22:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkarlanması faktı beynəlxalq hüquq normalarının pozulmasının sübutudur.

Tarix boyu Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı soyqırımı və təcavüzkar siyasəti nəticəsində on minlərlə dinc azərbaycanlı kütləvi şəkildə, xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüş, tarixi və dini abidələrimiz məhv edilmiş, talan və təhqir olunmuşdur.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesində aparılan qazıntı və tikinti işləri zamanı erməni vandalizminin qurbanı olmuş, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək müxtəlif işgəncələrə məruz qaldıqdan sonra amansızcasına qətlə yetirilən insanların basdırıldığı kütləvi məzarlıqlar aşkar edilmiş və aparılan araşdırmalar nəticəsində insan qalıqlarının azərbaycanlılara aid olduğuna dair çoxsaylı faktlar əldə edilmişdir.
Ermənistanın Azərbaycana qarşı kəskin nifrət zəminində həyata keçirdiyi soyqırımı siyasətinin təzahürü kimi avqustun 15-də işğaldan azad edilmiş Şuşa şəhərində növbəti dəfə kütləvi məzarlıq aşkarlanmışdır. Kütləvi məzarlığın Şuşa həbsxanasının ərazisində çirkab sularının yığılması üçün istifadə edilən quyuda aşkarlanması qanunsuz olaraq həbsxanada saxlanılmış azərbaycanlı mülki şəxslərin və hərbi əsirlərin dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalaraq öldürülməsi faktını sübüt edir.
Kütləvi məzarlıqda aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklərdən 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılmışdır. İnsan qalıqlarına keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olmuşdur. Ən dəhşətli faktlardan biri də tapılan 6 nəfərin qalıqlarının qarın nahiyəsində nal mismarlarının aşkar olunmasıdır ki, bu da həmin şəxslərin ağır işgəncələrə məruz qalaraq qətlə yetirildiyini göstərir.
Qeyd etmək lazımdır ki, bundan əvvəl də işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Kəlbəcərin Başlıbel kəndlərində və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilmişdir.
Ermənistanın beynəlxalq humanitar hüquq normalarını pozmaqla törətdiyi cinayətlər azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının təzahürüdür.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, ermənilər tərəfindən xalqımızın tarix boyu məruz qaldığı soyqırımı aktlarına və etnik təmizləmənin dəhşətli miqyasına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, sülh və insanlıq əleyhinə olan bu cinayətlərə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməmişdir.
İnsan hüquqlarının təmini kimi ali məqsədi rəhbər tutaraq dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın beynəlxalq miqyasda mənfi təcrübə yaranmasına səbəb olan, cəzasızlıqla müşayiət olunan nifrət motivli əməllərinə münasibətdə sərt mövqe nümayiş olunacağına, xalqımıza qarşı törədilmiş çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlərə, habelə ölkəmizin tarixi-mədəni irsinə qarşı törədilmiş vandalizm aktlarına beynəlxalq səviyyədə hüquqi qiymət veriləcəyinə, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirkar olan Ermənistanın tezliklə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı qəti addımların atılacağına inanırıq.

18.08.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).