12:52 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya

BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya.
 
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində elan edilmiş prinsiplərə müvafiq olaraq, bəşər əhlinin bütün üzvlərinin bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,
dövlətlərin Nizamnaməyə, konkret olaraq, 55-ci maddəyə əsasən insan hüquqlarına və əsas azadlıqlara hamılıqla hörmət və riayət edilməsinə yardım göstərməyə dair öhdəlikləri olduğunu nəzərə alaraq,
həm İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinin, həm də Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsinin heç kəsin işgəncəyə və ya qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə məruz qalmamasını nəzərdə tutduğunu diqqətə alaraq,
həmçinin Baş Məclisin 1975-ci il dekabrın 9-da qəbul etdiyi Bütün şəxslərin işgəncələrdən və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərindən müdafiəsi haqqında Bəyannaməni diqqətə alaraq.
bütün dünyada işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı mübarizənin səmərəsini artırmaq istəyərək, aşağıdakılar barədə razılığa gəldilər:
 
I hissə
 
Maddə 1
1. Bu Konvensiyanın məqsədləri üçün «işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür. Yalnız qanuni sanksiyalar nəticəsində baş verən, bu sanksiyaların ayrılmaz tərkib hissəsi olan, yaxud onların təsadüfən doğurduğu ağrı və ya əzablar bu anlayışa daxil deyil.
2. Bu maddə daha geniş tətbiq müddəaları nəzərdə tutan, yaxud tuta bilən hər hansı beynəlxalq müqaviləyə və ya milli qanunvericiliyə xələl gətirmir.
 
Maddə 2
1. Hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görürlər.
2. Necə olursa-olsun, heç bir müstəsna hal-müharibə vəziyyəti və ya təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud hər hansı digər fövqəladə şərait-işgəncəyə haqq qazandıra bilməz.
3. Vəzifəcə yüksək rəisin, yaxud dövlət hakimiyyəti orqanının əmri işgəncə verilməsinə haqq qazandıra bilməz.
 
Maddə 3
1. Heç bir iştirakçı dövlət heç bir şəxsi ona işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar mövcud olduğu başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya ekstradisiya etməməlidir.
2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olub-olmadığını müəyyən etmək üçün işlə əlaqədar bütün halları, o cümlədən müvafiq hallarda həmin dövlətdə insan hüquqlarının davamlı olaraq kobudcasına, biabırçı və kütləvi surətdə pozulması praktikasının mövcudluğunu nəzərə alır.
 
Maddə 4
1. Hər bir iştirakçı dövlət bütün işgəncə hərəkətlərinə onun cinayət qanunvericiliyinə müvafiq olaraq cinayət kimi baxılmasını təmin edir. Bu, işgəncə vermək cəhdinə və hər hansı bir şəxsin işgəncədə iştirakçılığı, yaxud iştirakı anlamına gələn hərəkətlərinə də aiddir.
2. Hər bir iştirakçı dövlət bu cinayətlərə görə, onların ağırlıq xarakteri nəzərə alınmaqla, müvafiq cəzalar müəyyən edir.
 
Maddə 5
1. Hər bir iştirakçı dövlət aşağıdakı hallarda 4-cü maddədə göstərilən cinayətlər barəsində öz yurisdiksiyasının bərqərar edilməsi üçün zəruri ola biləcək tədbirləri görür:
a) cinayətlər onun yurisdiksiyasında olan hər hansı ərazidə və ya həmin dövlətdə qeydiyyatdan keçirilmiş dəniz, yaxud hava gəmisində törədildikdə;
b) güman edilən cinayətkar həmin dövlətin vətəndaşı olduqda;
c) cinayətin qurbanı həmin dövlətin vətəndaşı olduqda və həmin dövlət tədbir görülməsini məqsədəuyğun saydıqda.
2. Hər bir iştirakçı dövlət, analoji qaydada, güman edilən cinayətkarın onun yurisdiksiyasındakı hər hansı bir ərazidə olduğu və bu dövlət 8-ci maddəyə müvafiq olaraq, onu bu maddənin 1-ci bəndində xatırlanan dövlətlərin hər hansına təhvil vermədiyi hallarda belə cinayətlər barəsində öz yurisdiksiyasını bərqərar etməkdə zəruri ola biləcək tədbirləri görür.
3. Bu Konvensiya daxili qanunvericiliyə əsasən istənilən cinayət yurisdiksiyasının həyata keçirilməsini istisna etmir.
 
Maddə 6
1. Ərazisində 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətdiyi güman edilən şəxs olan hər hansı iştirakçı dövlət ixtiyarındakı informasiyanı araşdırdıqdan sonra şəraitin tələb etdiyini yəqin etdikdə həmin şəxsi həbs edir və ya bu şəxsin onun sərəncamında qalmasını təmin edən digər hüquqi tədbirləri görür. Həbs və bu qəbildən olan digər hüquqi tədbirlər həmin dövlətin qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir, lakin onların həyata keçirilməsi yalnız cinayət prosessual, yaxud ekstradisiya tədbirlərini görmək üçün zəruri olan vaxt ərzində davam edə bilər.
2. Həmin dövlət dərhal faktların ilkin araşdırılmasını aparır.
3. Bu maddənin 1-ci bəndinə əsasən həbs edilmiş hər hansı bir şəxsə vətəndaşı olduğu dövlətin ən yaxında olan müvafiq nümayəndəsi və ya o, vətəndaşlığı olmayan şəxsdirsə, adətən yaşadığı dövlətin nümayəndəsi ilə dərhal əlaqə yaratmasına yardım göstərilir.
4. Dövlət bu maddəyə müvafiq olaraq hər hansı bir şəxsi həbs etdikdə, həmin şəxsin həbsdə olması faktını və onun tutulmasına əsas verən hallar barədə 5-ci maddənin 1-ci bəndində xatırlanan dövlətlərə dərhal xəbər verir. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan ilkin təhqiqatı aparan dövlət əldə etdiyi məlumatları təcili surətdə sözügedən dövlətlərə bildirir və öz yurisdiksiyasını tətbiq etmək niyyətində olub-olmadığını göstərir.
 
Maddə 7
1. Yurisdiksiyasındakı ərazidə 4-cü maddədə göstərilən cinayətlərdən hər hansı birini törətməkdə şübhəli bilinən şəxsin aşkar edildiyi iştirakçı dövlət 5-ci maddədə nəzərdə tutulan hallarda-əgər cinayətkarı ekstradisiya etmirsə-həmin işi məhkəmə təqibi üçün özünün səlahiyyətli hakimiyyət orqanlarına verir.
2. Bu hakimiyyət orqanları həmin dövlətin qanunvericiliyinə müvafiq olaraq ciddi xarakterli hər hansı cinayət hallarında olduğu kimi, eyni qaydada qərar qəbul edirlər. 5-ci maddənin 2-ci bəndində sadalanan hallarda məhkəmə təqibi üçün zəruri olan dəlillərə dair tələblər və çıxarılan hökmlər 5-ci maddənin 1-ci bəndində göstərilən hallarda tətbiq edildiyindən az sərt olmur.
3. 4-cü maddədə göstərilən hər hansı bir cinayətlə bağlı barəsində təhqiqat aparılan istənilən şəxslə təhqiqatın bütün mərhələlərində ədalətli rəftara təminat verilir.
 
Maddə 8
1. 4-cü maddədə göstərilən cinayətlər iştirakçı dövlətlər arasında ekstradisiyaya dair hər hansı mövcud müqaviləyə daxil edilməli olan ekstradisiya cinayətləri sayılır. İştirakçı dövlətlər belə cinayətləri ekstradisiyaya dair aralarında bağladıqları hər hansı müqaviləyə ekstradisiya cinayətləri kimi etməyi öhdələrinə götürürlər.
2. Ekstradisiyanın həyata keçirüməsini bu barədə müqavilənin olması ilə şərtləndirən iştirakçı dövlət ekstradisiyaya dair müqaviləsi olmayan digər iştirakçı dövlətdən ekstradisiya barədə müraciət alarsa, bu Konvensiyanı həmin cinayətlərə münasibətdə ekstradisiyanın hüquqi əsası kimi götürə bilər. Ekstradisiya bu barədə xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan başqa şərtlərə müvafiq həyata keçirilir.
3. Ekstradisiyanın həyata keçirilməsini bu barədə müqavilənin olması ilə şərtləndirməyən iştirakçı dövlətlər arasındakı münasibətlərdə belə cinayətlərə ekstradisiya xahiş edilən dövlətin qanunvericiliyində nəzərdə tutulan şərtlərə müvafiq olaraq, ekstradisiya cinayətləri kimi baxılır.
4. İştirakçı dövlətlər arasında ekstradisiya məqsədləri üçün belə cinayətlərə elə baxılır ki, sanki onlar yalnız baş verdiyi yerdə deyil, həm də 5-ci maddənin 1-ci bəndinə müvafiq olaraq öz yurisdiksiyasını bərqərar etməyə borclu olan dövlətlərin ərazisində törədilmişdir.
 
Maddə 9
1. İştirakçı dövlətlər 4-cü maddədə sadalanan cinayətlərdən hər hansı biri barəsində görülən cinayət-prosessual tədbirləri ilə bağlı bir-birinə ən dolğun şəkildə yardım göstərir, o cümlədən məhkəmə təhqiqatı üçün zəruri olan sərəncamlarındakı bütün dəlil-sübutları təqdim edirlər.
2. İştirakçı dövlətlər bu maddənin 1-ci bəndi üzrə öz öhdəliklərini qarşılıqlı hüquqi yardım haqqında aralarında bağlana biləcək hər hansı müqaviləyə uyğun surətdə yerinə yetirirlər.
 
Maddə 10
1. Hər bir iştirakçı dövlət hüquq normaları personalının hazırlığı, mülki və ya hərbi, tibbi personalın, dövlətin vəzifəli şəxslərinin və hər hansı formada saxlanılmış, həbs edilmiş, yaxud məhkum edilmiş şəxslərin həbsdə saxlanmasına və dindirilməsinə, yaxud onlarla rəftara cəlb oluna bilən şəxslərin təlimi proqramlarına işgəncələrin qadağan edilməsinə dair tədris materiallarının və informasiyanın tam şəkildə daxil olunmasını təmin edir.
2. Hər bir iştirakçı dövlət bu qadağanı belə şəxslərdən hər birinin vəzifə və funksiyalarına aid qaydalara, yaxud təlimatlara daxil edir.
 
Maddə 11
Hər bir iştirakçı dövlət hansısa işgəncə hallarına yol verməmək üçün onun yurisdiksiyasında olan hər hansı ərazidə hər hansı formada saxlanılmış, həbs edilmiş, yaxud məhkum edilmiş şəxslərin dindirilməsinə, həmçinin onların həbsdə saxlanmasına və onlarla rəftara dair qaydaları, təlimatları, üsulları və praktikanı müntəzəm surətdə nəzərdən keçirir.
 
Maddə 12
Hər bir iştirakçı dövlət onun yurisdiksiyasında olan hər hansı ərazidə işgəncənin tətbiq olunduğunu ehtimal etməyə kifayət qədər əsas olduqda, səlahiyyətli orqanlarının tez və qərəzsiz istintaq aparmasını təmin edir.
 
Maddə 13
Hər bir iştirakçı dövlət bu dövlətin yurisdiksiyasında olan hər hansı ərazidə işgəncələrə məruz qaldığını iddia edən hər bir şəxsin həmin dövlətin səlahiyyətli hakimiyyət orqanlarına şikayət verməsi və belə şikayətlərə təcili və maneəsiz baxılması hüququnu təmin edir. İddiaçının və şahidlərin verdiyi şikayət və ya hər hansı şahid ifadələri ilə bağlı hər hansı pis davranış, yaxud hədə-qorxudan müdafiəsini təmin etmək üçün tədbirlər görülür.
 
Maddə 14
1. Hər bir iştirakçı dövlət işgəncə qurbanının əvəz almasını və hüquqi sanksiya ilə gücləndirilən ədalətli və adekvat kompensasiya hüququna, o cümlədən mümkün qədər tam reabilitasiya vasitələrinə malik olmasını öz hüquq sistemində təmin edir. İşgəncə qurbanı işgəncə nəticəsində ölərsə, kompensasiya almaq hüququ onun öhdəsində olanlara verilir.
2. Bu maddədə heç nə işgəncə qurbanının və ya digər şəxslərin milli qanunvericiliyə əsasən mövcud ola bilən hər hansı kompensasiya almaq hüququna toxunmur.
 
Maddə 15
Hər bir iştirakçı dövlət işgəncə altında verildiyi müəyyən edilmiş hər hansı bəyanatdan-bu bəyanatın işgəncə verməkdə ittiham olunan şəxsə qarşı sübut kimi istifadə edilməsi halları istisna olmaqla-heç bir məhkəmə araşdırmasında dəlil-sübut kimi istifadə olunmamasını təmin edir.
 
Maddə 16
1. Hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncənin 1-ci maddədəki tərifinin əhatə etmədiyi digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinin dövlətin vəzifəli şəxsləri və ya rəsmi şəxs kimi çıxış edən digər şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə törədilməsinin qarşısını almağı öhdəsinə götürür. O cümlədən 10, 11, 12 və 13-cü maddələrdəki öhdəliklər işgəncə sözünün digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri sözləri ilə əvəz olunması ilə tətbiq edilir.
2. Bu Konvensiyanın müddəaları qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərini qadağan edən, yaxud ekstradisiya və ya sürgünə aid olan hər hansı digər beynəlxalq müqavilələrin, yaxud milli qanunvericiliyin müddəalarına xələl gətirmir.
 
II hissə
 
Maddə 17
1. Aşağıda nəzərdə tutulan funksiyaları yerinə yetirən İşgəncələrə qarşı Komitə (bundan sonra «Komitə» adlandırılacaq) yaradılır. Komitə yüksək əxlaqi keyfiyyətlərə malik və insan hüquqları sahəsində səriştəsi ilə tanınan və ayrıca şəxs qismində çıxış edən on bir ekspertdən ibarətdir. Ekspertlər iştirakçı dövlətlər tərəfindən seçilir, bu zaman ədalətli coğrafi bölgüyə və hüquq təcrübəsi olan bir neçə şəxsin iştirakının məqsədəuyğunluğuna diqqət yetirilir.
2. Komitə üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri namizədlər siyahısından gizli səsvermə yolu ilə seçilir. Hər iştirakçı dövlət öz vətəndaşları arasından bir namizəd irəli sürə bilər. İştirakçı dövlətlər, həmçinin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta müvafiq olaraq təsis edilmiş İnsan Hüquqları Komitəsinin üzvü olan və İşgəncələrə qarşı Komitədə işləmək arzusunu bildirən şəxslərin namizədliyini irəli sürməyin məqsədəuyğunluğunu nəzərə alırlar.
3. Komitə üzvləri iştirakçı dövlətlərin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin iki ildə bir dəfə çağırdığı müşavirələrində seçilirlər. İştirakçı dövlətlərin üçdə ikisinin yetərsay təşkil etdiyi bu müşavirələrdə ən çox səs alan və Konvensiyanın müşavirədə və səsvermədə iştirak edən iştirakçı dövlətlərin nümayəndələrinın mütləq səs çoxluğunu əldə etmiş namizədlər Komitəyə üzv seçilmiş hesab olunurlar.
4. İlk seçkilər bu Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonra altı aydan gec olmayaraq keçirilir. Növbəti seçkilərin keçirilməsinə ən azı dörd ay qalmış Birləşmiş Millətlər Təşkilatının Baş katibi iştirakçı dövlətlərə üç ay müddətində öz namizədlərini irəli sürmək təklifi ilə məktub göndərir. Baş katib namizədlərin əlifba sırası ilə düzülmüş siyahısını onları irəli sürmüş iştirakçı dövlətləri göstərməklə hazırlayır və iştirakçı dövlətlərə təqdim edir.
5. Komitə üzvləri dörd il müddətinə seçilir. Onlar namizədlikləri təkrar irəli sürüldükdə yenidən seçilmək hüququna malikdir. Lakin ilk seçkidə seçilmiş beş üzvün səlahiyyət müddəti ikinci ilin sonunda başa çatır. Bu beş üzvün adları haqqında bu maddənin 3-cü bəndində qeyd olunan müşavirə sədrinin ilk seçkidən dərhal sonra keçirdiyi püşk vasitəsilə müəyyən edilir.
6. Komitə üzvü öldükdə və ya istefa verdikdə, yaxud hər hansı başqa səbəblərə görə Komitədəki funksiyalarını yerinə yetirə bilmədikdə, onun namizədliyini irəli sürmüş iştirakçı dövlət qalan müddətə öz vətəndaşları arasından iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən bəyənilmiş başqa ekspert təyin edir. İştirakçı dövlətlərin yarısı və ya bundan çoxu təklif olunan təyinat haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibindən məlumat aldıqdan sonra altı həftə ərzində buna mənfi cavab vermədikdə, namizəd bəyənilmiş sayılır.
7. İştirakçı dövlətlər Komitə üzvlərinin Komitədəki vəzifələrini yerinə yetirdiyi müddətdə onların xərclərini ödəməyi öz üzərlərinə götürürlər.
 
Maddə 18
1. Komitə iki il müddətinə vəzifəli şəxslərini seçir. Onlar yenidən seçilə bilərlər.
2. Komitə özünün məxsusi prosedur qaydalarını müəyyən edir, lakin bu qaydalarda aşağıdakılar da nəzərdə tutulmalıdır:
a) altı üzv yetərsay təşkil edir;
b) Komitənin qərarları iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.
3. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin bu Konvensiyaya müvafiq olaraq funksiyalarını səmərəli yerinə yetirməsi üçün onu lazımi personal və şəraitlə təmin edir.
4. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Komitənin ilk iclasını çağırır. Komitə ilk iclasdan sonra onun prosedur qaydalarında nəzərdə tutulan müddətlərdə toplaşır.
5. İştirakçı dövlətlərin müşavirələrinin və bu Komitənin iclaslarının keçirilməsi ilə bağlı xərclərin-Birləşmiş Millətlər Təşkilatına ödənilən hər hansı xərclər, o cümlədən bu maddənin 3-cü bəndinə müvafiq olaraq Birləşmiş Millətlər Təşkilatının təmin etdiyi personal və şərait üçün xərclər daxil olmaqla-ödənilməsini iştirakçı dövlətlər öz üzərlərinə götürürlər.
 
Maddə 19
1. İştirakçı dövlətlər bu Konvensiyanın onlar üçün qüvvəyə mindiyi vaxtdan keçən bir il ərzində Birləşmiş Millətlər Təşkilatının Baş katibi vasitəsilə Komitəyə bu Konvensiyaya əsasən öhdəliklərini həyata keçirmək üçün gördükləri tədbirlər haqqında məruzə təqdim edirlər. Sonralar iştirakçı dövlətlər görülmüş hər hansı yeni tədbirlər haqqında dörd ildən bir əlavə məruzələr, həmçinin Komitənin istəyə biləcəyi digər məruzələr təqdim edirlər.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu məruzələri bütün iştirakçı dövlətlərə göndərir.
3. Hər bir məruzə Komitədə baxılır. Komitə məruzələrə məqsədəuyğun saydığı ümumi xarakterli qeydlər edə bilər. Sonra Komitə onları müvafiq iştirakçı dövlətlərə göndərir. Həmin iştirakçı dövlət cavab olaraq münasib saydığı hər hansı qeydlərini Komitəyə təqdim edə bilər.
4. Komitə bu maddənin 3-cü bəndinə əsasən etdiyi qeydlərdən və onlara dair müvafiq iştirakçı dövlətlərdən aldığı qeydlərdən hansını 24-cü maddəyə müvafiq olaraq hazırladığı illik hesabata salmağı öz mülahizəsinə görə həll edir. Komitə, həmçinin müvafiq iştirakçı dövlətin xahişi ilə, bu maddənin 1-ci bəndinə müvafiq olaraq təqdim edilmiş məruzənin nüsxəsini də özünün illik məruzəsinə daxil edə bilər.
 
Maddə 20
1. Komitə, hər hansı bir iştirakçı dövlətin ərazisində müntəzəm olaraq işgəncə tətbiq edildiyinə dair, onun fikrincə, tam əsaslandırılmış məlumatlar olan mötəbər informasiya alarsa, həmin iştirakçı dövlətə bu informasiyaya baxılmasında əməkdaşlıq etməyi və bu məqsədlə həmin informasiyaya dair qeydlərini təqdim etməyi təklif edir.
2. Komitə müvafiq iştirakçı dövlətin təqdim edə biləcəyi hər hansı qeydləri, həmçinin işə dair sərəncamında olan hər hansı digər informasiyanı nəzərə almaqla, məqsədəuyğun hesab edərsə, bir və ya bir neçə üzvünü məxfi şəkildə təhqiqat aparmaq və Komitəyə təcili surətdə müvafiq məruzə təqdim etməyə təyin edə bilər.
3. Bu maddənin 2-ci bəndinə uyğun olaraq təhqiqat aparılarsa, Komitə müvafiq iştirakçı dövlətlə əməkdaşlıq qurmağa çalışır. Bu iştirakçı dövlətin razılığı ilə belə təhqiqat onun ərazisinə baş çəkməyi də ehtiva edə bilər.
4. Komitə öz üzvünün və ya üzvlərinin apardığı təhqiqatın bu maddənin 2-ci bəndinə müvafiq olaraq ona təqdim edilən nəticələrinə baxdıqdan sonra həmin nəticələri mövcud vəziyyət üçün məqsədəuyğun olan hər hansı qeyd və təkliflərlə birlikdə müvafiq iştirakçı dövlətə göndərir.
5. Komitənin bu maddənin 1-4-cü bəndlərində xatırlanan bütün tədbirləri məxfi xarakter daşıyır və bu işin bütün mərhələlərində iştirakçı dövlətlə əməkdaşlığa səy göstərilməlidir. 2-ci bəndə müvafiq olaraq aparılan təhqiqata dair iş başa çatdıqdan sonra Komitə müvafiq iştirakçı dövlətlə məsləhətləşməklə, 24-cü maddəyə uyğun olaraq hazırladığı illik hesabata bu işin nəticələrinə dair qısa hesabatın daxil edilməsi haqqında qərar qəbul edə bilər.
 
Maddə 21
1. Bu maddəyə müvafiq olaraq bu Konvensiyanın hər hansı iştirakçı dövləti istənilən vaxt Komitənin bir iştirakçı dövlətin digər iştirakçı dövlətin bu Konvensiya üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iddiasına aid məlumatları almaq və onlara baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Belə məlumatlar bu maddədə müəyyən edilən prosedurlara müvafiq olaraq, yalnız o halda qəbul edilə və baxıla bilər ki, onlar özünə münasibətdə Komitənin səlahiyyətini tanıdığını bəyan etmiş iştirakçı dövlət tərəfindən təqdim edilmiş olsun. Bu maddə üzrə təqdim edilən məlumatlar belə bəyanat verməmiş iştirakçı dövlətlərə aiddirsə, Komitə onlara baxmır. Bu maddəyə əsasən alınmış məlumatlar aşağıdakı prosedur ilə baxılır:
a) bir iştirakçı dövlət digər iştirakçı dövlətin bu Konvensiyanın müddəalarını yerinə yetirmədiyini hesab edirsə, onda bu məsələni yazılı surətdə həmin iştirakçı dövlətə bildirə bilər. Bu məlumatı alan dövlət onu aldıqdan sonra üç ay ərzində belə məlumatı göndərmiş dövlətə yazılı formada izahat və ya bu məsələni aydınlaşdıran digər bəyanat göndərir; burada mümkün və məqsədəuyğun olduğu qədər daxili prosedurlar və bu məsələ üzrə görülmüş, görüləcək, yaxud görülə biləcək tədbirlər göstərilməlidir;
b) məlumat alan dövlət ilk məlumatı aldıqdan sonra altı ay ərzində sözügedən məsələ hər iki müvafiq iştirakçı dövlət üçün qənaətbəxş şəkildə həll edilməzsə, bu dövlətlərdən hər hansı birinin, Komitəyə və digər dövlətə bildiriş göndərməklə, məsələni Komitəyə vermək hüququ vardır;
c) Komitə bu maddəyə uyğun olaraq ona verilmiş mesələyə yalnız bütün mümkün daxili hüquq müdafiə vasitələrinin hamılıqla tanınmış beynəlxalq hüquq normalarına müvafiq olaraq tətbiq edildiyini və tükəndiyini yəqin etdikdən sonra baxır. Bu qayda həmin hüquq müdafiə vasitələrinin tətbiqi əsassız olaraq ləngidildikdə və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə təsirli kömək edə biləcəyi çətin güman edildikdə tətbiq olunmur;
d) Komitə bu maddə üzrə məlumatlara baxarkən iclaslarını qapalı keçirir;
e) Komitə c) yarımbəndinin müddəalarına riayət etməklə, məsələni bu Konvensiyada nəzərdə tutulan öhdəliklərə hörmət əsasında dostcasına həll etmək məqsədilə müvafiq iştirakçı dövlətlərə xeyirxah xidmətlər göstərir. Komitə bu məqsədlə, lazım gəldikdə, ad hocrazılaşdırıcı komissiya təsis edə bilər;
f) Komitə b) yarımbəndində xatırlanan iştirakçı dövlətləri bu maddəyə müvafiq olaraq ona verilmiş istənilən məsələ üzrə işə dair hər hansı məlumatı təqdim etməyə çağırır;
g) məsələyə Komitədə baxılarkən b) yarımbəndində xatırlanan müvafiq iştirakçı dövlətlərin orada təmsil olunmaq və şifahi, yaxud yazılı təqdimatlar vermək hüququ var;
h) Komitə b) yarımbəndinə müvafiq olaraq bildiriş aldıqdan sonra on iki ay ərzində hesabat təqdim edir:
i) e) yarımbəndinin müddəaları çərçivəsində razılıq əldə edilərsə, Komitə öz hesabatında faktların və əldə edilmiş razılığın qısa şərhini verməklə kifayətlənir;
ii) e) yarımbəndinin müddəaları çərçivəsində razılıq əldə edilməzsə, Komitə öz hesabatında faktların qısa şərhi ilə kifayətlənir; iştirakçı dövlətlərin təqdim etdikləri yazılı təqdimatlar və şifahi bəyanatların yazılı mətni hesabata əlavə edilir. Hər məsələyə dair hesabat müvafiq iştirakçı dövlətlərə göndərilir.
2. Bu maddənin müddəaları bu Konvensiyanın iştirakçısı olan beş dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları saxlamaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verirlər. Baş katib onların nüsxələrini qalan iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş katibin adına bildiriş göndərməklə geri götürülə bilər. Bu cür geri götürmə bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın predmeti olan hər hansı bir məsələyə baxılmasına xələl gətirməməlidir. Baş katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra müvafiq iştirakçı dövlət yeni bəyanat verməzsə, bu maddəyə müvafiq olaraq hər hansı iştirakçı dövlətdən heç bir məlumat qəbul edilmir.
 
Maddə 22
1. Bu Konvensiyanın iştirakçısı olan dövlət bu maddəyə müvafiq olaraq, istənilən vaxt Komitənin onun yurisdiksiyasında olan şəxslərin iştirakçı dövlətin Konvensiyanın müddəalarını pozmasının qurbanı olduqlarını iddia etmələrinə dair məlumatlarını, yaxud onların adından gələn bu qəbil məlumatları almaq və onlara baxmaq səlahiyyətini tanıdığını bəyan edə bilər. Komitə belə bəyanat verməmiş iştirakçı dövlətə aid heç bir məlumat qəbul etmir.
2. Bu maddəyə əsasən Komitə anonim və ya onun fikrincə, belə məlumatları təqdim etmək hüququndan sui-istifadə edilərək verilən, yaxud bu Konvensiyanın müddəalarına uyğun gəlməyən hər hansı məlumatı qəbuledilən saymır.
3. 2-ci bəndin müddəalarını nəzərə alaraq, Komitə bu maddəyə müvafiq olaraq ona təqdim edilmiş hər hansı məlumatı bu Konvensiyanın 1-ci bəndinə əsasən bəyanat vermiş və Konvensiyanın bu və ya digər müddəasını pozması güman edilən iştirakçı dövlətin diqqətinə çatdırır. Məlumatı almış iştirakçı dövlət altı ay ərzində Komitəyə məsələni və həmin dövlətin görə biləcəyi tədbirləri aydınlaşdıran yazılı izahat və ya bəyanat təqdim edir.
4. Komitə bu maddəyə əsasən aldığı məlumatı həmin şəxs, yaxud onun adından və ya müvafiq iştirakçı dövlət tərəfindən Komitəyə təqdim etdiyi bütün informasiya baxımından nəzərdən keçirir.
5. Komitə, bu maddəyə əsasən, aşağıdakıları yəqin etməyincə hər hansı şəxsin təqdim etdiyi heç bir məlumata baxmır:
a) bu məsələyə hər hansı digər beynəlxalq təhqiqat proseduru ilə baxıimamışdır və baxılmır;
b) məlum şəxsin bütün daxili hüquqi müdafiə vasitələri tükənmişdir; bu qayda həmin hüquq müdafiə vasitələrinin tətbiqi əsassız ləngidildikdə və ya bu Konvensiyanın pozulmasının qurbanı olan şəxsə təsirli kömək edə biləcəyi çətin güman edildikdə tətbiq olunmur.
6. Komitə bu maddə üzrə məlumatlara baxarkən, iclaslarını qapalı keçirir.
7. Komitə öz rəyini müvafiq iştirakçı dövlətə və məlum şəxsə bildirir.
8. Bu maddənin müddəaları bu Konvensiyanın iştirakçısı olan beş dövlət bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat verdikdə qüvvəyə minir. İştirakçı dövlətlər belə bəyanatları saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verirlər. Baş katib onların nüsxələrini qalan iştirakçı dövlətlərə göndərir. Bəyanat istənilən vaxt Baş katibin adına bildiriş göndərməklə geri götürülə bilər. Bu cür geri götürmə bu maddəyə müvafiq olaraq artıq verilmiş məlumatın predmeti olan hər hansı bir məsələyə baxılmasına xələl gətirməməlidir. Baş katib bəyanatın geri götürülməsi haqqında bildiriş aldıqdan sonra müvafiq iştirakçı dövlət yeni bəyanat verməzsə, bu maddəyə müvafiq olaraq hər hansı fərddən və ya onun adından heç bir məlumat qəbul edilmir.
 
Maddə 23
Komitənin və 21-ci maddənin 1-ci bəndinin e) yarımbəndinə əsasən təyin edilə bilən ad hocrazılaşdırıcı komissiyaların üzvləri Birləşmiş Millətlər təşkilatlarının imtiyazları və immunitetləri haqqında Konvensiyanın müvafiq bölmələrində nəzərdə tutulduğu kimi, Birləşmiş Millətlər Təşkilatının tapşırığı ilə fəaliyyət göstərən ekspertlərin malik olduqları güzəştlərə, imtiyazlara və immunitetlərə malikdirlər.
 
Maddə 24
Komitə bu Konvensiyaya müvafiq olaraq öz işi barədə iştirakçı dövlətlərə və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinə illik hesabat təqdim edir.
 
III hissə
 
Maddə 25
1. Bu Konvensiya bütün dövlətlərin imzalaması üçün açıqdır.
2. Bu Konvensiya təsdiq edilməlidir. Təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.
 
Maddə 26
Bu Konvensiya bütün dövlətlərin qoşulması üçün açıqdır. Qoşulma bu haqda sənədin saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilməsi yolu ilə həyata keçirilir.
 
Maddə 27
1. Bu Konvensiya iyirminci təsdiqnamə və ya qoşulma haqqında sənəd saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə veriləndən sonra otuzuncu gün qüvvəyə minir.
2. Bu Konvensiyanı iyirminci təsdiqnamə və ya qoşulma haqqında sənəd saxlanılmağa təhvil veriləndən sonra təsdiq edən, yaxud ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin dövlətin öz təsdiqnaməsini, yaxud qoşulma haqqında sənədini saxlanılmağa verməsindən sonrakı otuzuncu gün qüvvəyə minir.
 
Maddə 28
1. Hər hansı bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən Komitənin 20-ci maddədə müəyyən edilən səlahiyyətini tanımadığını bəyan edə bilər.
2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qeyd-şərt etmiş istənilən iştirakçı dövlət istənilən vaxt Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirməklə qeyd-şərtini geri götürə bilər.
 
Maddə 29
1. Bu Konvensiyanın hər hansı iştirakçı dövləti düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim edə bilər. Bunun ardınca Birləşmiş Millətlər Təşkilatının Baş katibi təklif olunmuş düzəlişi iştirakçı dövlətlərə göndərərək, onların bu təklifə baxmaq və onu səsə qoymaq məqsədilə iştirakçı dövlətlərin konfransının çağırılmasına razı olub-olmadıqlarını ona bildirməyi xahiş edir. Bu məktubun göndərildiyi tarixdən keçən dörd ay ərzində iştirakçı dövlətlərdən ən azı üçdə biri belə konfransın çağırılmasına razılıq verərsə, Baş katib Birləşmiş Millətlər Təşkilatının himayəsi altında konfrans çağırır. Baş katib bu konfransda və səsvermədə iştirak edən iştirakçı dövlətlərin əksəriyyəti tərəfindən qəbul edilən hər hansı düzəlişi təsdiq üçün bütün iştirakçı dövlətlərə göndərir.
2. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq qəbul edilmiş düzəliş bu Konvensiyanın iştirakçı dövlətlərinin üçdə ikisi həmin düzəlişi öz konstitusiya prosedurlarına müvafiq qaydada qəbul etdiklərini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildirdikdən sonra qüvvəyə minir.
3. Düzəlişlər qüvvəyə mindikdən sonra onları qəbul etmiş iştirakçı dövlətlər üçün məcburi olur; digər iştirakçı dövlətlər üçün isə yalnız bu Konvensiyanın müddəaları və onların əvvəllər qəbul etdikləri düzəlişlər məcburi olaraq qalır.
 
Maddə 30
1. Bu Konvensiyanın təfsirinə və ya tətbiqinə dair iki, yaxud daha çox iştirakçı dövlət arasında danışıqlar yolu ilə həll edilə bilməyən hər hansı mübahisə onlardan birinin xahişi ilə arbitraja verilir. Tərəflər arbitraj haqqında xahişin verilməsindən sonra altı ay ərzində arbitrajın təşkili məsələsi barəsində razılığa gələ bilməzsə, mübahisə tərəflərdən hər hansı biri tərəfindən Məhkəmə Statutuna müvafiq olaraq Beynəlxalq Ədalət Məhkəməsinə verilə bilər.
2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiq edərkən, yaxud ona qoşularkən bu maddənin 1-ci bəndinin müddəalarının onun üçün məcburi olmadığını bəyan edə bilər. Bu maddənin 1-ci bəndinin müddəaları digər iştirakçı dövlətlər üçün belə qeyd-şərt etmiş iştirakçı dövlətlərə münasibətdə məcburi olmayacaq.
3. Bu maddənin 2-ci bəndinə müvafiq olaraq qeyd-şərt etmiş hər bir iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə öz qeyd-şərtini geri götürə bilər.
 
Maddə 31
1. Hər hansı iştirakçı dövlət Birləşmiş Millətlər Təşkilatının Baş katibinə yazılı bildiriş göndərməklə bu Konvensiyanı denonsasiya edə bilər. Denonsasiya Baş katib bildiriş alandan bir il sonra qüvvəyə minir.
2. Belə denonsasiya iştirakçı dövləti denonsasiya qüvvəyə minənə qədər baş vermiş hərəkətinə və ya xətasına görə bu Konvensiya üzrə öhdəliklərindən azad etmir və denonsasiya qüvvəyə minənə qədər Komitədə artıq baxılmaqda olan hər hansı məsələnin baxılmasına xələl gətirə bilməz.
3. Denonsasiya hər hansı dövlət üçün qüvvəyə mindikdən sonra Komitə həmin dövlətə aid yeni məsələlərin baxılmasına başlamır.
 
Maddə 32
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlərə və bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə aşağıdakı məlumatları bildirir:
a) 25-ci və 26-cı maddələrə müvafiq olaraq imzalama, təsdiqetmə və qoşulmaları;
b) 27-ci maddəyə müvafiq olaraq bu Konvensiyanın qüvvəyə mindiyi tarix və 29-cu maddəyə müvafiq olaraq hər hansı düzəlişin qüvvəyə mindiyi tarix;
c) 31-ci maddəyə müvafiq olaraq denonsasiyalar.
 
Maddə 33
1. Çin, ərəb, fransız, ingilis, ispan və rus dillərindəki mətnləri eyni qüvvəyə malik olan bu Konvensiya saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir.
2. Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın təsdiq edilmiş surətlərini bütün dövlətlərə göndərir.













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).