22:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əbədiyyət zirvəsi.
 
 
Vətənini, xalqını zamanın sərt sınaqlarından çıxaran dahilər tarixin əbədiyyət zirvəsinə ucalırlar. Azərbaycanın şanlı səhifələrlə dolu müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı və qurucu lideri Heydər Əliyev belə dahilərdəndir.
Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi regionda söz sahibi olması görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz xidmətlər göstərmiş dahi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. O, sağlığında xalqının ümummilli lideri adını qazanan yeganə şəxsiyyətdir. Dahi öndərin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün Vətənə xidmət nümunəsi, qürur və fəxarət rəmzidir. 
Ulu öndərin "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır", - kəlamı onun bütün həyat amalının, işıqlı ideyalarının ifadəsinə çevrilmişdir.
Bu bir həqiqətdir ki, Azərbaycanın inkişaf epoxası və müstəqillik tarixinin əsası 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsi ilə başlanmışdır. Azərbaycan xalqının tükənməz gücünə, zəngin potensialına dərindən inanan görkəmli dövlət xadimi böyük qətiyyətlə onu səfərbər edə bilmiş, bugünkü müstəqilliyimizin iqtisadi, siyasi, mənəvi əsaslarını hələ o illərdə yaratmış, iqtisadiyyatı çökməkdə olan aqrar ölkəni qısa bir zamanda inkişaf etmiş sənaye respublikasına çevirmiş, respublikanın hər yerində yeni zavod və fabriklər, elektrik stansiyaları, su kəmərləri, meliorasiya qurğuları, yeni müəssisələr tikilmişdi. Dahi rəhbər milli şüurda oyanışa, özünəqayıdışa, özünəinama nail olmuş, xalqın milli mənliyini özünə qaytarmış, milli kadr potensialı formalaşdırılmışdır.
Ümummilli liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: "Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi".
Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına "Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir" müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir. 1982-ci ildə ümummilli liderimiz SSRİ-də rəhbər vəzifəyə irəli çəkildikdən sonra isə Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası da genişləndirilmişdir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövrü Azərbaycanda ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuş, müasir Azərbaycan dövlətinin təməl prinsipləri məhz bu dövrdə yaradılmışdır. 
Sovetlər Birliyi dövründə ulu öndərimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı".
1982-1987-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyev həm də Azərbaycanı məkrli niyyətlərdən qorumuşdur. Təsadüfi deyil ki, Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolunu ulu öndər Heydər Əliyevi siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Elə Azərbaycanın dəhşətli, faciəli günləri də bundan sonra başlandı. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edildi, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də ulu öndər xalqının səsinə səs verdi, siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qayıtdı, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını cəsarətlə ittiham etdi, xalqımızın başına gətirilən bu müsibəti bütün dünyaya çatdırdı. 
Ümummilli liderimiz 1990-cı il iyulun 20-də Bakıya gəldi. İki gün sonra - iyulun 22-də isə doğma Naxçıvana qayıtdı, bu qədim diyardan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ümummilli lider 1990-1993-cü illərdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası və böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər gördü. Dahi şəxsiyyətin Naxçıvandan başladığı müstəqillik yolu Azərbaycanın qurtuluş mübarizəsinə çevrildi. Üçrəngli bayrağımız ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından "Sovet Sosialist" sözləri çıxarıldı, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlandı, bir sözlə, müstəqil dövlətçilik yolunda mühüm və əhəmiyyətli addımlar atıldı. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində xalq-lider birliyinin nələrə qadir olduğunu bir daha təsdiq etdi. 
Həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana "rəhbərlik edənlər" ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana - ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi".
1993-cü ildən sonra dünyanın aparıcı dövlətləri və şirkətləri qısa zamanda siyasi sabitliyə və dinamik inkişafa nail olmuş Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdi, bağlanan beynəlxalq müqavilələr ölkəyə xarici investisiyanı cəlb etməklə iqtisadi tərəqqidə, əhalinin rifah halının yüksəlməsində mühüm rol oynadı. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, "Əsrin müqaviləsi"nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin açılmasına imkan verdi. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: "Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq. Bu yol xalq yoludur". Azərbaycanın bu inkişaf yolunun əsasında ulu öndər Heydər Əliyevin Vətənə, xalqa sonsuz məhəbbəti, milli köklərə bağlılıq, tükənməz ümumxalq sevgisi dayanır. 
Ümummilli liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq, nur saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli liderimizin siyasi kursu Azərbaycan Prezidenti tərəfindən daha da zənginləşdirilərək mükəmməl dövlətçilik fəlsəfəsinə çevrilmişdir. Bu gün böyük dövlət xadimi Heydər Əliyevin parlaq ideyalarının bəhrələri onun şah əsəri olan müstəqil, qüdrətli Azərbaycanın hər yerində, eləcə də doğma Naxçıvanımızda aydın görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf və tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan bütün nailiyyətlərdə ümummilli liderimizin fəal yaradıcı gücə malik olan ideyaları yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: "Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi və siyasət patriarxı adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır". 
Ulu öndərin əbədiyyətə qovuşmasından ötən zaman bu dahi şəxsiyyətin milli dövlətçilik tariximizdəki yerini və rolunu daha dolğun dəyərləndirmək imkanı verir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsi, demokratik hüquqi dövlətin qurulması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-mənəvi yüksəlişə nail olunması ilə səciyyələnən mühüm tarixi mərhələdir. Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsidir. 
Daim xalqının gələcək taleyi haqqında düşünən ulu öndərimiz Vətəni və xalqı ilə yaşadı, xalqını və doğma Vətənini yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan ulu öndər Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq".
 
12/12/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).