15:48 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hərbi qulluqçuların hüquqi maarifləndirilməsi işi davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq avqustun 9-da Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
Həyata keçirilmiş tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Ramazan Abdullayev və hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, o cümlədən muxtariyyətin tarixi və hüquqi əsasları" mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyət və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının 90 illik tarixi dövründə onun Azərbaycanın ayrılmaz hissəsinə çevrilməsində, ərazi bütövlüyünün qorunmasında, eləcə də təhlükəsizliyinin təmin edilməsində Naxçıvanın muxtariyyət statusunun xüsusi rolu olub.
A.Orucəliyev bildirib ki, Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulub, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə isə həmin status daha da möhkəmləndirilib.
Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti olduğunu vurğulayan A.Orucəliyev tədbir iştirakçılarının diqqətə çatdırıb ki, bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynayıb. Belə ki, RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanmış 16 maddə və 3 əlavədən ibarət Moskva müqaviləsinin 3-cü maddəsinə əsasən razılığa gələn hər iki tərəf həmin müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəyi şərti ilə razı olmuşlar.
Həmçinin, Ombudsmanın nümayəndəsi əlavə edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması öz əksini tapıb.
Daha sonra məruzəçi mövzu ətrafında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Mətbuat xidməti
10.08.2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).