2:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Tədbir

"İnformasiya əldə etmək azadlığı"na həsr edilmiş tədbir keçirilib.
 
 
29 noyabr 2012-ci il tarixdə Naxçıvan şəhər İcra Hakimiyyətinin akt zalında "İnformasiya əldə etmək azadlığı" na həsr edilmiş tədbir keçirilib. 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının mətbuat xidmətləri üzrə nümayəndələri, o cümlədən muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələri və Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə müəllim və tələbələri iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə ilə çıxış edib.
Müvəkkil çıxışında qeyd etmişdir ki, XXI əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası demokratik, hüquqi dövlət quruculuğu və buna uyğun hüquq sisteminin yaradılmasını özünün inkişaf yolu kimi bəyan etmiş və ötən dövr ərzində bu istiqamətdə mühüm işlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatına və müdafiəsinə etibarlı şərait yaratmış, insan hüquqlarının dövlətin prioritet məqsədlərinə daxil olduğu bir daha təsdiqlənmişdir. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin hüquqi bazası olan 12 noyabr 1995-ci il tarixdə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları geniş təsbit olunmuş, ilk dəfə olaraq insan hüquqlarının təbii xarakter daşıdığı açıqlanmışdır. 
Müvəkkil qeyd etmişdir ki, Konstitusiyada bir çox insan hüquq və azadlıqları ilə yanaşı məlumat almaq azadlığı da təsbit edilmişdir. Belə ki Konstitusiyanın 50-ci maddəsinin I bəndində hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı, II bəndində isə kütləvi informasiyanın azadlığına təminat verilməsi, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının qadağan olunması ilə bağlı müddəalar təsbit edilmişdir. Məlumat azadlığının tərkib hissəsi kimi informasiya əldə etmək hüququ da fundamental insan hüquqlarına aiddir və bir çox beynəlxalq sənədlərdə, o cümlədən "Ümumdünya İnsan hüquqlarına dair Bəyannamə" və Avropa Konvensiyasında öz əksini tapmışdır. Son illər ölkə prezidentinin bu sahədə imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş milli strategiyalar və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı atılan addımlar informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsinə xidmət etməkdədir. 
29 dekabr 2011-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanununa müvafiq dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən muxtar respublikada informasiya sahibi olan dövlət orqanları, yerliözünüidarəetmə orqanları və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Müvəkkilə həvalə edilmiş və həmçinin qanuna informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlərə baxılmasının xüsusiyyətlərini özündə əks etdirən yeni müddəalar daxil edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sahil Tahirli məruzəsində bildirmişdir ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək diqqət göstərmiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmış, qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası formalaşdırılmışdır. 
Ali Məclisin şöbə müdiri bildirmişdir ki, müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət bu gün ölkə örezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun problemlərinin həllinə şərait yaratmışdır. Dövlət başçısı kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalamış, qanunvericilik aktlarını təsdiq etmişdir. 
Sahil Tahirli demişdir ki, mətbuatın hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, informasiya azadlığının təmin edilməsi prinsiplərinə muxtar respublikamızda da ardıcıl şəkildə əməl olunur. Son 17 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edir. Bu gün muxtar respublikada jurnalistlərimizin öz peşə fəaliyyətlərini yerinə yetirmələri üçün hərtərəfli şərait yaradılıb. İndi jurnalistlərimiz üçün kifayət qədər mövzu bolluğu, yaradıcılıq imkanları vardır. Ona görə də kütləvi informasiya orqanları, aidiyyəti qurumların mətbuat xidmətləri baş verən hadisələri operativ və dolğun şəkildə işıqlandırmalıdır. Jurnalistlərimiz cəmiyyəti obyektiv informasiya ilə təmin etməklə yanaşı, həm də sözdən peşəkarlıqla istifadə etməli, peşə etikasına hörmətlə yanaşmalıdırlar. Bunun üçünsə peşəkarlığın artırılması, yeni texnologiya ilə ayaqlaşma vacib şərtdir. Mətbuat və televiziya, ilk növbədə, informasiya azadlığından səmərəli istifadə etməli, milli maraqlara söykənməli, dövrün güzgüsü olmalı, maarifçiliyə və obyektiv informasiyaya üstünlük verməlidir. Kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri, milli mənəviyyatımıza uyğun hüquqi və etik normalar gözlənilməlidir.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynovun "İnformasiya və mətbuat", Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun "İnformasiya təhlükəsizliyi, informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və hüquqi əsaslar" mövzularında məruzələri dinlənilmişdir. 
Məruzələr ətrafında "Şərq Qapısı" qəzetinin Baş redaktoru Tural Səfərovun, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Fərid Hacıyevin və Naxçıvan Dövlət Universitetinin müəllimi Məmməd Babayevin çıxışları olmuşdur. 
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.
Sonda tədbir iştirakçılarına "İnformasiya əldə etmək haqqında" adlı yaddaş kitabçası paylnılmışdır.
 
03/12/2012













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).