Seçki hüququ ilə bağlı növbəti dəyirmi masa Culfa rayonunda keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında vətəndaşların seçki hüququnun konstitusion əsasları ilə bağlı tədbirlər keçirilir. Avqustun 23-də keçirilən parlament seçkilərinə həsr olunmuş növbəti tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, seçki məntəqələrinin məsul şəxsləri və gənc seçicilər iştirak edib. Əvvəlcə Müvəkkil aparatının şöbə müdiri Asiman Abbasov, Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Həsənov giriş nitqi ilə çıxış edərək vətəndaşların seçki hüququnun konstitusion əsasları, seçkilərin insan hüquq və azadlıqlarının təmini və milli qanunvericiliyin inkişafı prinsiplərinə uyğun həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat veriblər.
Sonra Ombudsman aparatı tərəfindən hazırlanmış "Azərbaycan parlamenti müstəqillik illərində" adlı videoçarx nümayiş olunub, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda təqdimat verilib, ilk dəfə seçki hüququndan istifadə edən gənclərə "Mənim seçki hüququm" adlı bukletlər paylanılıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
23.08.2024
|