8:12 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Qarışıq rejimli cəzaçəkmə müəssisəsində tədbir keçirilib.
 
Noyabrın 7-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları Abil Orucəliyev və Qasım Bayramov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrin əməkdaşları və Qarışıq rejimli cəzaçəkmə müəssisəsində və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar iştirak edib.
Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ümumi-1 və ciddi rejimlərində "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı qanunvericiliyin tələbləri", 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində isə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və onun nəzarət mexanizmi" mövzularında geniş məruzə ilə çıxış edib.
Abil Orucəliyev ünvanlı sosial yardımın təyin olunması və verilməsi qaydaları barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, ünvanlı sosial yardımın təyin olunması və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" ilə müəyyən edilir.
A.Orucəliyev bildirib ki, sosial yardımın təyin edilməsi və sosial yardım təyinatından imtina edilməsi barədə qərardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Daha sonra Ombudsmanın nümayəndəsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Avropa Şurasının ən mühüm sənədlərindən biri olan İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası 4 noyabr 1950-ci ildə İtaliya Respublikasının paytaxtı Roma şəhərində imzalanmış və 3 sentyabr 1953-cü ildə Konvensiyanın 59-cu maddəsinə uyğun olaraq 10 dövlət tərəfindən ratifikasiya olunduqdan və qeydiyyat etibarnamələri Avropa Şurasının Baş katibinə təqdim edildikdən sonra hüquqi qüvvəyə minib. Bu Konvensiya 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini konkret hüquqi öhdəliklərə çevirən ilk regional səviyyəli beynəlxalq müqavilədir. 
Sonra məruzəçi mövzu ilə bağlı "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası, həmçinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verib.
Sonda mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
08/11/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).