11:08 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
 
Ulu öndər Heydər ƏLİYEV: Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır.
31 dekabr - bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Azərbaycançılıq məfkurəsinin, həmrəyliyin, dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi ulu öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi.
1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq demişdir: "Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".
Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.
Ulu öndər Heydər Əliyev xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi zərurətini nəzərə alan ümummilli lider 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi addım xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət daşıyır. 2001-ci ilin noyabrında keçirilən Dünya azərbaycanlılarının I qurultayı azərbaycançılıq ideyalarının reallığa çevrilməsi, milli həmrəyliyin təmin olunması prosesinin əsasını qoymuş, Azərbaycan diasporunun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirmiş, diaspor quruculuğu işinin dövlət siyasətinin tərkib hissəsi olmasının rəsmi təsdiqi kimi tarixilik qazanmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur.
Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə etdiyi kimi: "Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır".
31/12/2017













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).