9:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Xocalı soyqırımı - hüquqi aspektlər.


Bütün müharibələr insanlıq tarixinin faciəsi, soyqırımlar isə yaddaşlarda dərin və sağalmaz izlər buraxan yarasıdır. Onların dəhşətləri zaman keçdikcə üzə çıxır, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi... Xocalı faciəsindən 32 il ötür...
 Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkdi. Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşatdı bizlərə. Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyuldu.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq "Qrad" və "Alazan" tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutdular. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu soyqırımı törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını yer üzündən silmək idi.
Həmçinin Xocalı soyqırımı Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şərait yaradan ən böyük amillərdən idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: "Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır".
 "Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"-deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın əsl mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Ümummilli liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncamla hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Etnik təmizləmə və nifrət zəminində törədilən Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər müharibə cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud və kütləvi surətdə pozulmuşdur.
Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə konvensiyalarının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında", "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə", "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Uşaq hüquqları haqqında" konvensiyalarının müddəaları ciddi şəkildə pozulmuşdur. Həmçinin BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını məhz soyqırımdır. Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" beynəlxalq kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, Amerika Birləşmiş Ştatlarının 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən, bunu soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir. Hazırda da Ermənistanın davamlı olaraq həyata keçirdiyi terror siyasəti, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımıza minaların basdırılması və bunun nəticəsində mülki şəxslərin həlak olması və ya ağır yaralanması ilə bağlı məlumatların dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atmağa davam edir.
Azərbaycanın haqlı mövqeyini bütün dünyaya nümayiş etdirən dövlət başçısı cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində misilsiz fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırım və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" deyən cənab Prezidentin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir. Ötən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.
Soyqırımın beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Cəzasızlıq şəraitində törədilmiş bu pozuntuları aradan qaldırmaq, zərərçəkmiş soydaşlarımızın hüquqlarını bərpa etmək, ən əsası da, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasına nail olmaq üçün həmin əməllərin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi zəruridir.

26.02.2024













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).