12:33 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

20 noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş tədbir keçirilb.
 
Noyabrın 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
20 noyabr Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş tədbirdə Ombudsman Aparatının əməkdaşı Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları Sərxan Əkbərov və Səbuhi İbrahimov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Turqay Mirzəyev hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvətinin uşaqlar olduğunu vurğulayıb. O qeyd edib ki, 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini yekdilliklə qəbul edib ki, bu sənəddə uşaqların qorunmasının hüquqi və sosial prinsipləri öz əksini tapıb. Sənədin qəbulunda əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin, onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək olub. Bəyannamənin girişində deyilir ki, uşaqlar fiziki və əqli cəhətdən yetkin olmadıqlarına görə, həm doğulduqdan əvvəl, həm də sonra onların xüsusi müdafiəyə və qayğıya ehtiyacları vardır.
Turqay Mirzəyev diqqətə çatdırıb ki, Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən prinsiplər öz inkişafını Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasında tapıb. 1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası qəbul edilibdir ki, Konvensiyanın qəbul edildiyi tarix - 20 noyabr dünyada Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
T.Mirzəyev Azərbaycan Respublikasının 1992-ci il 21 iyul tarixdə "Uşaq hüquqları" Konvensiyasına qeyd-şərtsiz qoşulduğunu, bununla yanaşı bir çox beynəlxalq müqavilələri də ratifikasiya etdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin davam etdirdiyi dövlət uşaq siyasəti artıq bu gün milli strategiya kimi formalaşdırılıb.
Müvəkkil aparatının əməkdaşı əlavə edib ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar, iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük nailiyyətlər xalqımızın gələcəyi olan uşaqların problemlərinin həlli üçün daha geniş imkanlar yaradır.
Sonra məruzəçi mövzu ilə əlaqədar mövcud beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırıb.
Tədbirin sonunda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşı tərəfindən cavablandırılıb.
 
Mətbuat xidməti
16/11/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).