7:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

"Heydər Əliyev və milli mətbuat" mövzusunda tədbir keçirilib.


Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Şərq qapısı" qəzetinin birgə təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş "Heydər Əliyev və milli mətbuat" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə "Şərq qapısı" qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova açaraq bildirib ki, Azərbaycan ictimaiyyəti iki mühüm tarixi hadisənin- Ümummilli Liderin doğma Naxçıvana qayıdışının və milli mətbuatın yaranmasının ildönümünü qeyd edir. 1990-cı il 22 iyulunda Moskvadan Naxçıvana qayıdan Ümummilli Liderimiz Heydər Əliyev 1875-ci il 22 iyulunda "Əkinçi" qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının inkişafında, söz və mətbuat azadlığının təmin olunmasında əvəzsiz xidmətlər göstərib. Ölkə mediasının nümayəndələri, jurnalistlər Ulu Öndərin əziz xatirəsini onların hamisi, böyük dostu kimi hər zaman sonsuz ehtiram və hörmət hissi ilə yad edirlər.
Azərbaycan milli mətbuatının tarixi inkişaf yolundan söhbət açan baş redaktor vurğulayıb ki, bəzi məsləksiz kütləvi informasiya vasitələrinin də "müstəsna xidmətləri" nəticəsində təhdid, iftira və böhtanlara məruz qalmaq yolu ilə, tutduğu vəzifədən uzaqlaşdırılan, doğma yurdu Naxçıvana yenicə qayıtmış dahi şəxsiyyət Heydər Əliyevin "Şərq qapısı" qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan "Daha susa bilməzdim" adlı müsahibəsi Ulu Öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi xüsusilə diqqəti cəlb edir. Ali Məclisin Sədri kimi siyasi fəaliyyətə başladığı dövrdən etibarən əsl jurnalistikaya yüksək qiymət verən, jurnalistlərlə daim sıx təmasda olan, kütləvi informasiya vasitələrinin mövcud problemləri ilə yaxından maraqlanan Ümummilli Liderimizin adı mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərməsi ilə, jurnalistlərin ən yaxın, sədaqətli dostu kimi tarixə həkk olunub.
Qeyd edilib ki, Ümummilli Lider respublikada hakimiyyətinin hər iki dövründə mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik meydan yaradıb, özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət verib. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə hüquq islahatlarının ayrılmaz hissəsi kimi kütləvi informasiya vasitələrinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində davamlı siyasət həyata keçirilməyə başlandı. Mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində də ardıcıl işlər görüldü. Mətbuatın müstəqilliyinə və fikir plüralizminə xidmət edən möhkəm qanunçuluq bazası yaradılması mətbuatın inkişafında da ciddi dönüşə səbəb oldu. Beləliklə, əsl Azərbaycanşünas olan Ümummilli Liderimiz Heydər Əliyev milli jurnalistikamızın inkişafına misilsiz töhfələr verdi. Azərbaycanda mətbuatın, o cümlədən söz azadlığı və plüralizmin yüksək səviyyədə olması ilə bağlı aparılan media siyasəti Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də ardıcıl və yaradıcı şəkildə davam etdirilib, bu sahə üzrə verilən sərəncam və fərmanlar, qəbul edilən qərarlar ölkəmizdə mətbuatın azad, demokratik şəkildə inkişafına şərait yaradıb.


Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Vahidə Bayramova çıxış edərək bildirib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Bu gün Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət va qayğı layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub, çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı da informasiyanın qanunvericiliyə uyğun, sərbəst şəkildə əldə edilməsi, yayılması, jurnalist, müəllif hüquqlarının qorunması işində daim media nümayəndələrinin yanındadır, onlarla birgə çalışmağa səy göstərir. Bu istiqamətdə Müvəkkil Aparatı üzərinə düşən bütün məsuliyyəti böyük şövqlə yerinə yetirir, jurnalistlərə öz dəstəyini əsirgəmir.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında qeyd edib ki, Azərbaycan mətbuatı yarandığı gündən bu günə, nə qədər şərəfli bir mübarizə yolu keçsə də, söz və mətbuat heç zaman azad və sərbəst olmayıb. Azərbaycan jurnalistikası buna yalnız Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində nail olub. Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da kütləvi informasiya vasitələrinin fəaliyyəti, jurnalist kadrların hazırlanması və onların əməyinin qiymətləndirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin bu sahədə həyata keçirdiyi əsas məqsəd və maramı mətbuat orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, oxucuların informasiyaya olan tələbatını ödəməkdən ibarətdir. Bu gün hər bir jurnalist ictimai nəzarətçi kimi öz fəaliyyəti ilə cəmiyyətimizin inkişafına töhfələr verir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının baş məsləhətçisi Türkan Gülməmmədli "Mediada müəlliflik hüquqlarının qorunmasına dair qanunvericiliyin tələbləri", Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının əməkdaşı Zilhiccə Abdullayeva "Əkinçi" qəzetinin nəşrindən başlayan Azərbaycan milli mətbuatı" mövzularında çıxış ediblər.
Çıxış edənlər Azərbaycan mediasının nümayəndələrini, jurnalistləri 22 İyul- Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.


Sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov, "Şərq qapısı" qəzetinin şöbə müdiri Səbuhi Həsənov və digərləri çıxış edərək dərc olunan yazılarda yol verilən orfoqrafiq, üslub, fakt yalnışlığından, plakiatlıqdan, bəzi mətbuat xidmətlərinin fəaliyyətindəki formallıqdan danışıb, mövcud problemlərin aradan qaldırılması yollarını diqqətə çatdırıblar.

"Şərq qapısı"
21.07.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).