21:31 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Tədbir 19.06.2014

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi və təminatlar sistemi mövzusunda konfrans keçirilmişdir.
 
"Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi və təminatlar sistemi" mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova müstəqil Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunmasının daim diqqət mərkəzində olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, 2007-ci il iyunun 18-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən hər il iyun ayının 18-i ölkəmizdə "İnsan Hüquqları Günü" kimi qeyd olunur.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi və siyasi islahatlar nəticəsində ölkəmizdə sosial siyasətin möhkəm hüquqi əsasları yaradılmışdır.
Sosial siyasətin hüquqi tənzimlənməsinin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində respublikamızda ardıcıl və səmərəli tədbirlər həyata keçirilmiş, insanların sosial hüquqlarının qorunmasına və sosial vəziyyətinin yaxşılaşdırılmasına diqqət daha da artırılmışdır. Bu çərçivədə sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğı göstərilir.
"Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının kompleks şəkildə təmin edilməsi, onların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində görülən işlər muxtar respublikada da uğurla davam etdirilir", - deyən Ülkər Bayramova qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" bu kateqoriyadan olan uşaqların təhsil hüquqlarının müdafiəsində səmərəli mexanizmin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı" - uşaq hüquqlarının müdafiəsinin səmərəli mexanizmi kimi" mövzusunda geniş məruzə ilə çıxış edərək demişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanuna əsasən, dövlət onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir. Sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir.
Hazırda Naxçıvan Muxtar Respublikasında təhsilin məzmunca yenilənməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə həyata keçirilən tədbirlər onların cəmiyyətə inteqrasiyası və təhsili üçün əlverişli mühit yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı"ndan ətraflı söhbət açan Cəlil Rüstəmov qeyd etmişdir ki, proqramda əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunması, inklüziv və məsafədən, yəni distant təhsilə keçidə zəmin hazırlanması, onların sosial reabilitasiyasının gücləndirilməsi, cəmiyyətə inteqrasiyalarına nail olunması kimi bir sıra digər mühüm məsələlərin reallaşdırılmasıdır. Digər mühüm bir məqam ondan ibarətdir ki, dövlət proqramının tədbirlər planı 15-ə yaxın dövlət orqanının qarşısında konkret vəzifələr müəyyən etmişdir. 
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Vüqar Quliyevin "Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının məhkəmə müdafiəsi və alternativ müdafiə sistemləri", Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın "Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi və onların cəmiyyətə inteqrasiyası", Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun "Uşaq hüquqlarının pozulmasına görə məsuliyyət" mövzularında məruzələri dinlənilmiş, həmin məruzələr ətrafında çıxışlar olmuşdur.
Konfransa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
 
19/06/2014















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).