8:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının qanunu

 Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 

Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir.

 

Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:

ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

 

Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası

 

Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. 
Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. 
Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
 
Maddə 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları
Bu Qanunun 1-ci maddəsində göstərilən əlamətlər üzrə həlak olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:
qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması;
şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi.
Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aşağıdakı təminatlar verilir:
ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir
Valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir.
işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir, müəssisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;
mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir.
həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olmuş qaydada və məbləğdə müavinət verilir;
dövlət ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;
tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər

 

 
Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi
Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir.
Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
 
Maddə 5. Şəhid və şəhid ailələrinin məsələləri ilə məşğul olan dövlət orqanları və onların qarşılıqlı əlaqəsi
Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər.
 
Maddə 6. Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələri
Şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir.
 
Maddə 7. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli qaydası

Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

 

Azərbaycan  Respublikası  Prezidentinin  səlahiyyətini  həyata keçirən

Azərbaycan  Respublikası Ali  Sovetinin sədri

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 3 sentyabr 1993-cü il.

697.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

 

1.  12 mart 1999-cu il tarixli 627-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 5, maddə 282)    

2. 23 aprel 1999-cu il tarixli 662-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 5, maddə 293)

3.    15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 731)

4.       12 sentyabr 2003-cü il tarixli 499-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 539)

5.       18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 507)

6.       6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 5, maddə 401)

7.       17 aprel 2007-ci il tarixli 317-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 561)

8.       13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 7, maddə 602)

9.   14 oktyabr 2016-cı il tarixli 336-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ("Azərbaycan" qəzeti, 20 noyabr 2016-cı il, 257) 
















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).