10:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Məqalə 12.12.2014

Naxçıvan Muxtar Respublikası - 90.
 
Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının 90 illik tarixi dövründə onun Azərbaycanın ayrılmaz hissəsinə çevrilməsində, ərazi bütövlüyünün qorunmasında, eləcə də təhlükəsizliyinin təmin edilməsində Naxçıvanın muxtariyyət statusunun xüsusi rolu olmuşdur. Bu zaman aşırımında muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirərək demişdir: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq".
Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir. Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti vardır. Bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır. Belə ki, RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanmış 16 maddə və 3 əlavədən ibarət Moskva müqaviləsinin 3-cü maddəsinə əsasən razılığa gələn hər iki tərəf həmin müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəyi şərti ilə razı olmuşlar.
Moskva müqaviləsi 1921-ci il martın 20-də RSFSR MİK tərəfindən, 1921-ci il iyulun 21-də Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunmuş, onların mübadiləsi isə sentyabrın 22-də Türkiyənin Qars şəhərində həyata keçirilmişdir. 1921-ci il oktyabrın 13-də Türkiyənin Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında müqavilə imzalanmış, Naxçıvanın ərazisi və sərhədləri daha da dəqiqləşdirilmişdir. Burada göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Moskva və Qars kimi beynəlxalq müqavilələr reallaşdırdı. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat verdilər.
1921-ci il tarixli Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtariyyət statusu verilsə də Naxçıvanın Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü ilin fevral ayına kimi uzadılmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olunmuşdur. Bununla da qədim diyarın statusu qəti şəkildə müəyyənləşdirilmişdir.
Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik lider lazım idi. Belə bir lider Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqil, demokratik, hüquqi dövlət quruculuğu prosesi başlandı. Ümummilli liderin Naxçıvana gəlişi və burada fəal siyasətə başlaması xalqın gələcəyə olan ümidini özünə qaytarmış, Naxçıvanı Azərbaycanın ərazi bütövlüyü və istiqlaliyyəti uğrunda apardığı mübarizənin mərkəzinə çevirmişdir. Belə ki, 1990-cı ilin noyabr ayında Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən 12-ci çağırış Naxçıvan MSSR Ali Məclisinin ilk sessiyasında tarixi qərarlar qəbul olunaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı Naxçıvan Muxtar Respublikası, Naxçıvan MSSR Ali Sovetinin adı isə dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cumhuriyyətinin milli istiqlal rəmzi olan üçrəngli bayraq bərpa olunaraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması öz əksini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu Naxçıvan Muxtar Respublikasında yeni Konstitusiyanın qəbulunu zəruri etmişdir. Belə ki, həmin Konstitusiyada "Naxçıvan Muxtar Respublikası" başlıqlı VIII fəsil nəzərdə tutulmuş, həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmişdir. Nəticədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 23 dekabr 1995-ci il tarixli 16-1 saylı qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sədrliyi ilə bu komissiyanın, onun işçi qrupunun tərkibinə təcrübəli mütəxəssislər, alimlər və ekspertlər daxil edilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa rəhbərliyi altında və onun gərgin əməyi sayəsində hazırlanmış sözügedən Konstitusiya layihəsi ingilis və fransız dillərinə tərcümə olunaraq rəy verilməsi üçün beynəlxalq təşkilatlara - Avropa Şurasına, Qanun Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına, Fransanın Dövlət Administrasiyasının Beynəlxalq İnstitutuna və bir sıra digər təşkilatlara təqdim olunmuş, beynəlxalq ekspertlərin ümumiləşdirilmiş rəyinə görə, layihə demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə demokratik dövlətin siyasi və hüquqi təşkili prinsiplərinə uyğun hesab edilmişdir. 
Layihənin son variantı Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın sədri ulu öndər Heydər Əliyevin 12 aprel 1998-ci il tarixli məktubu ilə müzakirə edilmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə göndərilmişdir. Bu layihə 15 aprel 1998-ci il tarixdə "Şərq qapısı" qəzetində dərc edilərək ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur. Komissiyanın 23 aprel 1998-ci il tarixli iclasında layihə daxil olan təkliflərlə birlikdə müzakirə edilmiş və qəbul edilmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının müzakirəsinə təqdim olunması qərara alınmışdır. 28 aprel 1998-ci il tarixdə təqdim olunan layihə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsinə uyğun olaraq, iki dəfə - 30 iyun və 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Konstitusiya qanunu ilə təsdiq edilərək dövlət başçısı tərəfindən imzalanmışdır. 
Muxtar respublikanın yeni Konstitusiyası demokratik tələblərə cavab verməklə Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarını özündə birbaşa əks etdirmişdir. Bu Konstitusiya sayca dördüncü Konstitusiya olmaqla yanaşı, Naxçıvanın müstəqil Azərbaycanın tərkibində, sovet ideologiyasından kənar qəbul edilmiş ilk milli Konstitusiyasıdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən, Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.
21 oktyabr 2005-ci il tarixli Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həll etdiyi məsələlərin dairəsi genişləndirilmiş, 30 dekabr 2005-ci il və 2 oktyabr 2006-cı il tarixli Konstitusiya qanunları ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasına edilmiş əlavələr və dəyişikliklər əsasında İnsan Hüquqları üzrə Müvəkkilin seçilməsi qaydası müəyyənləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında 30 sentyabr 2010-cu il tarixli Konstitusiya Qanunu ilə Ali vəzifəli şəxsin səlahiyyətləri artırılmış, qanunvericilik təşəbbüsü hüququ subyektləri sırasına Naxçıvan Muxtar Respublikasının Prokurorluğu əlavə edilmiş, məhkəmə hakimiyyətinin fəaliyyəti təkmilləşdirilmiş, 15 noyabr 2011-ci il tarixli muxtar respublikanın Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin, eləcə də ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin təyin edilməsi proseduru dəqiqləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Konstitusiyası ilə üzvi surətdə bağlı olan bu Konstitusiyası qəbul edilərkən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq, Naxçıvan Muxtar Respublikasında Konstitusiya çərçivəsində demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat vermək, qanunun aliliyini qorumaq kimi niyyətlər bəyan edilmişdir. 1926, 1937, 1978 və 1998-ci illərdə qəbul edilmiş konstitusiyaların hər biri Naxçıvanın muxtariyyət statusundan irəli gələn normaları özündə ehtiva etməklə muxtar ərazi statusunun möhkəmləndirilməsində, sabit dövlət quruculuğunun formalaşmasında, idarəçiliyin təkmilləşdirilməsində başlıca amil kimi çıxış etmişdir.
Qeyd edək ki, 2012-ci il oktyabr ayının sonunda Fransanın Strasburq şəhərində Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında Naxçıvan Muxtar Respublikasının statusunu, sərhədlərini müəyyən edən 1921-ci ildə imzalanmış Moskva və Qars beynəlxalq müqavilələri Avropa Şurasının sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının 90 illik tarixi ərzində Naxçıvanın muxtariyyət yubileyləri 1949, 1964, 1974, 1984, 1999, 2004, 2009-cu illərdə xalqımız tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. Bu yubileylər içərisində əlamətdar olanları Azərbaycanın müstəqillik qazandıqdan sonrakı dövrlərdə keçirilən yubileylər olmuşdur. Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində Naxçıvan Muxtar Respublikasının yubileyinin keçirilməsi ilə bağlı ilk dəfə 1999-cu il fevral ayının 12-də xalqımızın ümummilli lideri Heydər Əliyev fərman verib. Bu fərman gələcək yubileylərin qeyd edilməsi haqqında veriləcək bütün tarixi-siyasi sənədlər və qərarlar üçün istinad nöqtəsi olmaqla, muxtariyyətin yubileylər tarixinin ən ali sənədidir. Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd edilməsi haqqında olan bu fərman gələcək yubileylərin keçirilməsinə zəmin hazırlamış, muxtariyyət yubileylərinin keçirilməsi ənənəsini formalaşdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin qeyd edilməsi haqqında 2004-cü il 9 fevral tarixli, 85 illik yubileyinin qeyd edilməsi haqqında 2009-cu il 6 fevral tarixli Sərəncamlar muxtar respublikaya göstərilən yüksək dövlət qayğısının ən bariz nümunələridir. Sözü gedən sərəncamların imzalanması Naxçıvanın tarixinin öyrənilməsi, ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanması, möhkəmləndirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi üçün çox böyük tarixi, siyasi əhəmiyyət daşımışdır.
2014-cü ildə yaradılması Ümummilli lider Heydər Əliyev tərəfindən tarixi nailiyyət kimi qiymətləndirən Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixdə "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik olan muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır..."
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2013-cü ilin dekabrın 28-də keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü ili muxtar respublikada "Muxtariyyət ili" elan etmişdir. Ali Məclisin Sədri demişdir: "Əminik ki, muxtar respublikamızın yubiley ilində də iqtisadiyyatın dinamik inkişafı davam etdiriləcək, qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq, Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində fəaliyyət daha da güclənəcəkdir".
"Muxtariyyət ili"ndə Naxçıvanda hüquqi dövlət quruculuğu daha da möhkəmlənəcək, sosial-iqtisadi sahələrdə inkişaf dinamikası sürətlənəcək, əhalinin rifah halı daha da yaxşılaşacaq və ən əsası 2014-cü il "muxtariyyət ili" kimi tariximizə daha bir yüksəliş və tərəqqi dövrü kimi yazılacaqdır.
 
12/12/2014













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).