2:54 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Sülh insan hüquqlarının səmərəli təminatına xidmət edir.
 
Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş, minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilmiş, təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz dağıdılmış, terrora məruz qalmışdır. Atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Bu, dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Ancaq işğalçı ölkə indiyədək beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir.
ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdu. Ümummilli lider demişdir: "Biz zor işlədilməsinə əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə aparan tunelin axırında işıq görürük və bu yol ilə birlikdə, dünyanın bütün ölkələri və xalqları ilə əl-ələ verib getməyə hazırıq".
Azərbaycan xalqı hər zaman sülhsevər olmuşdur. Bunu onunla izah etmək olar ki, tarixən vətənimizdə azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də mehribancasına yaşamış və hazırda da yaşayırlar. Ölkəmizin yüksək tolerantlığa sahib olması indi bir çox ölkələr üçün əsl nümunədir. Azərbaycanda yaşayan insanlar arasında milli və ya dini ayrı-seçkiliyə yol verilmir. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda müxtəlif xalqlar vahid və mehriban bir ailə kimi yaşayaraq bir-birinin dininə, inancına hörmətlə yanaşmış və zəngin mədəni müxtəliflik qorunub saxlanmışdır. 
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazın həm iqtisadi, həm də hərbi baxımdan ən güclü ölkəsinə çevrilmişdir. "Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır", - deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
Azərbaycanda həyata keçirilən siyasətin, multikultural dəyərlərə verilən böyük önəmin nəticəsidir ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə məhz Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. Buna uyğun olaraq 24 iyul 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalanmış və 2016-cı ilin 25-27 aprel tarixlərində forum keçirilmişdir. 
21 sentyabr - Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 25 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Aparılan düzgün siyasətin nəticəsidir ki, artıq Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası planetin ən təhlükəsiz guşələrindən biridir. 
2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilməsi sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.
Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan etmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.
 
Mətbuat xidməti
21/09/2017 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).