Hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər davam etdirilir.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə Naxçıvan Qarnizon Hauptvaxtında hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Ombudsman aparatının əməkdaşı Həsən Həsənov, Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Vüqar Babaverdiyev və Naxçıvan Qarnizon Hauptvaxtının şəxsi heyəti iştirak edib. Əlahiddə Ümumqoşun Ordunun əməkdaşı Vüqar Babaverdiyev giriş sözü ilə çıxış edərək hərbi intizamın və hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sonra Ombudsmanın əməkdaşı Həsən Həsənovun "İnsan hüquqları kontekstində işgəncəyə məruz qalmamaq hüququ" mövzusunda çıxışı dinlənilib, qanunvericiliyin tələbləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
04.09.2024
|