15:29 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər113

Qərbi azərbaycanlıların hüquqlarının pozulması və onlara qarşı etnik təmizləmə siyasəti.


Son iki yüz il ərzində tarixi Azərbaycan ərazisində gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar öz dədə-baba ocaqlarından zorla köçürülmə, onlara qarşı ardıcıl şəkildə həyata keçirilən etnik təmizləmə və deportasiya siyasətinin qurbanları olmuşlar. Xüsusilə də XX əsrin müxtəlif dövrlərində bədnam erməni millətçilərinin məkrli siyasəti və törətdiyi vəhşiliklər nəticəsində iki milyona yaxın soydaşımız öz tarixi vətənindən köçürülmüş, yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə beynəlxalq hüquq normalarına zidd, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və qeyri-insani rəftarla müşayiət olunan soyqırımına, etnik təmizləmə siyasətinə və ağır işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş, onların yaşadıqları bir çox şəhər və kəndlər xarabalığa çevrilmişdir.


Bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, düzgün siyasi və hüquqi qiymətin verilməsi yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Ulu Öndərimiz azərbaycanlıların kütləvi surətdə deportasiyasının hərtərəfli araşdırılması məqsədilə 1997-ci il 18 dekabr tarixdə "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman imzalamışdır. Bu Fərmanla Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlılara qarşı tətbiq edilən etnik təmizləmə siyasətinin mürtəce mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılmışdır.
Ulu Öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan vermişdir.
Eyni zamanda Ulu Öndərin "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" 2001-ci il 22 avqust tarixli Fərmanı Qərbi Azərbaycandan olan soydaşlarımızın mənzil-məişət və digər problemlərinin həlli baxımından mühüm addımlardan biri idi.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2018-ci il 12 yanvar tarixli "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamında erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçirdiyi əks olunmuş və azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir.


Ermənistan adlanan ərazidə azərbaycanlılara qarşı etnik təmizləmədə və digər cinayətlərdə iştirak etmiş şəxslər və onların əməlləri bu ölkədə dövlət səviyyəsində şöhrətləndirilmişdir. Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslər cəzasızlıq mühitindən ruhlanaraq, Azərbaycana münasibətdə tətbiq edilən ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri törətmişlər.
Bu gün qürur hissi ilə qeyd etmək lazımdır ki, məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdıraraq ölkəmizin ərazi bütövlüyünü, öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarını bərpa etmişdir. Mühüm beynəlxalq normalarla təsbit edilən insan hüquq və azadlıqlarına, onların həyata keçirilməsi üzrə öhdəliklərə məhəl qoymayan Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, hədə-qorxu, nifrət hissi ilə törədilən amansız etnik təmizləmə, qətliamlar, işgəncələr, tarixi və mədəni abidələrin dağıdılması nəinki ümumi beynəlxalq hüquq normalarına əməl edilməməsi, eyni zamanda beynəlxalq konvensiyalarda təsbit olunmuş fundamental insan hüquqlarının və azadlıqlarının kobud və ciddi şəkildə pozulmasıdır.
Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın deportasiyasını beynəlxalq-hüquqi baxımdan qiymətləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə nəzər yetirmək lazımdır. Belə ki, Statutun 7.2-ci maddəsinə əsasən "əhalinin deportasiyası və ya məcburi köçürülməsi" dedikdə, köçürmə və ya digər məcburi tədbirlərin yönəldiyi şəxslərin qanuni yaşadıqları ərazidən beynəlxalq hüquqla yol verilən əsaslar olmadan zorla köçürülməsi başa düşülür. Ermənilərin azərbaycanlılara qarşı deportasiya və köçürmə siyasətini beynəlxalq hüquq normalarının üç növ pozuntusunun - insan hüquqlarının, beynəlxalq humanitar hüquq normalarının pozuntusu, habelə insanlıq əleyhinə cinayətlərin baş verməsinin "kəsişmə nöqtəsi" hesab etmək olar.
Etnik təmizləmənin qadağan edilməsi, habelə onun soyqırımı cinayəti ilə qarşılıqlı əlaqəsi beynəlxalq hüquqi səviyyədə qəbul olunan müxtəlif sənədlərdə öz əksini tapmışdır. Belə ki, BMT Baş Assambleyasının "Etnik təmizləmə və irqi nifrət haqqında" 16 dekabr 1992-ci il tarixli Qətnaməsi beynəlxalq hüquqi sənəd kimi ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin beynəlxalq hüquqi səviyyədə tanınması və bu cinayəti törədən şəxslərin mühakimə olunması üçün vasitə rolunu oynaya bilər.
Bilavasitə ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, Azərbaycan torpaqlarının zorla ələ keçirilməsi tendensiyası ilə uyğunluq təşkil edir. Bu siyasət nəticəsində törətdiyi cinayətlər Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, "Mülki və siyasi hüquqlar haqqında", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında", "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında", "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" konvensiyalarda və digər beynəlxalq sənədlərdə təsdiq edilmiş fundamental hüquqların pozuntusudur.
Cəzasızlıq şəraitində törədilmiş bu pozuntuları aradan qaldırmaq, zərərçəkmiş soydaşlarımızın hüquqlarını bərpa etmək, ən əsası da, Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri kimi bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaq üçün həmin əməllərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi zəruridir.
İnsan hüquqları sahəsində ilk fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 5-ci və 7-ci maddələrinə əsasən bütün insanlar qanun qarşısında bərabərdirlər və hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər.
Ermənistanın da iştirakçısı olduğu "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 26-cı maddəsində qeyd olunur ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər.
Paktın mühüm tələblərindən biri ondan ibarətdir ki, heç bir dövlət, qrup və ya şəxs beynəlxalq səviyyədə insan hüquqlarının qeyri-qanuni məhdudlaşdırılmasına və ya məhv edilməsinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul ola bilməz.
Qeyd olunduğu kimi, işğalçı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər nəticəsində beynəlxalq sənədlərdə qeyd olunan fundamental insan hüquq və azadlıqları kobud və ciddi şəkildə pozulmuş, lakin bu günədək heç bir beynəlxalq hüquqi məsuliyyət tədbirləri tətbiq olunmamışdır. Çünki mənfur düşmənlərimiz uzun illər ərzində əsl həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasına mane olmuş, münaqişənin beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq həllini əngəlləmişdir. Məhz bu xüsusat Ermənistan dövlətinin törətdiyi pozuntulara görə məsuliyyətdən kənarda qalmasına şərait yaratmışdır.
"İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası və ona əlavə edilmiş protokolların iştirakçısı olan Ermənistan soydaşlarımıza qarşı törətdiyi beynəlxalq cinayətlərlə bu hüquqi sənədlərdə əks olunmuş və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri qəsdən və kobud şəkildə pozmuşdur.
Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımı cinayətlərinin beynəlxalq hüquqi təhlilinə gəldikdə isə, ilk növbədə, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il Konvensiyasının müddəalarında beynəlxalq hüquqla qadağan olunan soyqırımı təsbit olunmuşdur. Konvensiyanın 1-ci və 4-cü maddələrinə əsasən Razılığa gələn Tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər və bu əməllərdən hər hansı birini törətmiş şəxs konstitusiya ilə məsul rəhbər, rəsmi və ya fərdi şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdır.
Ermənilər tərəfindən xalqımıza qarşı misli görülməmiş vəhşiliklə törədilmiş soyqırımı cinayətləri "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın və beynəlxalq humanitar hüquq normalarının ciddi şəkildə pozuntusu olsa da, bu günədək bu əməlləri törədənlər barəsində beynəlxalq səviyyədə heç bir cəza tədbiri həyata keçirilməmişdir.
Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan dövləti və xalqına qarşı törədilmiş beynəlxalq cinayətlər beynəlxalq hüququn jus cogens normaları sayılan, BMT Nizamnaməsində və digər beynəlxalq hüquqi sənədlərdə təsbit olunan ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, insan hüquqları və əsas azadlıqlarına hörmət, güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək, beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi, beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi və digər əsas prinsiplərin ciddi, kobud və sistematik pozuntusu hesab edildiyindən həmin əməllərə görə Ermənistan beynəlxalq mexanizmlər qarşısında cavab verməlidir.
Beynəlxalq hüququn subyekti kimi Azərbaycan da beynəlxalq hüququn əsas prinsiplərinə əməl edilməsi öhdəliyini dərk etməklə yanaşı, həm də dünya dövlətlərindən bu rəhbər başlanğıclara hörmətlə yanaşmaq vəzifəsini tələb etmək hüququna malikdir. Bunu zəruri edən amillərdən ən başlıcası Azərbaycana münasibətdə mövcud prinsiplərin Ermənistan tərəfindən pozuntusuna açıq-aydın şəkildə yol verilməsidir.
Əlbəttə ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərərək daim sülhsevər və müharibədən imtina siyasətini saxlayır, dünyada və regionda sülh naminə bütün mümkün kompromis variantları təklif edir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir.
Beləliklə, qərbi azərbaycanlıların yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından zorla köçürülməsi çoxsaylı fundamental insan hüquqları prinsiplərinin, beynəlxalq hüququn jus cogens normalarının, beynəlxalq konvensiyaların ciddi və sistematik pozulmasıdır.
Ermənistan dövləti tərəfindən xalqımıza qarşı törədilmiş və cəzasız qalmış etnik təmizləmə, terrorçuluq, təcavüz, soyqırımı, müharibə və insanlıq əleyhinə cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsi, beynəlxalq hüquqi sənədlərdə təsbit olunan insan hüquq və azadlıqları pozulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına köməklik göstərilməsi, etnik təmizləmə, zorakılıq və Azərbaycan irsinin məhv edilməsinə görə məsuliyyət daşıyanların və zorla köçürülmüş azərbaycanlıların qayıdışına maneçilik törədənlərin beynəlxalq məhkəmələrin qarşısına çıxarılaraq cəzalandırılması, Ermənistan dövlətinin maddi və mənəvi təzminata məcbur edilməsi məqsədilə Azərbaycan dövləti və deportasiya edilmiş azərbaycanlılar beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn bütün imkanlardan yararlanmalıdır.
Vahidə BAYRAMOVA
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsmanın) əməkdaşı

13.10.2023













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).