Preventiv Qrupun üzvləri tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununa uyğun olaraq Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. Buna uyğun olaraq, 2017-ci ilin oktyabr ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Polis İdarəsində, Naxçıvan şəhər Polis İdarəsinin 1 šli polis bölməsində, Ordubad və Culfa rayon polis şöbələrində, Culfa rayon polis şöbəsinin Əlincə polis bölməsində, o cümlədən Naxçıvan Dəmiryol Nəqliyyatında polis şöbəsində, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində və Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad İnternat məktəbində qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma və ya müalicə alma şəraiti və rəftar, həmçinin saxlanılan və ya müalicə alan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir. Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir. Mətbuat xidməti 01/11/2017
|