8:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında

 

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 

I fəsil
ÜMUMİ MÜDDƏALAR

 


Maddə 1. Qanunun məqsədi
Azərbaycan Respublikası Konstitusiyasına, hamılıqla tanınan beynəlxalq hüquq prinsiplərinə və normalarına müvafiq surətdə qanun, adından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün yazılı beynəlxalq müqavilələrinin (müqavilə, saziş, konvensiya, pakt, protokol, məktubların və ya notaların mübadiləsi və başqa adlı beynəlxalq müqavilələr) bağlanması, icrası və ləğv edilməsi qaydalarını müəyyənləşdirir.
Azərbaycan Respublikasının beynəlxalq müqaviləsi, adından asılı olmayaraq, Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bu Qanunda müəyyənləşdirilmiş qaydada yazılı şəkildə bağlanan razılaşmasıdır.

 

Maddə 2. Azərbaycan respublikasının beynəlxalq müqavilələri
Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla beynəlxalq müqavilələri Azərbaycan Respublikası adından (dövlətlərarası müqavilələr) və Azərbaycan Respublikasının hökuməti adından (hökumətlərarası müqavilələr) bağlanır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bağlanılan beynəlxalq müqavilələr də hökumətlərarası müqavilələr sayılır.

Maddə 3. Beynəlxalq müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə edilməsi üsulları
Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası,  təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa kələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.

 

 

II fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ
BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN BAĞLANMASI

 


Maddə 4. Çıxarılıb.

 

Maddə 5. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması haqqında qərarların qəbul edilməsi
Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında qərarları müvafiq icra hakimiyyəti orqanı qəbul edir.

 

Maddə 6. Beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyəti
Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq danışıqlar aparmaq və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini imzalamaq səlahiyyətini müvafiq icra hakimiyyəti orqanlarının və dövlətə məxsus müəssisələrin rəhbərlərinə verə bilər. Səlahiyyət verildikdə danışıqların predmeti və həyata keçirilməli olan hərəkətlər göstərilir.

 

Maddə 7. Xüsusi səlahiyyət olmadan beynəlxalq danışıqlar aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri barəsində, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri isə bu Qanunun 8-ci maddəsində göstərilən beynəlxalq müqavilələr istisna olmaqla Azərbaycan Respublikasının digər beynəlxalq müqavilələri barəsində danışıqlar aparmaq və onları imzalamaq hüququna malikdirlər.

Azərbaycan Respublikasının xarici dövlətdəki diplomatik nümayəndəliyinin başçısı və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birində Azərbaycan Respublikası nümayəndəliyinin başçısı xüsusi səlahiyyət olmadan müvafiq surətdə qəbuledici dövlətlə və ya həmin beynəlxalq konfrans, təşkilat və ya onun orqanlarının biri çərçivəsində Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında danışıqlar aparmaq hüququna malikdirlər.

 

Maddə 8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası
Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri Azərbaycan Respublikasının Milli Məclisi təsdiq (ratifikasiya) edir.

 

Maddə 9. Çıxarılıb.

  Maddə 10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiya edilməsi haqqında təkliflərə qabaqcadan baxılması

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən beynəlxalq müqavilələrə Milli Məclisin müvafiq komitələrində qabaqcadan baxılaraq rəy verilir.

 

Maddə 11. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında qanunların qəbul edilməsi
Azərbaycan Respublikasının Milli Məclisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ratifikasiya üçün təqdim edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə baxır və müvafiq qanun qəbul edir.
Ratifikasiya üçün təqdim edilmiş beynəlxalq müqavilələr dövlət dilində olmalıdır. Rəsmi mətnləri dövlət dilində olmadıqda beynəlxalq müqavilələr dövlət dilinə tərcümə edilməli və tərcümə edilmiş mətnin rəsmi mətnə uyğunluğunu təsdiq edən sənəd əlavə edilməlidir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır.

 

Maddə 12. Təsdiqnamələrin mübadiləsi və onların saxlanmağa verilməsi
Müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə edir və onları saxlanmaq üçün depozitariyə verir.

 

Maddə 13. Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin təsdiq və ya qəbul edilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

Maddə 14. Beynəlxalq müqavilələrə qoşulma
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə qoşulması haqqında qərarı aşağıdakılar qəbul edirlər:
1)ratifikasiyası tələb olunan müqavilələr barəsində-Azərbaycan Respublikasının Milli Məclisi;
2)ratifikasiyası tələb olunmayan müqavilələr barəsində - müvafiq icra hakimiyyəti orqanı.
3) Çıxarılıb.

 

 

III fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ
BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN İCRASI

 


Maddə 15. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əməl edilməsi
Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə dönmədən əməl etməlidir.
Azərbaycan Respublikası beynəlxalq müqavilələrə vicdanla əməl edilməsi prinsipinə uyğun olaraq, Azərbaycan Respublikasının iştirak etdiyi ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin digər iştirakçılarının da bu müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirməsi üçün səylər göstərir.

 

Maddə 16. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsinin təmin edilməsi
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsini təmin edir.

 

Maddə 17. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsi
Müvafiq icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və onların səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edirlər.
Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklərin həm Azərbaycan Respublikası, həm də həmin müqavilələrin digər iştirakçıları tərəfindən yerinə yetirilməsi barədə müvafiq icra hakimiyyəti orqanına müntəzəm məlumat verir.

 

Maddə 18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidə
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

 

Maddə 19. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin digər iştirakçılar tərəfindən pozulmasına görə görülən tədbirlər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri üzrə öhdəliklər həmin müqavilələrin digər iştirakçıları tərəfindən pozulduqda müvafiq icra hakimiyyəti orqanları müvafiq icra hakimiyyəti orqanına beynəlxalq hüquq normalarına uyğun olaraq lazımi tədbirlər görülməsi haqqında təkliflər verirlər.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələri digər iştirakçılar tərəfindən əhəmiyyətli dərəcədə pozulduqda, habelə beynəlxalq hüquq normaları ilə nəzərdə tutulmuş başqa hallarda həmin müqavilələrə bu Qanunun 22-24-cü maddələrində müəyyən edilmiş qaydada xitam verilir.

 

Maddə 20. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə dəyişikliklər edilməsi haqqında təkliflər
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin yerinə yetirilməsi məqsədi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının qəbul edilməsi lazım gəldikdə, müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın qəbul edilməsi haqqında təkliflər verirlər.

 

 

IV fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ
BEYNƏLXALQ MÜQAVİLƏLƏRİNİN LƏĞV EDİLMƏSİ

 


Maddə 21. Çıxarılıb.

Maddə 22. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ləğv edilməsi
Ratifikasiya edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanının təklifinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi ləğv edir.

 

Maddə 23. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğv edilməsi haqqında təkliflərə qabaqcadan baxılması
Bu Qanunun 22-ci maddəsinə əsasən ləğv edilən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ləğvi Haqqında təkliflərə Azərbaycan Respublikası Milli Məclisinin müvafiq komitələri qabaqcadan baxıb rəy verirlər.

 

Maddə 24. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilməsi
Ratifikasiyası tələb olunmayan Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini müvafiq icra hakimiyyəti orqanı ləğv edir.

 

 

V fəsil
YEKUN MÜDDƏALARI

 


Maddə 25. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin dərc edilməsi
Ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş və ya Azərbaycan Respublikasının qoşulduğu Azərbaycan Respublikasının beynəlxalq müqavilələri "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc edilir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin əslinə uyğun mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə ilə birlikdə bu dillərin birində çap edilir.

 

Maddə 26. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin rəsmi qeydiyyatı
Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələri müvafiq icra hakimiyyəti orqanında Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin reyestrində qeydə alınır.

Azərbaycan Respublikasının bütün beynəlxalq müqavilələrinin Birləşmiş Millətlər Təşkilatının Katibliyində və ya digər beynəlxalq təşkilatların müvafiq orqanlarında qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.


Bakı şəhəri, 13 iyun 1995-ci
1057

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


1. 18 iyun 2010-cu il tarixli 1032-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 20 iyul 2010-cu il, 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 589)
2.  24 iyun 2011-ci il tarixli 170-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Respublika" qəzeti, 30 iyul 2011-ci il, 159, "Azərbaycan" qəzeti, 31 iyul 2011-ci il, 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 7, maddə 609)

 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).