11:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müstəqilliyimizə aparan şərəfli mübarizə yolu - 20 Yanvar.
 
Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar faciəsindən 28 il ötür. Bu tarix Azərbaycan xalqının ərazi bütövlüyü, dövlət müstəqilliyi, azadlıq və demokratiya, Ermənistanın təcavüzkar hərəkətlərinə və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlıq etməsinə qarşı şərəfli mübarizə günü kimi tarixə düşüb. 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təlim keçmiş, əsasən, ermənilərdən ibarət olan qoşun hissələri 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər törətmiş, insanları öldürmüş, yaşayış evləri atəşə tutulmuş, təcili yardım maşınları, avtomobillər tanklar tərəfindən əzilmiş, yaralılara yardım göstərən tibb işçiləri güllələnmişdi. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 4 nəfər itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir. 
Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Azərbaycanı informasiya blokadasında saxlamaq, dünya ictimaiyyətinin bu kütləvi qırğın hadisəsindən xəbərdar olmasının qarşısını almaq məqsədilə dövlət televiziyasının enerji bloku partladılmış, dövri mətbuatın nəşrinə qadağa qoyulmuşdu.
Ozamankı SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi xalqımıza iftira və böhtan ataraq bu hadisəni onunla izah edirdi ki, guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Həqiqətdə isə dinc əhaliyə qarşı kütləvi qırğın Azərbaycan xalqının milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan ideoloji və siyasi təcavüz, terror idi.
Bu qanlı hadisənin törədilməsində əsas məqsəd Azərbaycan kimi geostrateji əhəmiyyətli bir dövlətin azad olmasının qarşısını almaq, öz haqlı tələblərini irəli sürən, dinc yolla azadlıq, suverenlik istəyinə çatmaq, demokratik və müstəqil dövlət qurmaq istəyən xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını həmişəlik boğmaq idi. Lakin sovet imperiyası buna nail ola bilmədi, kütləvi qırğınlar törətsə də, Azərbaycanı müstəqillik yolundan döndərə bilmədi.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdikləri qanlı cinayətlər, eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olunmuşdur. Erməni yaraqlıları bütün sərhədboyu Naxçıvana hücum edərək Sədərəyi və Şəruru tutaraq Naxçıvanı ələ keçirmək istəyirdilər. Hadisələrin eyni vaxta təsadüf etməsi, erməni işğalçılarının doğma yurdumuza Sovet qoşunlarının köməyi ilə ardıcıl hücumlar etməsi bunun qabaqcadan, məqsədyönlü şəkildə planlaşdırıldığını, ermənilərin mərkəzi hakimiyyət tərəfindən dəstəkləndiyini bir daha təsdiq edir. Lakin naxçıvanlılar öz doğma torpaqlarının müdafiəsinə qalxaraq ermənilərin planını puç etdi. Yanvarın 19-da Naxçıvanda 9 şəhid oldu, 30 nəfər yaralandı. Lakin heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvan əhalisi düşmənlə mübarizə apararaq muxtar respublikanı işğal olunmaq təhlükəsindən qoruyub saxlaya bildi. Bu dövrdə Naxçıvanda baş verən hadisələri ulu öndər Heydər Əliyev belə dəyərləndirmişdir: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə öz müsbət təsirini göstərdi".
20 Yanvar hadisələri bir həqiqəti də təsdiq etdi. Ümumxalq hərəkatının faciə ilə nəticələnməsinin əsas səbəblərindən biri xalqı arxasınca aparmaq qüdrətində olan liderin yoxluğu idi. Sonrakı tarixi proseslər təsdiq etdi ki, belə qüdrətli lider yalnız dahi şəxsiyyət Heydər Əliyev ola bilərdi. 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən, xalqın ən ağır günlərində onunla bir olan da məhz ümummilli liderimiz oldu. Ulu öndər Moskvada özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi:"Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".
Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi teleqramda isə deyilirdi: "Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının o məşəqqətli və ağır günlərində Moskvadan doğma Vətəninə qayıtdı. Görkəmli dövlət xadimi Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da ovaxtkı hakimiyyət tərəfindən təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da ona olan inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
Xalqımıza qarşı törədilən 20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi sənəddə deyilirdi: "Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır". Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı" qəbul olunmuşdur.
20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndərin adı ilə bağlıdır. Həmin dövrdə ümummilli lider Bakıda ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Məhz ulu öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.
Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana Sovet qoşun hissələrinin yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik yolunda mübarizə tarixi kimi xarakterizə edərək demişdir: "20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar".
Görkəmli dövlət xadiminin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin qanlı gecədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2006-cı il 19 yanvar, "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Ölkəmizin paytaxtı Bakı şəhərində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət Azərbaycan xalqını daha da birləşdirdi, xalqın mübarizlik əzmini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizlik əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Azərbaycanın şanlı qəhrəmanlıq səhifəsini yazan 20 Yanvar şəhidlərinin parlaq xatirəsi Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qəlbimizdə daim yaşayacaqdır.
 
22.01.2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).