14:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər2

Valideyndən övladının təhsil haqqının ödənilməsi ilə bağlı aliment tələbi : qanunvericiliyin müddəaları və təhlil.


Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Respublikası öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara - yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir.
Əsas Qanunun 17-ci maddəsində vurğulanır ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Qanunvericiliyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
Uşaq hüquqlarının müdafiəsi sahəsində ən vacib sənədlərdən biri olan BMT-nin 20 noyabr 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyasında uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, qayğı, sevgi və anlaşma şəraitində böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın tələbinə görə uşaqlar barəsində həyata keçirilən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir.
Qeyd etmək lazımdır ki, Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquq və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsipləri, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələri, dövlət orqanlarının bu sahədə vəzifələri, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir.
Ailə Məcəlləsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən qanunvericilikdə müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Bu vəsaitlərdən biri də alimentdir. Aliment latın sözü olub "alimentum" - "yemək", "qidalanma", "saxlanılma" mənasını verir. Aliment dedikdə, ailə münasibətləri daxilində bir ailə üzvünün digər ailə üzvünə qanunvericilikdə nəzərdə tutulmuş miqdarda ödədiyi vəsait nəzərdə tutulur.
Valideynlər qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qanunvericiliyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Qeyd etmək lazımdır ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəliklərinə xitam verilir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsində də qeyd olunduğu kimi, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Bu Məcəllənin 81-ci maddəsində vurğulanır ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
Qeyd olunmalıdır ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "əlilliyi olan şəxs" dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs başa düşülür.
Həmçinin "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunur ki, bu maddələrdə "əmək qabiliyyəti olmayan" müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir.
Qeyd etmək lazımdır ki, əgər valideyn bu vəzifələri icra etmədikdə, uşaqların saxlanılması üçün vəsait qanunvericiliyə uyğun olaraq, məhkəmə qaydasında valideynlərdən tutulur.
Vurğulamaq lazımdır ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa görə Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Təhsilin digər pillələri və səviyyələri icbari xarakter daşımır. Ailə Məcəlləsinin 58-ci maddəsində vurğulanır ki, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar və onlar uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Orta təhsil başa çatdıqdan sonra təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Başqa sözlə desək, orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, Məcəllənin 81.1-ci maddəsində qeyd olunan "və digər hallarda" müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, "göstərilən kənar xidmət" müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.
Həmçinin Qərarda vurğulanır ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.
Buradan da aydın olur ki, övladının ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil haqqının ödənilməsi ilə bağlı valideyndən aliment tələbi irəli sürülə bilməz, bu valideynin müstəsna hüququdur.
09.09.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).