Hüquqi maarifləndirmə günün tələbidir. Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Fuad Heydərov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak edib. Tədbirlərdə Abil Orucəliyevin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri" və "Hərbi əmlakı zədələmə, xarab etmə və ya məhv etmə" mövzularında geniş məruzəsi dinlənilib. A. Orucəliyev vətəndaşların müraciətlərinə baxılması qaydalarını müəyyən edən əsas normativ aktın "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunu olduğunu, bu qanunun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimlədiyini və vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Orucəliyev qeyd edib ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununda vətəndaşların müraciətlərinin təklif, ərizə və şikayət formaları göstərilib. Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Ombudsmanın nümayəndəsi əlavə edib ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı hərbi qulluqçuların hərbi əmlakı zədələməsi, xarab etməsi və ya məhv etməsi ilə bağlı məsuliyyəti barədə danışaraq vurğulayıb ki, hərbi əmlakı ehtiyatsızlıqdan və qəsdən zədələmə, xarab etmə və məhv etməyə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348 və 349-cu maddələrində təsbit edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 348-ci maddəsində göstərilir ki, çağırış və ya müqavilə üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etməsi hərbi xidmət əleyhinə olan cinayət hesab olunur. Daha sonra məruzəçi mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb. Mətbuat xidməti 30/10/2017
|