"Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə əməlinə görə məsuliyyət"mövzusunda tədbir keçirilib. Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak edib. Abil Orucəliyev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası vətənin müdafiəsini onun hər bir vətəndaşının borcu, qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçməni isə vətəndaşların əsas vəzifələrindən biri kimi müəyyən edir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və Hərbi Nizamnamələrində müəyyən edilmiş hərbi intizama ciddi riayət etməyə borcludurlar. A.Orucəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit olunmuş hərbi xidmət əleyhinə olan cinayətlər barədə danışaraq qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsində hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsinə, o cümlədən, üzrlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub və bu cinayətin ictimai təhlükəliliyi təhlil edilən hüquqazidd əməllərin törədilməsi ilə hərbi xidmət keçmənin qanunla müəyyən edilmiş qaydalarına qəsd edilməsindən ibarətdir. Belə ki, hərbi xidmət keçmədən yayınmanın uzun müddət davam etməsi Silahlı Qüvvələrdə nizam-intizamın aşağı düşməsinə, ordunun döyüş qabiliyyətinin zəifləməsinə səbəb olur. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı əlavə edib ki, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə ayrı-ayrı hallarda komandirlərin (rəislərin) qanunazidd əmrləri, nizamnamədən kənar rəftar edilməsi, mütəmadi surətdə hörmətsizlik, fiziki və psixi məcburiyyət və bu kimi digər hərəkətlərlə əlaqədar ola bilər. Belə hallarda müəyyən edilmiş konkret vəziyyətdən asılı olaraq əməlin son zərurət vəziyyətində törədilmiş hərəkət olub-olmamasına hüquqi qiymət verilməlidir. Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb. Mətbuat xidməti 24/10/2017
|