14:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatları bölgəmizdə sülh və sabitliyə qarşı böyük zərbədir.
21 Sentyabr Beynəlxalq Sülh Günüdür.


Birləşmiş Millətlər Təşkilatının 21 sentyabr 1981-ci il tarixli Qərarına əsasən hər il bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etməkdir.
İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
Yaşadığımız mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran ən mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında àórı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Milli Məclisdə Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir.
Dahi şəxsiyyət Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan təlafatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini bu işğal faktının əsl səbəblərinə yönəltməyə nail olmuşdur. Ulu öndər həmin dövrdə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə, 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı Ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın haqq və ədalət hissini itirməyən 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuş, xalqımıza qarşı törədilmiş faciələr, soyqırım aktları tanınmışdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambulasında ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur. Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş sülhsevər siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü davam etdirilir. Ölkə başçısının məqsədyönlü inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır"- deyən dövlət başçısının apardığı gərgin xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımış, bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfranslar məhz ölkəmizdə keçirilmişdir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən təhlükəsiz diyarına çevrilmişdir. Sülh və əmin-amanlıq şəraitində muxtar respublikanın müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin olunmuş, ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması isə Azərbaycanın bu qədim diyarında zəngin mədəni-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.
Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hüquq siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir, müvafiq qanunvericilik aktları qəbul olunur və ya müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir. Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
Dövlət başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda "əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi" aidiyyəti qurumlar üçün bir vəzifə kimi müəyyən olunmuş və ötən dövr ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlər təşkil edilmişdir.
Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz daim beynəlxalq hüquq normalarına sadiqliyini nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır.
Bütün bunlara baxmayaraq, işğalçı Ermənistan cəzasızlıq şəraitində daha da irəli gedərək Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələmiş, dövlət sərhədi və təmas xətti boyu hərbi təxribatlara əl atmışdır. 27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onlara əlavə edilmiş protokolları, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq ölkəmizin sərhəd rayonlarına, şəhər və kəndlərə, yaşayış məntəqələrinə və sosial obyektlərə müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəş açmış, nəticədə mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır.
Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edərək tarixi qələbə qazanmış, ərazi bütövlüyümüz bərpa edilmişdir. İkinci Qarabağ müharibəsində tamamilə məğlub edilən Ermənistan 10 noyabr 2020-ci il tarixdə kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur olmuş, bununla da, regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaranmışdır. Bu əsaslar Azərbaycan xalqının, Silahlı Qüvvələrimizin və Ali Baş Komandan cənab İlham Əliyevin regionda yaratdığı yeni sülh və əməkdaşlıq erasını şərtləndirən amil olmuşdur. "...nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir... Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir".
Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur.
Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatla üzərinə müəyyən öhdəliklər götürməsinə baxmayaraq, həmin öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmış, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara məhəl qoymamışdır. Bunlara baxmayaraq, Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə sadiqliyini daim nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət həyata keçirir. Bütün bu səylər isə dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
Dövlət başçısı cənab İlham Əliyevin siyasi uzaqgörənliyi, prinsipial məqamlarda qətiyyətli mövqeyi, diplomatik bacarığı sayəsində ölkəmiz daha uca zirvələrə, daha böyük qələbələrə doğru irəliləyir. Belə ki, 10 noyabr Bəyanatının 6-cı bəndinə uyğun olaraq Azərbaycan Laçın şəhərindən yan keçən yolun tikintisini nəzərdə tutulan 3 il ərzində deyil, daha qısa bir vaxtda tamamladığı üçün 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri Azərbaycan Ordusu tərəfindən tam nəzarətə götürülmüşdür.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri ötən dövrdə olduğu kimi, yenə də beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarını, fundamental insan hüquq və azadlıqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini mütəmadi olaraq qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Şuşa, Zəngilan, Qazax, Naxçıvan, Daşkəsən, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın və digər istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.
Bundan əlavə, Ermənistan tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda basdırılmış minalar hərbi qulluqçularımızın və mülki şəxslərin həyatına son qoymaqda davam edir. Belə ki, sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlamışdır. Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamışdır. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həlak olmuşdur.
Ümumiyyətlə, Ermənistanın hərbi cinayətləri əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükədir və bu cinayətlər beynəlxalq təşkilatları, dünya dövlətlərini, milli insan hüquqları təsisatlarını düşündürməli, narahat etməli, işğalçı Ermənistana qarşı hüquqi sanksiyaların tətbiq edilməsi ilə bağlı konkret tədbirlər görülməlidir.
Buna görə də beynəlxalq təşkilatlar və nüfuzlu dünya dövlətləri ədalətli sülhün əldə olunması səylərinə zərbə vuran Ermənistan Respublikasından müharibə cinayətlərinə, mülki əhalinin hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərinə son qoymağı tələb etməli, bu ölkəyə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlər həyata keçirməlidir.

Günay Rzayeva
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
21.09.2023

https://serqqapisi.gov.az/storage/postPdf/21-09-2023_20-09-2023_22-59-54.pdf













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).