14:59 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Şəhər Polis İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
 
Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsində "İnformasiya əldə etmək hüququ ilə bağlı milli qanunvericiliyin tələbləri" mövzusunda tədbir keçirilib.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Naxçıvan Şəhər Polis idarəsinin zabit və sıravi rəis heyəti iştirak edib.
Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev tədbirdə mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 
Abil Orucəliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq məqsədilə 30 sentyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilib.
A.Orucəliyev vurğulayıb ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
Ombudsmanın nümayəndəsi əlavə edib ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun 1.3-cü maddəsinə əsasən isə Naxçıvan Muxtar Respublikasında informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir. 
Tədbirdə qeyd olunub ki, informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 13-1-ci maddəsində göstərilir.
Daha sonra məruzəçi mövzu ilə bağlı "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanunu və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
14/09/2017 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).