7:50 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Seçki hüququ konstitusion hüquqdur.


Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir. Sirr deyil ki, müasir dünyada vətəndaşın çox mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir.
Bu gün beynəlxalq seçki norma və standartları Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası və onun 1 saylı Protokolu, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt kimi beynəlxalq sənədlərdə geniş təsbit olunmuşdur.
İctimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sferalarında beynəlxalq miqyaslı uğurlar əldə edən Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra seçki sistemi təkmilləşdirilmiş, mükəmməl hüquqi baza yaradılmış, seçkilər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq daha da genişlənmiş, seçkilərin hazırlanıb keçirilməsi sahəsində xeyli müsbət təcrübə əldə olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin olunması və qorunması mexanizmləri təkmilləşdirilmiş, bu sahədə inkişaf etmiş Avropa dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq xeyli dərinləşmişdir.
Azərbaycan Respublikasının ali qanunu olan Konstitusiyamıza əsasən sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Konstitusiyamızın 56-cı maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Ümumiyyətlə, seçki hüququ dedikdə seçmək və seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində, seçkiqabağı (referendumqabağı) təşviqatda, seçki (referendum) komissiyalarının işində, seçkilərin (referendumun) keçirilməsinin müşahidəsində, səsvermədə, digər seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ nəzərdə tutulur.
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, seçki və ya referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ vardır.
Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları, seçicilərin təşəbbüs qrupları, onların vəkil edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri, seçicilərin təşəbbüs qrupları, müşahidəçilər, seçki komissiyaları və onların üzvləri, habelə qanunla müəyyən edilmiş qaydada seçkilərdə iştirak edən qeyri-hökumət təşkilatları Mərkəzi Seçki Komissiyasının qərarından, hərəkət və hərəkətsizliyindən şikayətçinin yaşayış yerinin və ya olduğu yerin yerləşdiyi ərazi üzrə apellyasiya məhkəməsinə şikayət verə bilərlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin vəzifəsidir. İnsan və vətəndaş hüquqları və azadlıqların həyata keçirilməsini Konstitusiyada və qanunlarda nəzərdə tutulmuş hallardan başqa heç kəs poza və məhdudlaşdıra bilməz. Bu kimi hərəkətlərə yol verilməsinə, o cümlədən vətəndaşların seçkilərdə, referendumda iştirak etmək hüquqlarının pozulması və məhdudlaşdırılması, Azərbaycan Respublikası Konstitusiyasının və qanunların pozulması, Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.
Vurğulamaq lazımdır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək növbədənkənar prezident seçkilərində evlərindən didərgin salınan sakinlərimiz artıq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında - Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.
Bir sözlə, növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.
18.01.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).