22:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib.
 
 
Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd olunub, şəhər və rayonlardakı şəhidlər xiyabanlarını minlərlə insan ziyarət edib.
Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib, "Ana abidəsi"nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Sonra Dövlət Himni səslənib.
Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoyub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizə tairixmizin ən şanlı səhifəsi, qürur və şərəf tariximizdir. Vətən naminə, müstəqillik naminə şəhid olanlar insan mənəviyyatının ən yüksək zirvəsinə ucalırlar. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı dəhşətli qırğın törədilib. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb. Xalqın müstəqillik arzusunu boğmaq məqsədilə törədilən bu cinayətə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev öz etirazını bildirib, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bəyanatla çıxış edib, faicəni törədənləri kəskin ittiham edərək deyib: "Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm".
20 Yanvar faciəsinin törədilməsində məqsəd bir tərəfdən xalqımızın gözünü qorxudaraq müstəqillik əzmini qırmaq idisə, digər tərəfdən də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasına hücumları bunu bir daha təsdiq edir. 1990-cı il yanvarın 18-də Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da "Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında" tarixi qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdı. Yanvarın 20-də Bakıda qanlı hadisələrin törədilməsindən bir neçə saat əvvəl isə ermənilər Sədərəyə və muxtar respublikanın digər sərhəd kəndlərinə silahlı hücum etdilər.
1990-1993-cü illərdə Ulu Öndrin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası müdafiə olundu, bu qədim diyarın işğalının qarşısı alındı. Həmin dövrdə Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasında milli dövlətçiliyimizin və müstəqilliyimizin əsaslarını işləyib hazırladı. Uğrunda şəhidlər verdiyimiz üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırıldı, milli birliyimizin və həmrəyliyimizin əsası qoyuldu. Həmçinin ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verildi. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" Qərar, 1992-ci il yanvarın 13-də isə "1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı" qəbul olundu. Həmin dövrdə ölkəmizə "rəhbərlik" edənlər isə xalqımıza qarşı törədilmiş qanlı cinayəti hər vəchlə gizlətməyə, təqsirkarların adlarının elan olunmasının, onların cəzalandırılmasının qarşısını almağa çalışırdılar.
Lakin ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi, bu barədə qərar qəbul olundu.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verənlərin xatirəsi bu gün də yüksək tutulur. "Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar" - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Müstəqil dövlətçilik ənənələrimizi bərpa etmək uğrunda aparılan mübarizənin mühüm mərhələsini təşkil edən 20 Yanvar faciəsi azadlığımızın rəmzi abidəsinə çevrilib. Azərbaycan gənciliyi xoşbəxtdir ki, güclü ordusu və qətiyyətli LİDERi olan ölkədə yaşayır. Bu isə xalqımızın bir daha faciələrlə, soyqrımlarla sınağa çəkilməyəcəyinə tam təminat verir. İllər keçsə də, şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər böyük ehtiramla xatırlayacaqdır. Çünki ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Hər bir şəhid millətin mənəvi ucalığıdır. Şəhidlik milləti yüksəldən, milləti millət edən amillərdən biridir".
  Həmin gün saat 12:00-də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
 
      
 
22.01.2018 















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).