19:09 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman Ülkər Bayramova 2017-ci ildəki fəaliyyəti haqqında məruzəni təqdim edib.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasına məruzəsini təqdim edib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərar qəbul edib.
Qərarda deyilir:
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi nəzərə alınsın.
2. İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələlər gündəlik nəzarətdə saxlansın".
Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov imzalayıb. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) məruzəsi
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirləri 2017-ci ildə də davam etdirmişdir.
2017-ci ildə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 85 müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 25-ni şikayətlər, 60-nı isə ərizələr təşkil etmişdir.
Qanunun tələblərinə müvafiq olaraq şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətin ötməsi, şikayətlə bağlı məhkəmə icraatının aparılması, təkrar təqdim edilmiş şikayətdə yeni məlumat, fakt və sübutların olmaması səbəbindən 4 şikayətə baxılmasından imtina edilmişdir. 21 müraciət baxılmaq üçün icraata qəbul edilmiş, onlardan 5-i təmin edilmişdir. 16 şikayətə baxılması zamanı isə hüquq pozuntusu aşkar edilməmişdir.
Daxil olan müraciətlərin araşdırılması ilə əlaqədar muxtar respublikanın dövlət və yerli özünüidarəetmə orqanlarına müvafiq sorğular ünvanlanmış, ərizəçilərə hüquqları izah edilmişdir.
Müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılmış və daxil olan müraciətlər cavablandırılmışdır.
2017-ci ildə də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə və müxtəlif sosial qruplara ünvanlanan tədbirlərin həyata keçirilməsi, maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi məqsədilə müvafiq tədbirlər keçirilmişdir.
Hər il olduğu kimi insan hüquqları sahəsində əlamətdar günlər 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, 21 sentyabr - Beynəlxalq Sülh Günü, 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü qeyd edilmiş, tədbirlər keçirilmişdir.
Ümumilikdə, 2017-ci il ərzində Müvəkkil təsisatı tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 71 tədbir keçirilmiş, hüquqi maarifləndirici vəsaitlər təqdim edilmişdir.
2017-ci ildə hərbi qulluqçuların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə daim diqqət mərkəzində olmuş, fəaliyyətimizin əlaqələndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordusu və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə hazırlanmış tədbirlər planına əsasən muxtar respublika ərazisindəki birləşmə və hərbi hissələrdə tədbirlər keçirilmişdir. 
Ötən ildə məhkumların hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmənin həyata keçirilməsi davam etdirilmiş, Ədliyyə Nazirliyi ilə hazırlanmış birgə tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində insan hüquqlarının müxtəlif istiqamətləri üzrə maarifləndirici tədbirlər keçirilmiş, hüquqi vəsaitlər təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 1 məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 5 məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmişdir.
Ümumilikdə, 2017-ci il ərzində cəzaçəkmə müəssisələrində cəza çəkən 6 məhkum barəsində humanist tədbirlər tətbiq edilmişdir. Məhkumların islah olunması və gələcəkdə cəmiyyətə adaptasiyasında mühüm rol oynayan əmək hüququnun daha səmərəli təmin edilməsi istiqamətində tədbirlər davam etdirilmiş, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yeni yaradıcılıq və istehsal sahəsində məhkumların peşə vərdişlərinə yiyələnməsi, müxtəlif peşələr üzrə kurslara cəlb edilməsi təşkil olunmuş, onların bu sahədə fəaliyyətlərinə şərait yaradılmışdır.
2017-ci ildə Müvəkkil preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 107 başçəkmə həyata keçirmiş, preventiv mexanizmin fəaliyyəti ilə bağlı maarifləndirmə tədbirlərində 1870 nəfər iştirak etmişdir.
Preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu müəssisələrdə saxlanılan şəxslərin sosial, tibbi, habelə qanunla müəyyən edilmiş digər hüquqlarının təmin edilməsi, həmçinin onların asudə vaxtının təşkil edilməsi üçün müasir standartlara uyğun müvafiq şərait yaradılmışdır.
Ötən il ərzində Müvəkkil aparatında beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilmişdir.
Müvəkkilin rəsmi internet səhifəsində elektron kitabxana bazasının daha da zənginləşdirilməsi, informasiyaların mütəmadi olaraq yenilənməsi, muxtar respublikada insan hüquqları ilə bağlı həyata keçirilən tədbirlərin, o cümlədən Müvəkkil və təsisatın fəaliyyətinin işıqlandırılması, elektron müraciət səhifəsinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmışdır.
Muxtar respublikanın iqtisadi inkişafı, sosial-iqtisadi layihələrin ardıcıl həyata keçirilməsi əhalinin rifah halının getdikcə yaxşılaşmasına, nəticə etibarilə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsinə də geniş imkanlar yaratmışdır. 
Müvəkkil təsisatı digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və əvəz etmədən muxtar respublikamızda yaradılan şəraitdən istifadə edərək bundan sonra da üzərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində səylərini artıracaqdır. 
 
 
 
04/01/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).