23:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir 01.04.2014

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Naxçıvan Sərhəd Diviziyasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, təmin olunması və bu məqsədlə hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi 2014-cü ildə də davam etdirilmişdir.
Belə ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Sərhəd Diviziyası tərəfindən 2014-cü il ərzində Naxçıvan Sərhəd Diviziyası qarnizonunda və sərhəd zastavalarında keçiriləcək hüquqi maarifləndirməyə dair müvafiq tədbirlər planı təsdiq edilmiş və həmin plana əsasən Naxçıvan Sərhəd Diviziyası qarnizonunda və sərhəd zastavalarında Ombudsman ilə birgə ardıcıl olaraq müxtəlif hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu məqsədlə mart ayı ərzində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Naxçıvan Sərhəd Diviziyası ilə birlikdə Naxçıvan Sərhəd Diviziyasının qarnizonunda hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlı Abil Orucəliyev, Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Həmzə İmanov və Naxçıvan Sərhəd Diviziyasının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev "Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində rolu və əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. A. Orucəliyev qeyd etmişdir ki, demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi sürətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və sosial sistemlərin, idealogiyalarının və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən ən əsas meyardır.
Öz müstəqilliyini elan etdikdən sonra demokratik hüquqi dövlət quruculuğu və buna uyğun hüquq sistemini özünün inkişaf yolu seçmiş Azərbaycan Respublikası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi islahatlar həyata keçirməklə bərabər bu hüquq və azadlıqların daha effektiv müdafiəsini təmin etmək məqsədilə yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. 
20 fevral 2006-cı ildə üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında Naxçıvan Muxtar Respublikasının "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmiş, 21 fevral 2006-cı il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qeyd olunan qanunun tətbiq edilməsi haqqında fərman imzalamışdır. Qanunda Müvəkkilə verilən səlahiyyətlərin dairəsi və məzmunu nəzərə alınaraq Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri müəyyən edilmişdir. 
Məruzəçi qeyd etmişdir ki, Müvəkkil öz fəaliyyətini daxil olan müraciətlərin araşdırılması və təhlili, Preventiv mexanizm funksiyasının icrası, elmi-analitik fəaliyyətin həyata keçirilməsi, əhalinin müxtəlif təbəqələri arasında əsas insan hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə maarifləndirməyə dair tədbirlərin həyata keçirilməsi, o cümlədən maarifləndirici vəsaitlərin hazırlanması, ictimaiyyətlə, informasiya vasitələri ilə, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə, o cümlədən dövlət orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirir.
Son illər ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə də bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsini zəruri etmişdir. 
Bununla əlaqədar olaraq müxtəlif vaxtlarda "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Qeyd etmək lazımdır ki, 29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa edilmiş ən son dəyişikliklərə əsasən ölkəmizin qoşulduğu "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında yerinə yetirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. 
Bununla yanaşı Qanuna edilmiş digər dəyişikliklərlə informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirmək funksiyası da Müvəkkilə həvalə edilmişdir. Qanuna edilmiş əlavə və dəyişikliklərlə Müvəkkil Aparatının maddi-texniki bazası gücləndirilmiş, Müvəkkilin səlahiyyətləri artırılaraq fəaliyyət dairəsi daha da genişləndirilmişdir. 
Yekun sözlə çıxış edən Naxçıvan Sərhəd Diviziyasının əməkdaşı Həmzə İmanov Müvəkkil aparatı ilə birgə keçirilmiş belə tədbirləri yüksək qiymətləndirərək, bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğuladı.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
 
01/04/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).