanı:
8.2.1. hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata almalı və ya qeydiyyatdan çıxarmalı;
8.2.2. vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına köməklik göstərməli;
8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir.
8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir.
8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir.
8.5. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər.
8.6. Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər.
8.7. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə vaxtında məlumat verməlidirlər.

3-cü fəsil
Vətəndaşların hərbi xidmətə hazırlanması

 

 


Maddə 9. Çağırışaqədərki hazırlıq
9.1. Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində keçirilir.
9.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən aparılır.
9.3. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir.

Maddə 10. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması
10.1. 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.
10.2. Müvafiq icra hakimiyyəti orqanı xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 yaşına çatmış vətəndaşların və çağırışçıların sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.3. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir.
10.4. Müvafiq icra hakimiyyəti orqanı çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı
11.1. Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və müvafiq hərbi ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
11.2. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir.
11.3. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər.
11.4. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

4-cü fəsil
Həqiqi hərbi xidmətə çağırış

 

 


Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması
12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.
12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar:
12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları;
12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər.
12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.
12.5. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların vaxtında gəlməsinə köməklik göstərməlidirlər.
12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı:
12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun;
12.6.2. yaşayış yerini dəyişmiş olsun;
12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək təyinat üzrə başqa yerə işə göndərilmiş olsun.
12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzrlü səbəbləri kimi aşağıdakılar sayılır:
12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı əsasında);
12.7.2. fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir).
12.8. Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.
12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 13. Çağırış komissiyaları
13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:
13.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
13.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi;
13.1.3. komissiyanın üzvləri - müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri.
13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər.
13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir.

Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri
14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:
14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək;
14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək;
14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək;
14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək;
14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək.
14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir.
14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.

Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı
15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:
15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

Maddə 16. Mərkəzi çağırış komissiyası
16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır:
16.1.1. komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
16.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;
16.1.3. komissiyanın üzvləri.
16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri
17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır:
17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək;
17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək;
17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq.
17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir.
17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər.

5-ci fəsil
Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və çağırışdan azad etmə

 

 


Maddə 18. Çağırışa möhlət verilməsi
18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:
18.1.1. ailə vəziyyətinə görə;
18.1.2. sağlamlıq vəziyyətinə görə;
18.1.3. təhsili davam etdirmək üçün;
18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);
18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.
18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar.

Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi
19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı şəxslər olan çağırışçılara verilir:
19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;
19.1.2. 3 və daha çox uşaq;
19.1.3. I qrup əlil arvad;
19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda);
19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.
19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Qeyd: Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş "saxlamaq imkanına malik başqa ailə üzvləri" dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur.

Maddə 20. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi
20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.
20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.
20.3. Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi
21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;
21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;
21.1.4.əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;
21.1.5. xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Qeyd: Bu Qanunun 21.1.4-cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil alan çağırışçılara şamil olunmur.

Maddə 22. Müddətli həqiqi hərbi xidmətə çağırılmayan vətəndaşlar
22.1. Aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar:
22.1.1. ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla);
22.1.2. əvvəllər qəsdən törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş və məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
22.1.3. barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.
22.2. Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılmırlar.

Maddə 23. Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmə
23.0. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:
23.0.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;
23.0.3. 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
23.0.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
23.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

6-cı fəsil
Hərbi xidmət
Maddə 24. Hərbi xidmətin növləri
Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.

Maddə 25. Hərbi xidmətin üstünlüyü
Hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir.

Maddə 26. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi
Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür.

Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası
27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar:
27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən;
27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən;
27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən;
27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən;
27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən;
27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən;
27.1.7. ezamiyyətdə olarkən;
27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən;
27.1.9. toplanışlar keçərkən;
27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən;
27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa);
27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə - şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək;
27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən;
27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən;
27.1.15. fövqəladə halların və ya təbii fəlakətlərin və texnogen xarakterli qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edərkən.
27.2. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin vəfat etmələri (həlak olmaları), yaxud bədən xəsarəti (yara, travma, kontuziya) almaları, aşağıdakı hallar nəticəsində baş verdikdə hərbi xidmət vəzifələrinin icrası ilə bağlı sayılmır:
27.2.1. bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulan hallardan başqa, günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtı ərzində komandirin (rəisin) məlumatı olmadan və ya xidmət vaxtından sonra komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya digər göstərişin yerinə yetirilməsi ilə əlaqədar olmayan hallarda hərbi hissədən (xidmət yerindən) kənarda olması;
27.2.2. sərxoş vəziyyətdə olması;
27.2.3. inzibati xətanın və ya cinayətin törədilməsi.
27.3. Hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olmayan və ya qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran əmr, sərəncam və göstəriş vermək qadağandır. Belə əmr, sərəncam və göstəriş vermiş komandirlər və rəislər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 28. Həqiqi hərbi xidmətin növləri
28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:
28.1.1. müddətli həqiqi hərbi xidmət;
28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti;
28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət;
28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti;
28.1.5. zabitlərin həqiqi hərbi xidməti.
28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər.
28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.
28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər.
28.6. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir.Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 29. Hərbi andiçmə
29.1. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir.
29.2. Hərbi andiçmə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə müəyyən edilmiş qaydada həyata keçirilir.
29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər.
29.4. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər.

Maddə 30. Hərbi rütbələr

30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur:
Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi
Hərbi rütbələr
Ümumqoşun
Hərbi Dəniz
Əsgərlər və matroslar
Əsgər (kursant)
Baş əsgər
Matros (kursant)
Baş matros
Çavuşlar
Kiçik çavuş
Çavuş
Baş çavuş
Kiçik çavuş
Çavuş
Baş çavuş
Gizirlər və miçmanlar
Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Zabitlər:
Kiçik zabitlər
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan
Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan-leytenant
Baş zabitlər
Mayor
Polkovnik-leytenant
Polkovnik
3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan
Ali zabitlər
General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı
Kontr-admiral
Vitse-admiral
Admiral

30.3. Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və generalların hərbi rütbələrinə müvafiq olaraq "tibb xidməti" və "ədliyyə" sözləri əlavə edilir.
30.4. Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.
30.5. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə "ehtiyatda olan" sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə "istefada olan" sözləri əlavə edilir.

Maddə 31. Hərbi rütbələrin verilməsi
31.1. Ali zabit hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
31.2. Hərbi qulluqçuların digər kateqoriyalarına və hərbi vəzifəlilərə hərbi rütbələr "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nin tələblərinə müvafiq qaydada verilir.
31.3. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olma müddəti aşağıdakı kimi müəyyən edilir:

Hərbi rütbələrin adları
Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün
Digər hərbi qulluqçular üçün

Kiçik çavuş
6 ay
6 ay
Çavuş
6 ay
6 ay
Kiçik gizir (kiçik miçman)
2 il
2 il
Gizir (miçman)
3 il
5 il
Kiçik leytenant
1 il
1 il
Leytenant
2 il
3 il
Baş leytenant, kapitan (kapitan-leytenant)
3 il
4 il
Mayor (3-cü dərəcəli kapitan)
4 il
5 il
Polkovnik-leytenant
(2-ci dərəcəli kapitan)
5 il
6 il

31.4. Əsgər, matros, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.
31.5. Təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün "leytenant" hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.

Maddə 32. Hərbi rütbənin vaxtından əvvəl və ya ştat vəzifələri üzrə müəyyən edilmiş hərbi rütbədən bir pillə yuxarı rütbə verilməsi
32.1. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.
32.2. Zabitlərə həvəsləndirmə qaydasında polkovnik (1-ci dərəcəli kapitan) hərbi rütbəsi də daxil olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər.

Maddə 33. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası
33.1. Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilə bilərlər.
33.2. Hərbi qulluqçular (zabitlər istisna olmaqla) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən olunmuş qaydada hərbi rütbədən məhrum edilir və onların hərbi rütbələri bu rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.
33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər.
33.4. Ali zabitlərin hərbi rütbələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə müəyyən edilən qaydada bir pillə aşağı salınır və bərpa olunur.

Maddə 34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri
34.1. Bu Qanunun 34.5-ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər.
34.2. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur.
34.3. Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər.
34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə ilə tənzimlənir.
34.5. Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.

Maddə 35. Hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları
35.1. Hərbi qulluqçular və toplanışlar keçən hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər.
35.2. Hərbi qulluqçuların hərbi geyim forması, fərqləndirmə nişanları və onların təsvirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
35.3. Fərqləndirmə nişanları olan hərbi geyim formasını qanunsuz olaraq daşıyan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7-ci fəsil
Hərbi xidmətkeçmə

 

 

Maddə 36. Həqiqi hərbi xidmətə daxilolma
36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:
36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər;
36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
36.1.4. zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.
36.2. Bağlaşma əsasında həqiqi hərbi xidmətə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul olunurlar.
Qeyd: Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular birbaşa kadr zabit heyətinə keçirilirlər.

Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu
37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır:
37.1.1. çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün;
37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün - bağlaşmanın imzalandığı gün;
37.1.3. kursantlar üçün - hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün.
37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

Maddə 38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri
38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdiri­lir:
38.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır;
38.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmət­dən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar - 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
38.1.3. kursantlar üçün - hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində təhsil müddətindən asılı olaraq;
38.1.4. gizirlər və miçmanlar üçün - 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar - 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər - 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanır).
38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:
38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar - təhsil və ya müvafiq vəzifədə xidmət müddətində;
38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) - 4 aydan artıq olmamaq şərti ilə;
38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda - həmin müalicə müddətində;
38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində;
38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində.
38.3. Bu Qanunun 38.2-ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi xidmət müddətinə daxil edilir.
38.4. Barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir.
38.5. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti məhkum edilmiş şəxslərdən və bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa), məhkumluğu ödənildikdən (üzərindən götürüldükdən) sonra, müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarlarsa, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılırlar.

Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi
39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir:
39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş;
39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş;
39.1.3. kiçik zabitlər üçün - 48 yaş;
39.1.4. baş zabitlər üçün:
39.1.4.1. mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;
39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;
39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, general-polkovnik, admiral rütbələrində - 63 yaş.
39.2. Ordu generalı üçün son yaş həddi müəyyən edilmir.
39.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər.
39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər).
39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər.

Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma
40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar.
40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma
41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar:
41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);
41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 
41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda;
41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyən edilmiş əsaslara görə;
41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla);
41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"nin 61-ci bəndinin "z)" yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);
41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla);
41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;
41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

Maddə 42. Həqiqi hərbi xidmətdən istefaya buraxılma
42.0. Hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar:
42.0.1. yaşa görə - ehtiyatda olmağın son yaş həddinə çatdıqda;
42.0.2. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda;[15]
42.0.3. törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə;
42.0.4. bağlaşma əsasında həqiqi hərbi xidmətdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər törədilmiş cinayətə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum edildikdə və ya onlarla bağlaşma ləğv edildikdə;
42.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə.

8-ci fəsil
Ehtiyatda xidmət

 

 

Maddə 43. Ehtiyata keçirilmə
43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər.
43.2. Ehtiyatda xidmətin başlanğıcı hərbi qulluqçunun adının hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması anından hesablanır.

Maddə 44. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri
44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:

Hərbi vəzifəlilərin heyəti
Ehtiyatda olmanın son yaş hədləri
birinci dərəcə
ikinci dərəcə
üçüncü dərəcə
Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar
35 yaş
45 yaş
50 yaş
Kiçik zabitlər
50 yaş
-
55 yaş
Baş zabitlər: mayor və
polkovnik-leytenantlar
50 yaş
-
55 yaş
polkovniklər
55 yaş
-
60 yaş
ali zabitlər
60 yaş
-
65 yaş

44.2. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün - 50 yaş, gizirlər (miçmanlar) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular sırasından olan qadınlar üçün - 45 yaşdır.

Maddə 45. Toplanışlar keçirilməsi
45.1. Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
45.2. Aşağıdakı hərbi vəzifəlilər hərbi təlim toplanışlarına çağırıla bilərlər:
45.2.1. birinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
45.2.2. ikinci dərəcəli ehtiyatda olanlar - hər dəfə 2 ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;
45.2.3. üçüncü dərəcəli ehtiyatda olanlar - 1 ayadək müddətə bir dəfə.
45.3. Səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.
45.4. Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 3 ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.
45.5. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
45.6. Ehtiyatda olarkən toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.
45.7. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda bu Qanunla müəyyən edilmiş müddətdən əlavə 3 ayadək müddətə saxlanıla bilərlər.
45.8. Hərbi vəzifəlilər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılır.

Maddə 46. Toplanışlardan azadetmə
46.1. Aşağıdakı şəxslər toplanışlar keçməkdən azad edilirlər:
46.1.1. hərbi vəzifəlilər ehtiyata buraxıldıqdan sonra (hərbi yoxlama toplanışlarından başqa) - 1 il ərzində;
46.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təxsis edilmiş (bron edilmiş) hərbi vəzifəlilər;
46.1.3. müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar;
46.1.4. qadın hərbi vəzifəlilər;
46.1.5. mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;
46.1.6. dəniz gəmilərinin üzgü heyəti (Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna olmaqla);
46.1.7. əyani təhsilalma forması üzrə - təhsil müddətində, qiyabi təhsilalma forması üzrə isə - semestr və sessiya, həmçinin diplom işinin (dissertasiyanın) hazırlandığı və müdafiə edildiyi müddətlərdə (təhsil müəssisəsinin arayışı əsasında);
46.1.8. hərbi uçotdan çıxarılaraq qulluq (xidmət) etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınanlar
46.2. Toplanışları keçməkdən azad etmək barəsində qərarı hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanının rəhbəri qəbul edir.

Maddə 47. Hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi
Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.

Maddə 48. Hərbi vəzifəlilərin istefaya keçirilməsi
Bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallarda hərbi vəzifəlilər hərbi qeydiyyatdan və hərbi uçotdan çıxarılaraq istefaya keçirilirlər.[18]

9-cu fəsil
Yekun müddəalar

 

 


Maddə 49. Hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı
49.1. Hərbi vəzifənin yerinə yetirilməsi ilə bağlı tədbirlərin maliyyə və maddi təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin, habelə təşkilatların vəsaiti hesabına, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
49.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanının sifarişi ilə müvafiq icra hakimiyyəti orqanını çağırış məntəqələri ilə təmin etmək, ictimai qaydanı qorumaq, lazımi sayda həkim mütəxəssislər və orta tibb heyəti, dərman vasitələri, alətlər, tibb və təsərrüfat əmlakı, nəqliyyat vasitələri ayırmaq üçün müvafiq tədbirlər görməlidir.
49.3. Çağırış komissiyalarının üzvləri, hərbi həkim komissiyalarının üzvləri, müvafiq icra hakimiyyəti orqanında iş üçün ayrılmış həkimlər və orta tibb heyəti, texniki işçilər və xidmət heyəti vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə çağırılması, vətəndaşların tibbi müayinəsi, habelə müvafiq icra hakimiyyəti orqanına çağırılanların göndərilməsi zamanı bu vəzifələri yerinə yetirərkən onların əsas iş yerində orta əmək haqqı saxlanılır.
49.4. Bu Qanunun 49.3-cü maddəsində göstərilən şəxslər öz vəzifələrini yerinə yetirməsi üçün başqa yerə ezam olunduqda onlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ezamiyyə xərcləri ödənilir.

Maddə 50. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların maliyyə və maddi təminatı
50.1. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.
50.2. Vətəndaşlar ilkin hərbi qeydiyyata alınmaq və həqiqi hərbi xidmətə çağırılmaqla əlaqədar vəzifələrini yerinə yetirmək üçün lazım olan vaxtda daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən (təhsildən) azad edilirlər.
50.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul imtahanlarını vermək üçün vətəndaşlara qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənişsiz məzuniyyət verilir və onların iş yerində vəzifəsi və orta əmək haqqı saxlanılır.
50.4. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə aparılması və yolda yeməklə təmin edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Maddə 51. Hərbi xidmətin maliyyə və maddi təminatı
51.1. Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və təşkilatların vəsaiti hesabına həyata keçirilir.
51.2. Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış yerinə yola salınması və müəyyən olunmuş digər təminatlarla təmin edilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Maddə 52. Toplanışlara çağırılmış hərbi vəzifəlilərin maliyyə və maddi təminatı
52.1. Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində orta əmək haqqı saxlanılmaqla işdən azad edilirlər. Göstərilən şəxslərin əmək müqaviləsinə, onlar çağırış vərəqəsi aldıqları gündən toplanışdan qayıdana qədər təşkilatın ləğv edildiyi hallar istisna olmaqla, xitam verilə bilməz. Hərbi vəzifəlinin işlədiyi təşkilat ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.
52.2. Toplanış dövründə xəstələnmiş hərbi vəzifəlinin iş yeri (vəzifəsi) müalicə müddəti ərzində saxlanılır, ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müavinət ödənilir.

Maddə 53. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 54. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar ləğv edilməli olan Azərbaycan Respublikasının qanunları
Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, 11, maddə 406, 16, maddə 706; 1993, 5, maddə 133; 1994, 9, maddə 96; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 1, maddə 15; 1999, 3, maddə 164, 4, maddə 215, 5, maddə 286; 2001, 3, maddə 147, 12, maddə 745; 2002, 6, maddə 328, 8, maddə 463; 2004, 2, maddə 57, 7, maddə 507; 2006, 3, maddə 219; 2007, 1, maddələr 1, 4; 2008, 7, maddə 602; 2010, 4, maddə 275; 2011, 2, maddə 71) və "Hərbi xidmət haqqında" (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, 21, maddə 912; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, 1, maddə 15; 1999, 3, maddə 163; 2001, 3, maddələr 146, 147, 11, maddələr 683, 694, 12, maddə 745; 2002, 6, maddə 328, 8, maddə 463; 2004, 4, maddə 199, 5, maddə 319; 2005, 7, maddə 588; 2006, 4, maddə 312; 2011, 2, maddə 71) Azərbaycan Respublikasının qanunları ləğv edilir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2011-ci il
274-IVQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 dekabr 2014-cü il tarixli 1159-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 4 fevral 2015-ci il, 26, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 2, maddə 92)
2. 3 aprel 2015-ci il tarixli 1249-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 5 may 2015-ci il, 095, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 5, maddə 496)
3. 29 may 2015-ci il tarixli 1302-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 16 iyul 2015-ci il, 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 821)
4. 31 may 2016-cı il tarixli 262-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 iyun 2016-cı il, 133)
5.
14 iyun 2016-cı il tarixli 279-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 22 iyun 2016-cı il, 133) 
6. 2 oktyabr 2017-ci il tarixli 785-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 oktyabr 2017-ci il, 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 10, maddə 1769)
7. 29 iyun 2018-ci il tarixli 1209-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 29 iyun 2018-ci il, 154)















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).